“Gürcüstanda parlament seçkilərinin üstün tərəfi hakim “Gürcü arzusu” görünür. Keçirilən rəy sorğuları bu məsələdə o qədər də etibarlı deyil, çünki hakimiyyət və müxalifətə yaxın təşkilatlar bir-birinin tam əksi olan “nəticələr” təqdim edirlər. “Gürcü arzusu”nun üstünlüyünü bir neçə apsektdə qiymətləndirmək olar”.
Musavat.com xəbər verir ki, bu fikirləri siyasi analitik Asif Nərimanlı bildirib.
O qeyd edib ki, şəhərlərdə bərabər mübarizə gözlənilsə də, regionlarda hakim partiya daha çox dəstəklənir. Ölkədə avrointeqrasiyanın tərəfdarları arasında gənclər çoxluq təşkil edir, lakin onların seçki günü kütləvi şəkildə səsvermə məntəqəsinə gələcəyi dəqiq deyil, əksinə yaşlı nəsil daha stabil mövqe sərgiləyə bilər. Hakim partiya bu seçkini “ölkənin müharibəyə qoşulub-qoşulmaması seçimi” kimi təqdim etmək istiqamətində güclü təbliğat apara bildi və bu, keçmiş təcrübə fonunda seçicilərin rəyinə təsir edə bilər”.
Ekspert əlavə edib ki, bütün bunların fonunda bir məqam xüsusilə həlledicidir: “Bu seçkilər Gürcüstan üçün daxili problemlərdən daha çox, geosiyasi seçim xarakteri daşıyır və 2008-ci il müharibəsi, Ukraynada baş verənlər, eləcə də rəsmi Tbilisidən Rusiyaya qarşı “ikinci cəbhənin açılması tələbi” ətrafında aparılan təbliğat gürcü xalqının ölkəni mövcud təhlükələrdən qorumaq proqramı üzərindən çıxış edən hakim partiyanı dəstəkləməsini şərtləndirə bilər.
Seçkinin iğtişaşlara da yol açacağı əsas gözləntilər arasındadır və istisna deyil ki, nəticələr elan edildikdən sonra hökumət binalarının bloklanması ssenarisi təkrarlanacaq. Lakin “rəngli inqilab” ssenarisinin baş tutması ehtimalı azdır. Hakim partiya artıq aylardır buna hazırlaşır və bütün ssenarilərə qarşı inzibati resurslardan istifadə edəcək. Avrointeqrasiya tərəfdarları aksiyalar keçirsə belə, Qərbin Gürcüstanda “rəngli inqilab” ssenarisini tətbiq edəcək qədər təsir imkanına malik olmadığı görünür: “xarici agentlər haqqında” qanunun qəbulunda hakim partiyanın qələbəsi, inqilabı gerçəkləşdirəcək aksiyaların təsirsiz qalması bunun son nümunəsi hesab edilə bilər. Aksiyalar 4 il öncəki ssenari üzrə də - 7 ay davam edən etirazların nəticəsi olması - baş verə bilər. Hərçənd, seçkinin istənilən nəticəsi Cənubi Qafqazda siyasi tarazlıqlara təsir edəcək.
“Gürcü arzusu” qalib gələrsə, bu, Gürcüstanda daxili mübarizə ilə yanaşı, regionda da mübarizəni kəskinləşdirəcək: Qərb Azərbaycan və Ermənistan arasında sülh sazişinin qısa müddətdə imzalanmasına, Tbilisidə itirdiklərini Bakı-İrəvan oxunda kompensasiya etməyə, bu xətti nəzarətə götürməyə çalışacaq;
Müxalifət qalib gələrsə, Rusiya Ermənistanda qərbyönümlü siyasətə qarşı mövcud loyallığını kəskin dəyişə və Bakı-İrəvan xəttindəki proseslərin nəzarətə götürülməsi, yaxud Qərbin bu xəttdən uzaqlaşdırılması istiqamətində addımlarını intensivləşdirə bilər.
Seçkinin nəticələrinin elan edilməyə başlanıldığı saatdan etibarən regional mübarizənin açıq müstəviyə keçəcəyi gözləniləndir.
Afaq Mirayiq,
Musavat.com