Qərb bölgəsində güclü qar yağır, dağlıq rayonların bəzi yollarında çətinliklər yaranıb.
"Report"un Qərb bürosunun məlumatına görə, axşam saatlarında qarın yağması daha da güclənib. Bu səbəbdən Gəncə-Daşkəsən, Şəmkir-Gədəbəy və Göygöl-Toğanalı-Kəlbəcər yolunun bəzi hissələrində nəqliyyat vasitələrinin hərəkəti qismən çətinləşib.
Bu hal Şəmkir-Gədəbəy yolunun "Yasamal aşırımı" adlanan hissəsində, Gəncə-Daşkəsən avtomobil yolunun bəzi hissələrində və Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun ucqar kəndlərindən keçən hissələrində daha çox müşahidə olunur.
Dövlət Yol Polisinin əməkdaşları tərəfindən sürücülərə qarlı hava şəraiti səbəbindən yollarda avtomobillərin sürüşməsi, həmçinin digər yarana biləcək məsələlər nəzərə alınaraq idarə etdikləri nəqliyyat vasitələrinlə qəzasız mənzil başlarına çatması üçün ehtiyatlı olmaları, məcbur olmadıqda isə avtomobillə hərəkət etməmələri tövsiyə edilir.
Hava şəraiti səbəbindən yollarda yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində aidiyyəti idarə əməkdaşları tərəfindən işlər aparılır.
Qeyd edək ki, hazırda Gəncə şəhərində və ətraf rayonlarda qarlı hava şəraiti davam edir.