Burası Moldovanın paytaxtı Kişineu şəhəridir. Fotoda görünən kişiləri isə hamı tanıyır.
Əslində çox pozitiv şəkildir. Azərbaycanın dövlət başçısı İlham Əliyev də gülümsəyir, Fransa prezidenti Emmanuel Makron da. Birinci əmin-arxayındır, ikinci sanki bir az utanan kimidir. Ya da gözünə çöp düşüb.
Bundan əvvəl onların arasında nə kimi dialoq olub, buradan anlamaq çətindir. Güman ki, qarşılıqlı hal-əhval xəbər almaq dialoqu olub.
Yəqin ki, Fransanın "kiçik bacısı" (özləri özlərini belə adlandırır) Ermənistanın sammitdə iştirak edən nümayəndələri bu mənzərəni bir xeyli qısqanclıqla seyr ediblər.
Onlara görə, Makron Əliyevi görəndə üzünü turşutmalı və soruşmalıydı: "Siz bizim erməniləri niyə incidirsiniz? Laçında qoyduğunuz postu nə vaxt götürəcəksiniz? Xankəndiyə girmək istədiyiniz deyirlər, bu nə söhbətdir?" və s.
Makron isə oralı deyil, nəsə başqa dərdi var. Bundan əvvəl Paşinyanla görüşəndə, ikilikdə yanaşı addımlayanda da o, fikirli görünürdü. Necə deyərlər, hər kəsin dərdi özünə dəvədir.
Amma bunun ermənilərə dəxli yoxdur, onlar kiminsə üzünü yumşaq tandılarsa, kiminsə arxasında gizlənməyi bacardılarsa, onun gününü qara edir, məhəllədə qapazaltı edilən uşaq hər dəqiqə dayısının üstünə qaçdığı kimi, onun üstünə qaçır, bezar edirlər.
Bu gün Makron ermənilərin əlindən bezar olmuş kimi görünürdü. Amma hələ bilmək olmaz. Bunda xasiyyətdir, sammitlərdə hər kəsin üzünə gülər, hamıyla dostyana görüşər, hal-əhval tutar, ancaq Parisə yetişən kimi üzünü bozardar, sərt danışar.
İndi gözləyək görək, bu iltifat dolu əl sıxışmanın ardından Makron Azərbaycana qarşı nə deyəcək, danışacaq...
Musavat.com