Şənbə günü Çinin paytaxtı Pekində keçirilən Yizhuang marafonunda ilk dəfə insanabənzər robotlar da iştirak edib.
Musavat.com “Haber Global”a istinadən xəbər verir ki, 12 min insanın olduğu 21 kilometrlik marşrut boyunca 21 robot yarışıb.
Yarış zamanı insanlar su içərkən, robotların batareyaları dəyişdirilib.
“DroidVP” və “Noetix Robotics” kimi Çin şirkətlərinin istehsal etdiyi robotlar arasında boyu 120 santimetrdən qısa olanlar və 180 santimetrə çatan robotlar da olub.
Pekin İnsanabənzər Robot İnnovasiya Mərkəzinin “Tiangong Ultra” modeli 2 saat 40 dəqiqə ilə yarışı birinci yerdə başa vurub.
“Mən öyünmək niyyətində deyiləm, amma Qərbdə heç bir robot şirkətinin “Tiangong”un idmanda əldə etdiyi nailiyyətlərə nail olduğunu düşünmürəm”, - “Xiaomi” və “UBTech” şirkətlərinə məxsus Pekin İnsanabənzər Robot İnnovasiya Mərkəzinin baş texnologiya direktoru Tang Jian deyib.
Musavat.com