“Gürcü Arzusu” arzusuna çatdı, bəs çevriliş təhlükəsi sovuşdumu...

Seçkilərdən bir həftə ötür və hələ ki nisbi sakitlik hökm sürür, lakin müxalifət parlamenti boykot edib, yeni mitinq təyin olunub; analitiklərə görə, proses irəlidə, Qərb isə gözləmədədir - indi ən ağır cəza vizasız gediş-gəlişin ləğvi ola bilər

Gürcüstanda 26 oktyabr parlament seçkilərindən bir həftə ötür. Rusiya xarici kəşfiyyatı əvvəldən anons vermişdi ki, Qərb bu ölkədə inqilaba hazırlaşır. Lakin cəmi bir dəfə dinc mitinq keçirilib və müxalifət fasiləsiz etiraz aksiyaları keçirməyib, itaətsizliyə başlamayıb. Baş nazir İrakli Kobaxidzenin sözlərinə görə, yeni parlament noyabr ayında toplaşacaq.

Parlamentin sədri Şalva Papuaşvili isə müxalifətin məclisi boykot etməsinin iclasların keçirilməsinə təsiri olmayacağını söyləyib. Onun sözlərinə görə, hakim “Gürcü Arzusu” Partiyası 89 mandat qazanıb və 76 səs kifayətdir ki, parlamentin işi legitim olsun. Spiker onu da bildirmişdi ki, müxalifət çevrilişə hazırlıq görür və iğtişaşlarda prezident Salome Zurabişvili iştirak edir. Lakin hadisələrin səngidiyi müşahidə edilməkdədir və belə görünür ki, müxalifətin dağınıqlığı, lidersizlik problemi ardıcıl mübarizə aparılmasına əngəl olub. Eyni zamanda, xanım prezident seçkilərin tam saxtalaşdırıldığını iddia etdiyi üçün Baş Prokurorluğa çağırılıb, lakin istintaqa getməkdən imtina edib, sübut kimi sosial mediada yayılan videolara baxmağı məsləhət görüb. Yeri gəlmişkən, müxalifət partiyalarının nümayəndələri və onların tərəfdarları noyabrın 4-də Tiflisdə parlament binası yaxınlığında seçkilərin nəticələrinə etiraz olaraq növbəti mitinq keçirəcəklər. Bu barədə brifinqdə “Güclü Gürcüstan” koalisiyasının üzvü Anna Dolidze bildirib.

Bununla yanaşı, Qərbdən Gürcüstan hakimiyyətinə təzyiqlərin artacağı da gözlənilir. Onsuz da Avrointeqrasiya prosesi dayandırılıb. Hərçənd, gürcü baş nazir bəyan edib ki, hədəf iqtisadi göstəriciləri artırmaqla 2030-cu ilədək Avropa Birliyinin üzvünə çevrilməkdir. Amma seçkilərdən sonra ilk addım İsveçdən gəlib və Skandinaviya ölkəsi Gürcüstanla əməkdaşlığı dayandırdığını elan edib. Rəsmi Stokholm elan edib ki, Tiflis nə zaman Avrointeqrasiya kursuna qayıdacaqsa, o zaman əlaqələr bərpa ediləcək. Təbii ki, bu da qərəzli yanaşmadır, obyektivlikdən uzaqdır və şərt diktə etməkdir. Rusiya xarici işlər nazirinin keçmiş müavini Andrey Fyodorov “Moskva-Bakı”ya müsahibəsində deyib ki, “Gürcü Arzusu”nun qələbəsinin tam təsdiqlənməsi AB-nin cavab addımlarına səbəb olacaq. Onun sözlərinə görə, AB-nin atacağı ilk addımlardan biri vizasız rejimin ləğvi olacaq. “Tiflis üçün bu, fəlakət olacaq, çünki bütün Gürcüstan iqtisadiyyatı indi buna əsaslanır: səyahət etmək, almaq və Rusiyaya satmaq imkanı. Vizasız gediş-gəlişin ləğvi “Gürcü Arzusu”na qarşı əhalinin sərt reaksiyasına səbəb ola bilər. Gürcüstanda seçkilərlə bağlı vəziyyətin necə bitəcəyini öyrənmək yəqin ki, bir aya yaxın vaxt aparacaq. Gürcüstanda hələ ki, ciddi etirazların olmaması müxalifətin və Qərbin gözləməsi deməkdir. Və “Gürcü Arzusu”nun qələbəsi təsdiqlənərsə, irimiqyaslı mitinqlər başlaya bilər. Qərb “Gürcü Arzusu” ilə əməkdaşlıq etməyəcək”, - Fyodorov bu qənaətdədir. Onun sözlərinə görə, parlamentə daxil olan müxalifət partiyaları artıq mandatlarından imtina edib: “Gürcü Arzusu” qalib gəlsə və hökumət qursa, Avropa Birliyi və Birləşmiş Ştatlar bunun qeyri-legitim olduğunu bəyan edəcək. Belə bir qapalı dairə. Və bu dairə hamını bu və ya digər mövqe tutmağa məcbur edir”.

Bu arada, keçmiş prezident Mixail Saakaşvili əfv olunması üçün Prezident Salome Zurabişviliyə müraciət edib. Bu barədə özünün sosial şəbəkə səhifəsində yazıb. “Mən Prezident Salome Zurabişvili ilə tam həmrəyliyimi bildirirəm və onun təxribata uymaması və Rusiya prokurorluğunun tələbi ilə razılaşmaması xoşuma gəldi. Diqqət etdim ki, xanım Salome Medvedevin hədəsini diqqətdən yayındırmayıb. Amma ədalət həm də odur ki, Moskvanın məhz belə göstərişləri nəticəsində mən üç ildən artıqdır, qondarma ittihamlarla həbsxanada oturmuşam və Salome Zurabişvilinin bu qanunsuz həbsə görə tarixi məsuliyyət daşıyan rəhbər olmasını istəmirəm. O, bu ədalətsizliyi həqiqətən aradan qaldıra bilər. Millət, siz nə fikirləşirsiz?” - Saakaşvili bildirib.

qaynarinfo.az

Asif Nərimanlı

Siyasi icmalçı Asif Nərimanlının qənaətinə görə, Gürcüstanda hakim partiyanın qələbəsi ilə nəticələnən seçkilərdən sonra siyasi böhran yaranıb: “Prezident Zurabişvili nəticələrini tanımadığını elan etdi, müxalifət də parlamentin işində iştirak etməyəcəklərini bəyan edib. Yaranmış siyasi böhran fonunda açıq qalan suallar var: müxalifət parlamentin legitimlik qazanmasının qarşını ala bilərmi? Parlamentdə konstitusiya çoxluğuna (113 mandat) ümid edən ”Gürcü Arzusu" ilkin məlumata görə 89 mandat əldə edib. Bu, seçkiöncəsi vədlərin - kilsəyə xüsusi statusun verilməsi, LGBT təbliğatının qadağan edilməsi və s. - yerinə yetirilməsini çətinləşdirsə də, parlamentin bu seçkinin nəticələrinə uyğun fəaliyyətini təmin edir. Gürcüstan konstitusiyasına görə, 150 yerlik parlamentdə deputatların 51 faizinin (76 deputat) iştirakı qanunverici orqanın səlahiyyətə başlamasına və hökumətin formalaşdırılmasına imkan verir. Bu baxımdan, müxalifət mandatdan imtina etsə belə, parlamentin legitimliyini poza bilməyəcək".

Analitikin sözlərinə görə, prezident parlamentin fəaliyyətinin qarşısını ala bilməz: “Konstitusiyaya görə, Gürcüstan parlamentinin ilk iclası seçkinin nəticələrinin elan edilməsindən sonra 10 gün ərzində keçirilməlidir və ilk sessiyanı prezident təyin edir. Zurabişvilinin nəticəni tanımaması bu məsələdə çətinlik yarada bilər, lakin ”Gürcü arzusu" legitimlik üçün lazım olan 76 deputatın olduğunu əsas gətirərək, prezidentin “vetosu”nu qıracaq. Konstitusiyada ilk iclasın prezident tərəfindən təyin olması qeydi ilə yanaşı, 10 gün ərzində keçirilməsi də yer alır və hökumət ikinci məqamı əsas götürə, parlament sədrinin qərarı ilə ilk iclası keçirə bilər. Baş nazir İrakli Kobaxidze artıq bu haqda açıqlama verib. Hakim partiya artıq parlamentin fəaliyyətə başlayacağını, müxalifətin imtinasının heç nəyi dəyişdirməyəcəyini rəsmi şəkildə bildirib. Hərçənd, hadisələrin gedişində müxalifət partiyalarının biri, yaxud bir neçəsi ilə razılaşmaq istiqamətində addımların atılacağı da gözləniləndir. Mümkün konsensusun “Gürcüstan naminə” partiyası ilə baş tutması ehtimalı var. Partiya sədri Georqi Qaxariya “Gürcü Arzusu” hökumətində baş nazir olub, hazırda mövqelər arasında kəskin ziddiyyətlər olsa da, keçmiş bağlılıq anlaşmaq perspektivlərini tam sıradan çıxarmır".

Təhlilçi hesab edir ki, müxalifətin aksiyalarla nəsə etməkdən başqa yolu qalmır: “Hərçənd, bunun nə qədər effektiv olacağı sual altındadır. Birincisi, hakim partiyanın əlində inzibati resurslar və 50 faizdən artıq elektorat var. İkincisi, uzun müddətdir aksiya ssenarisini tətbiq edən müxalifətin gücünün hakimiyyəti dəyişdirməyə yetərli olacağı ehtimalı azdır. Üçüncüsü, müxalifəti dəstəkləyən Qərbin prosesə müdaxiləsi hələki ritorik müstəvidən irəli getmir və mövqelərini tamamilə itirməmək, ən azı 50 faizə yaxın elektorata xitab edən müxalif güc üzərindən təsir imkanlarını saxlamaq naminə praktiki müdaxiləni təxirə salacağı ehtimalı da mümkündür”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

02.11.2024 08:01
281