Ekspert: “Qəza baş verirsə, piyada vurulursa, ucdantutma sürücünü içəri basırlar, halbuki...”
Yol-nəqliyyat qəzaları Azərbaycanda vaxtsız ölümlərin mühüm səbəbləri sırasında qalır. Təəssüf ki, bu qəzalar yaşa, başa, cinsə, sosial və siyasi statusa - həkimə, hakimə, alimə baxmır.
Xəbər verildiyi kimi, noyabrın 15-də saat 23:30 radələrində Bakıda avtomobil piyadanı vuraraq öldürüb.Xəbər verildiyi kimi, noyabrın 15-də saat 23:30 radələrində Bakıda avtomobil piyadanı vuraraq öldürüb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, hadisə Olimpiya Stadionunun yaxınlığında baş verib.
Bakı sakini Maqsudov Azər Spartak oğlu etibarnamə ilə idarə etdiyi Az 90 DR 808 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobillə yaşadığı Şağan qəsəbəsi istiqamətində hərəkət edərkən yolu sağdan sola keçən Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olan və Nərimanov rayonunda qeydiyyatda olan 67 yaşlı Acaloğlu Arif Mikayıl oğlunu vurub. Yaralı aldığı xəsarətlərdən yerləşdiyi 3 saylı şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişib. Piyadanın müəyyən olunmamış yerdən keçdiyi deyilir.
Arif Acaloğlu türkoloq alim idi, İstanbul Mərmərə Universitetində müəllim işləyirdi. Onu maşınla vuran isə Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri, tanınmış peşəkar həkim Azər Maqsudov olub. Yəni ikiqat faciəvi və xoşagəlməz bir olaydır.
Tanınmış həkimi qanunla hansı cəza gözləyir, həkim fəaliyyəti hər hansı şəkildə məhdudlaşdırıla bilərmi?
İddialara görə, bədbəxt hadisəyə görə sürücü sürücülük hüququndan məhrum oluna, 3 ildən 5 ilə qədər həbs edilə və ya icbari həbs ala bilər. Bunlardan hansı biri mümkündür, əgər sürücüdə günah olmayıbsa?
İkincisi, görəsən niyə piyadalar qanunla müəyyən edilmiş yerlərdən, yeraltı-yerüstü keçidlərdən, “zebra”lardan keçməyi sevmirlər? Piyada üçün nəzərdə tutulmayan sürətli yolda baş verən hadisədə günah kimdədir?
“Əgər avtonəqliyyat hadisəsi zamanı piyadanın sağlamlığına ziyan vuran, yaxud ölümü ilə nəticələnən hal baş verərsə araşdırmanı aparan təhqiqatçı bu barədə suala özü birbaşa cavab verə bilməz. Çünki bu birbaşa məhkəmə avtotexnixi ekspertizasının aydınlaşdıracağı sualdır. Əgər sürücünün qəzanın qarşısını almaq üçün texniki imkanları olduğu sübuta yetirilərsə, iş birbaşa məhkəməyə göndərilir. Bu məsələ ilə bağlı hakimlər öz daxili inamlarına və sübutlara əsaslanaraq qərar verirlər”.
Elməddin Muradlı
Bu barədə danışan yol-nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı “Yeni Müsavat”a deyib ki, baş vermiş qəza hadisəsi ümumilikdə diqqəti ölkə yollarında hər gün baş verən yol qəzalarına yönləndirib: “Həm qəzanın qurbanı, həm də qəzanı törədən şəxs ölkədə tanınan insanlardır: ”hamıya aydın oldu ki, avtoqəza hər kəsin başına gələ bilər. Elmi dərəcə, Azərbaycanda və xaricdə tanınmaq əhəmiyyət kəsb etmir. Piyada qayda pozur və tanınmış bir həkim, toksikologiya üzrə 3 mütəxəssisdən biri qəza törədir. İndi belə çıxır ki, iki işıqlı insan eyni vaxtda Azərbaycan cəmiyyətindən yoxa çıxmalıdır?. Əlbəttə ki, bu qəza məqsədli olmayıb. Azər Maqsudov Arif Acaloğlunu qəsdən vurmayıb. Belə olsaydı, ona yardım göstərməz, maşına qoyub xəstəxanaya aparmazdı. Bu, sırf təsadüfi hadisədir. Bütün hallarda qəzanı avtoekspertiza araşdıracaq. İstəyim odur ki, Azərbaycanın istintaq orqanları yol nəqliyyat hadisələrinə yanaşması dəyişsin, şablon qaydanı ucdantutma bütün qəzalara şamil etməsinlər. Qəza baş verirsə, piyada vurulursa, ucdantutma sürücünü içəri basırlar. Danışan sürücüyə də deyirlər ki, sən həmin an tormoz verə bilərdin. Halbuki o sözü deyənlərin özləri də həmin an eyni avtomobilin sükanı arxasında olsaydı, özü də qəza törədəcəkdi. Yəni, özləri də eyni situasiyada eyni reaksiya ilə qəfil qarşılarına çıxan maneəni vurub keçəcəklər. Bununla belə başqalarını həbs etməkdən çəkinmirlər. Bu praktikadan əl çəkmək lazımdır".
Ekspert baş vermiş qəza ilə bağlı hüquqşünasların rəylərinə də münasibət bildirib: “Oxuyursan, dəhşətə gəlirsən! Düşünürsən ki, bu adamların çürük düşüncəsinə görə qəsd olmayan bir qəza işinə görə insan həyatının bir neçə ilini həbsdə keçirməlidir. Kim istəyər ki, qəza törətsin? Bu gün Azərbaycanda nə qədər normal insan, sürücü cəzaçəkmə müəssisəsindədir. Yəni hüquqşünaslar kimi düşünın müstəntiqlər də əksəriyyət təşkil edir. Bu adamların düşüncəsi belədir ki, qəza törətmisənsə, səni tutmalıyam, həbs etməliyəm. Niyə axı? Hər halda düşünürəm ki, mərhum alimin yaxınları da anlayış göstərər, şikayət edib bir tanınmış həkimin həyatını qaralamazlar. Bir işıqlı insan həyatdan köçüb, birini də aparıb həbsxanaya salmaqla vəziyyət dəyişməz”.
Ekspert deyib ki, baş verən qəza ilə bağlı hakimin sürücünü həbs etmək səlahiyyəti var. Lakin bu həbs Azərbaycan cəmiyyətinə nə verəcək?
“Hakim qanunun sərt tərəfini deyil, daha loyal, humanist tərəfini də tətbiq edə bilər. Bu təkcə həkimin işində deyil, digər işlərdə də belə olmalıdır. Çünki avtoqəzalarda qəsd ehtimalı 1 faizdən də azdır. Azərbaycanda tez-tez səslənən fikirlərdən biri də qanunların pis olmasıdır. ”Yol Hərəkəti Haqqında" Qanun yaxşıdır, sadəcə doğru-dürüst tətbiq olunmur. əsas problemlərdən biri də zərərçəkənlərin yaxınları ilə bağlıdır. Qəza baş verdisə, zərərçəkənin yaxınları sürücünü sözün həqiqi mənasında sağmaq üçün hərəkətə keçirlər. Bir şəxsi maşın vurur, qəza zamanı hər hansı bir xəsarət almır. Sürücü deyir ki, gedək həkimə, müayinədən keç. Ehtiyac olmadığını deyir. Tərəflər arasında ünsiyyət yaranır. Piyada gedir evə, dostuna, qonşusuna qəza ilə bağlı danışır. Qonşusu, dostu da deyir ki, bir şey aldın? Cavab verir ki, yox. Başlayırlar piyadanı öyrətməyə. Bəs bu biznesdir, pul qazanmağın ən asan yoludur. Səhər piyada da sürücünü tapıb 5 min pul istəyir. Özünə telefon, uşağına planşet istəyir. Müstəntiqlər də belə adamların əlinə şans verir. Dərhal sürücünü günahkar çıxarırlar. Bu praktikaya son qoyulmalıdır".
Əkrəm Həsənov
Tanınmış vəkil Əkrəm Həsənov yol qəzalarına münasibətdə iki məsələnin diqqətə alınmasını vacib sayır. Deyir ki, Azərbaycan məhkəmələrində, hüquq-mühafizə orqanlarında iki cür məsələ var ki, bir qayda olaraq tərəflərdən birini haqlı sayırlar: “Ailə münaqişə məsələlərində ər həmişə günahkar sayılır, arvad isə həmişə haqlıdır. Məhkəmə uşağı adətən arvadın himayəsinə verir. Eyni yanaşma da, yol-qəza hadisələrində sərgilənir. Sürücü bir qayda olaraq günahkardır. Yəni təqsirsizlik prezumpsiyası belə işlərdə işləmir. Piyadanın günahı nəzərə alınmır. Pula görə özlərini maşınlara çırpanların sayı da az deyil. Sovet dövründə hind filmlərində belə hallar görürdük, indi isə Azərbaycanda belə hallar var. Yol-qəza hadisələrində piyadaların yolu haradan və necə keçməsi, qəzanın sutkanın hansı saatı olması, havanın yağışlı, işıqlandırılmayan ərazidə olub-olmamasına da o qədər əhəmiyyət verilmir. Baxırsan ki, piyada yeraltı, yerüstü keçid olan yerdə ola-ola yolun ortası ilə keçib və qəza baş verib. Avropada, qonşu Rusiyada sürət həddi yuxarı olan yollarda qəza baş verirsə, sürücünü həbs etmirlər. Yəni nəqliyyat vasitəsi sürətlə hərəkət edirsə, sürücü ona istəsə belə dərhal saxlaya bilməməsi nəzərə alınır. Üstəlik qəza baş verəndə, sürücünü dərhal həbs etməyə də lüzum yoxdur. Həbs qəti-imkan tədbiri o halda seçilir ki, hər hansı bir hadisəni törədən istintaqdan yayına bilər. Çox təəssüf ki, bizdə ucdantutma həbs qəti-imkan tədbiri seçilir. Bu halda alternativ tədbirlər - ev dustaqlığı, girov, başqa yerə getməmək barədə iltizam, şəxsi zaminlik, təşkilatın zaminliyi, polisin nəzarəti altına vermə, nəzarət altına vermə, vəzifədən kənarlaşdırma və s. unudulur. Avtoqəza qəsdən törədilən cinayət deyil və sürücünün istintaqdan yayınması, istintaqa mane olması da real deyil. İstintaq orqanında həbs tədbirinə bunca marağın olması qazanc əldə etməkdən irəli gəlir. Qəza tördən sürücüyə müştəri kimi yanaşılır. Sürücü pul mənbəyinə çevrilir. Heç vaxt həbsə düşməyən insan üçün həbs stresdir. Həbsə getməmək üçün borc tapıb verir ki, təki həbs olunmasın. Bunu bilirlər və bundan geniş şəkildə istifadə olunur. Halbuki, sürücü həmin vəsaitlə şəxsə vurduğu zərəri qarşılaya bilər, rəhmətə gedibsə, yas xərclərini, ailəsinə köməklik edə bilər”.
Əkrəm Həsənov təklif edir ki, avtoqəzalar üzrə müstəntiqlər üçün xüsusi təlimatlar hazırlanmalı, həbs qətimkan tədbirinə üstünlük verən müstəntiqlər vəzifələrindən uzaqlaşdırılmalıdır: “Elə etmək lazımdır ki, avtoqəza riskləri yaradan amillər aradan qalxsın, minimuma ensin. Qəza baş veribsə, sürücülərin dərhal həbs edilməsi praktikasından imtina olunmalıdır”.
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”