Son illərdə gözəllik salonları yalnız estetik baxım deyil, həm də sağlamlıqla bağlı prosedurlar üçün müraciət edilən məkana çevrilib. Xüsusilə sosial mediada geniş yayılan gözəllik trendləri qadın və kişilərin bu sahəyə marağını artırıb. Lakin görünən odur ki, gözəlliyin arxasında gizlənən ciddi təhlükələr var. Artıq bəzi gözəllik salonları müştərilərə sadəcə saç və dırnaq baxımı deyil, həm də dərinin alt qatlarına inyeksiya edilən prosedurlar, lazer epilyasiyası və hətta botoks kimi tibbi yönümlü xidmətlər təklif edirlər.
Bir sıra gözəllik salonlarında mezoterapiya, pilinq, botoks və dolğu kimi xidmətlər həyata keçirilir. Bu isə artıq kosmetoloji xidmətdən çıxaraq, tibbi müdaxilə xarakteri daşıyır. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi bu məsələ ilə bağlı ciddi narahatlığını ifadə edib və bildirib ki, belə xidmətlər yalnız müvafiq lisenziyaya malik tibb müəssisələrində, ixtisaslaşmış həkimlər tərəfindən göstərilməlidir.
Ekspertiza mərkəzindən verilən açıqlamada bildirilir: “Gözəllik salonları sanitar-epidemioloji qaydalara cavab vermədiyi üçün burada tibbi-kosmetoloji fəaliyyətin həyata keçirilməsi yolverilməzdir. Bu xidmətlər yalnız tibb müəssisələrində aparılmalıdır”.
Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən müvafiq qurumlar tərəfindən artıq yoxlamalara başlanılıb. İndiyədək bir neçə salonda qanunsuz tibbi fəaliyyət faktı aşkar edilib. Bu fəaliyyətlər “lisenziyasız özəl tibbi xidmət” kimi qiymətləndirilir və İnzibati Xətalar Məcəlləsinə əsasən cərimə və digər inzibati tədbirlərlə nəticələnir. Qaydaları pozan şəxslər barəsində işlər hüquq-mühafizə orqanlarına göndərilir.
Sanitar normalara əməl olunurmu?
Mütəxəssislər qeyd edir ki, gözəllik salonlarının bir çoxunda sanitar-epidemioloji normalara əməl olunmur. İynələrin təkrar istifadəsi, steril olmayan alətlərlə aparılan prosedurlar, qeyri-peşəkarların müdaxiləsi - bütün bunlar infeksion xəstəliklərin yayılmasına səbəb ola bilər. Xüsusilə hepatit B və C, HİV və digər qanla keçən infeksiyalar baxımından bu cür hallar ciddi təhlükə yaradır.
Dermatoloq və kosmetoloq Lalə Hüseynova bildirir ki, əgər mezoterapiya və ya dolğu kimi prosedurlar peşəkar olmayan şəxslər tərəfindən aparılırsa, bu, dəri altına infeksiya düşməsi, allergik reaksiya, hətta sinir zədələnməsinə qədər aparıb çıxara bilər: "Bu, sadəcə estetik məsələ deyil, ciddi tibbi müdaxilədir".
Gözəllik salonlarının daimi müştəriləri də vəziyyətdən narahatdır. Sakinlər arasında apardığımız sorğular zamanı məlum oldu ki, bir çoxları salon seçərkən əsasən qiymətə və xidmət çeşidinə diqqət edir, lisenziya və sanitar şəraitə isə fikir verilmir. Lakin bu məsələnin gündəmə gəlməsi ilə bir çoxları artıq daha diqqətli davranmağa başlayıb.
Aygün adlı müştəri respondent deyir: “Dost tövsiyəsi ilə getdiyim bir salonda botoks etdirdim. Sonradan məlum oldu ki, həmin qadın bu işi sadəcə kurs keçməklə öyrənib. Üzüm şişdi, bir həftə evdən çıxa bilmədim. İndi yalnız klinikaya müraciət edirəm”.
Gözəllik salonlarında aparılan yoxlamalar və qanunsuz tibbi prosedurlara qarşı mübarizə həm dövlət, həm də vətəndaş maraqları baxımından əhəmiyyətlidir. Müştərilərin isə seçim zamanı yalnız gözəllik və qiymətə deyil, həm də sağlamlıq və təhlükəsizliyə önəm verməsi vacibdir. Əks halda, gözəllik arzusu sağlamlıq problemləri ilə nəticələnə bilər.
Yoxlamalara və tətbiq edilən qadağalara qarşı gözəllik salonlarında çalışan bəzi mütəxəssislər də münasibət bildiriblər. Onların fikrincə, bu sahədə dəqiq tənzimləmə və düzgün maarifləndirmə olmadan belə tədbirlər həm sahibkarlar, həm də müştərilər üçün çətinlik yaradır.
Bakıda fəaliyyət göstərən tanınmış gözəllik salonlarından birində çalışan estetika üzrə mütəxəssis Günay Abbasova bildirir: “Biz öz sahəmiz üzrə sertifikat almışıq və daim təlimlərdə iştirak edirik. Müştərilər də bu xidmətləri istəyir. Əgər müəyyən prosedurlar yalnız həkim tərəfindən icra edilməlidirsə, bizə aydın şəkildə göstərilməlidir ki, harada sərhəd var. Qadağa varsa, alternativ yol da göstərilməlidir”.
Digər bir kosmetoloq-mütəxəssis, adının çəkilməsini istəməyən işçi isə daha sərt danışır: “Biz illərlə bu sahədə çalışmışıq, təcrübəmiz var. Klinikada çalışan bəziləri də elə bizim kimi kurs keçib işə başlayıb. Yoxlamaların məqsədi sağlamlıqdırsa, biz də sanitar norma və steril şəraitə əməl edirik. Amma bu işin tam qadağan olunması, müştərilərin də bizdən üz döndərməsi deməkdir”.
Bununla belə, peşəkar tibbi prosedurların yalnız ixtisaslı tibb işçiləri tərəfindən aparılması prinsipinə sadiq qalanlar da var. Onlar hesab edir ki, salonlarda kosmetik xidmətlə tibbi xidmətin arasındakı sərhəd birmənalı müəyyənləşdirilməlidir.
Salon meneceri Sevinc Məmmədova deyir: "Biz yalnız kosmetik xidmət göstəririk. Tibbi xarakterli prosedurları ya ümumiyyətlə, təklif etmirik, ya da müştərini klinikaya yönləndiririk. Lakin bu sahədəki qeyri-müəyyənlik bəzən biznesə də ziyan vurur. Qaydalar və təlimatlar açıq və əhatəli olsa, hamı üçün yaxşı olar".
Sonda bir məqamı unutmayaq, gözəllik keçicidir, amma sağlamlıq əvəzolunmazdır.
Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”