2024-cü ilin yanvar-sentyabr aylarında Gürcüstan Rusiyadan təbii qaz idxalını dəyər ifadəsində 6,5 faiz artıraraq 90,09 milyon dollara çatdırıb.
Musavat.com Gürcüstan Statistika Xidmətinin açıqlamasına istinadən xəbər verir ki, hesabat dövründə ölkəyə təbii qaz idxalının ümumi həcmi 18,2 faiz azalaraq 250,33 milyon dollar təşkil edib.
Statistik məlumatlar göstərir ki, yanvar-sentyabr aylarında Gürcüstana tədarük olunan qazın ümumi həcmində Rusiya qazının xüsusi çəkisi 2023-cü ilin yanvar-sentyabr aylarındaki 27,7 faizə qarşı 36 faizə yüksəlib. 9 ayın sonunda Rusiyadan tədarüklərin payı Gürcüstana təbii qaz idxalı ilə bağlı dərc edilmiş statistik məlumatların bütün dövrü ərzində - 2009-cu ildən bəri maksimuma çatıb.
Gürcüstanın əsas qaz tədarükçüsü olan Azərbaycanın payı bu ilin yanvar-sentyabr aylarında ötən ilin müvafiq dövründəki 72,3 faizdən 64 faizə düşüb. 2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 87,8 faiz idi.
2023-cü ildə Gürcüstan 2 milyard 250 milyon kubmetr qaz idxal edib. Azərbaycanın ümumi tədarükdə payı 78,5 faiz, Rusiyanın payı 21,5 faiz təşkil edib. Ötən il Rusiyadan Gürcüstana təbii qaz tədarükü dəyər ifadəsində 110,3 milyon dollar, Azərbaycandan isə 313,5 milyon dollar təşkil edib.
Musavat.com