Gözdən iraq həmvətənlər - FOTOLAR

Vətən müharibəsinin Anım gününü türkmənlərlə qeyd etmək niyə bu qədər lazımlıdır?

Bu il Vətən müharibəsinin başladığı gün, yəni Anım günü İraqın türkmən şəhəri Təll-Afarda qeyd olunub.

Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının (ABİA) təşəbbüsü ilə 27 sentyabr günü münasibəti ilə Təll-Afarda şəhər bələdiyyəsi ilə birlikdə sərgi və anım mərasimi keçirilib.

TEDBİR YENİ.jpeg (215 KB)

Tədbirdə Azərbaycandan ABİA-nın İdarə Heyətinin sədri Elçin Əsgərov iştirak edib, çıxış edib, habelə sərgi və tədbirdə iştirak edənlərə Azərbaycan-Ermənistan müharibəsi, Qarabağ haqqında məlumat verib.

Təll-Afar Gənclər Mərkəzində keçirilən tədbirdə dövlət məmurları, türkmən qəbilə rəisləri, siyasi, elmi və mədəni ictimaiyyətin təmsilçiləri iştirak edib. tədbirdə həmçinin Vətən müharibəsinə həsr olunmuş qısametrajlı film də nümayiş olunub. İştirakçılar Azərbaycan şəhidlərinin xatirəsini dualarla yad ediblər.

Tədbiri giriş sözü ilə açan şəhər meri Seyid Qasim Şərifi Azərbaycanın öz ərazi bütövlüyünün bərpası uğrunda apardığı Vətən müharibəsi zamanı türkmənlərin ruhən onların yanında olduğunu və mənəvi dəstəyini, Azərbaycanın uğurlarına sevindiklərini qeyd edib, eyni zamanda Azərbaycan ərazilərinin işğalı dövründə baş vermiş erməni vandalizmini İraqdakı İŞİD dövrü zülmü ilə müqayisə edib. Şəhər meri sonda bütün Azərbaycana bir günlük antiterror əməliyyatlarındakı uğuru və ərazi bütövlüyünün tam bərpası ilə bağlı təbriklərini çatdırıb. Tədbirdə ABİA-nın İdarə Heyətinin sədri Elçin Əsgərov İraqın türkmən əhalisinin Azərbaycana ardıcıl şəkildə göstərdiyi mənəvi dəstəyə görə təşəkkür edib, Azərbaycanın tarix boyu yaratdığı şanlı dövlətlər dövründə İraq türkmənləri ilə daima bir-birinə bağlı olduqlarını qeyd edərək, bu yaxınlığın ölkələr arasında dostluğa daha çox töhfə verəcəyinə əminlik bildirib.

Qeyd edək ki, tədbir çərçivəsində həmçinin “Ortaq mədəniyyətin övladları – İraq türkmənləri və Azərbaycan” adlı kitabın təqdimatı keçirilib. “Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyası” (ABİA) və İraqın Telafər Gənclər Mərkəzinin birgə işi olan Azərbaycan və ərəb dillərində hazırlanmış kitab İraq türkmənlərinin tarixini, onların demoqrafik, mədəni və etnoqrafik vəziyyətini, eləcə də Azərbaycan xalqı ilə ortaq mədəni irsini, İraq və Azərbaycanın tarixi əlaqələrini əks etdirən məqalələr toplusundan ibarətdir. Kitaba 12 tanınmış iraqlı türkmən və eyni sayda azərbaycanlı tədqiqatçı tərəfindən hazırlanmış 12 tədqiqat məqaləsi daxil edilib.

TEDQİQ.jpeg (53 KB)

Əlbəttə, Anım gününün Azərbaycanın son 100 illik tarixinə düşmüş mühüm hadisə kimi xarici ölkələrdə qeyd edilməsi normaldır, hərçənd bildiyim qədər bu il yalnız İraqda bu cür sərgi-tədbir formasında yad edilib. Lakin İraqda, xüsusən də türkmənlər üçün keçirilən bu tədbirin Azərbaycan üçün mühüm əhəmiyyəti vardır. Çünki İraq türkmənləri Azərbaycan xalqının bir hissəsi, ya da başqa sözlə elə azərbaycanlılardır. Bu mənada Anım gününün qeyd olunması həm də İraq türkmənləri ilə Azərbaycan arasında mənəvi bağların gücləndirilməsi üçün mühüm addımdır. Bu barədə bir az sonra, amma əvvəlcə niyə Təll-Afar?

Qeyd edək ki, Təll-Afar şəhəri Azərbaycan xalqı ilə sıx tarixi və mədəni köklərə malik olan İraqın üç milyonluq türkmən əhalisinin mərkəzi şəhəridir. Doğrudur, adətən İraq türkmənləri dedikdə yada Kərkük şəhəri düşür. Çünki bu şəhər İraq türkmənlərinin tarixi-mədəni mərkəzidir. Lakin İraq türkmənlərinin kompakt yaşadığı, əhalisinin əksəriyyətini türkmənlərin təşkil etdiyi Təll-Afar türkmənlərin çoxluqda olduğu Ninyeva əyalətinin mərkəzi, həm də İraq türkmənlərinin hazırda mədəni-siyasi mərkəzidir. Bu mənada Təll-Afar indi Kəkrük qədər əhəmiyyətli türkmən çoxluğunun qeyri-rəsmi “paytaxtıdır” olaraq mühüm əhəmiyyət daşıyır.

Qeyd edim ki, İraq türkmənlərin Yaxın Şərq və Mərkəzi Asiya coğrafiyasına yayılmış türkmən tayfaları içərisində dil, adət-ənənə baxımından Azərbaycana ən yaxın olan icmadır.

İraqlı tədqiqatçı Ə.Bəndəroğlu yazırdı: "İraq türkmənlərinin ləhcəsi Azərbaycan dilindən fərqlənmir. İraq türkmənlərinin ləhcəsində müşahidə edilən bəzi kiçik fərqlər əhəmiyyətsizdir və onları qeyri-adi bir şey hesab edilməməlidi." (A.Benderoğlu, “Türkmənlər İraq inqilabında”, Bağdad, 1972) Kərkük ləhcəsini, folklorunu (poetik və musiqili) bilən türkiyəli, azərbaycanlı, eləcə də İraq alimləri qeyd edirlər ki, “bu camaat Azərbaycan dilində danışır və onun folkloru Azərbaycan folklorundan çox da fərqlənmir, hansı ki onun qüdrətli budaqlarından biridir”.

Maraqlıdır ki, Azərbaycan ədəbi dilində Cənubi Azərbaycan və Bağdad (Kərkük) dialekt xüsusiyyətləri üstünlük təşkil edir, Kərkük ləhcəsi Azərbaycan dilinin cənub qrupuna daxil edilib. Bunun bir səbəbi də İraq türkmənlərinin Azərbaycan əsilli olmaları ilə bağlıdır. Tədqiqat materiallarına əsasən İraq bir qismi Azərbaycan ərazisindən İraqa köç edib. Xüsusən də Qarabağ və Gəncə bölgəsindən orta əsrlərdə çoxlu sayda türkmən elatları İraqa köçürülüb. İraq türkmənlərinin bir qisminin Qarabağlı kökünə aid olmasından bəhs edən xoyratlardan (folklor dördlüklərindən) bəziləri:

Əslim Qarabağlıdır

Sinəm çarpaz dağlıdır

Kəsilib gəlib-gedən

Demək yollar bağlıdır

Bir başqa xoyratda isə bəzi İraq türkmənlərinin Gəncə əsilli olmasına işarə var.

“Gəncədən Bağdad yolu” xoyratı buna sübutdur:

Bağdad yolu Gəncədi

Gülü pəncə-pəncədi

Demə sizdən irağam

Bu sevda ölüncədi

Və ya başqa variantda:

Harda bir qərib görsən

Elə bil, Gəncəlidi

OTUR.jpeg (53 KB)

Hazırda İraqda yaşayan 3 milyondan çox türkmən Azərbaycan xalqının bir hissəsi, coğrafi olaraq ayrı düşmüş həmvətənlərimizdir. Təsadüfi deyil ki, bu ayrılıq yalnız Azərbaycanda hiss olunmur, həm də türkmənlər arasında Azərbaycana ikinci vətən, ana Vətən münasibəti var. Qarabağ müharibəsi zamanı, daha əvvəl aprel döyüşləri vaxtı türkmənlər hə zaman Azərbaycanın yanında olduqlarını bildiriblər, özlərini bu ölkənin bir parçası bilərək dərdimizə şərik olublar. Bu mənada Anım gününün türkmənlərlə qeyd olunması həm də qələbə sevincinin, şəhidlərin bərabər yad edilməsi baxımından təqdirəlayiq addımdır.

İraq əhalisinin 8-10 faizə yaxınını təşkil edən türkmən icması həm də Azərbaycanın bu ölkədə və bütün dünyada səsi, təbii diasporudur. İraq türkmənləri ilə yüksək səviyyəli əlaqələr Azərbaycan üçün İraq dövləti ilə isti münasibətlərin qorunub saxlanması, yalnız İraqda deyil, son 30 ildə dünyanın fərqli coğrafiyalarına yayılmış türkmən icması ilə birgə hərəkət və diaspor fəaliyyətinin koordinasiyası baxımından mühüm əhəmiyyət kəsb edir. Başqa sözlə, türkmənlər həm də Azərbaycanın Yaxın Şərqdəki “yumşaq gücü”dür. Nəzərə almaq lazımdır ki, türkmənlər yalnız İraqda deyil, həm də Suriyada, eləcə də Livanda kompakt halda yaşayır.

Bu gün türkmənlərlə Azərbaycan arasında tarixi, mədəni və digər sahələrdə əlaqələrin inkişafı həm də İraq-Azərbaycan (eləcə də Suriya və Livan) münasibətlərinin istiləşməsi, dostluq əlaqələrinin dərinləşməsi baxımından faydalıdır. Bu əlaqələr son illərdə gücü və paralel olaraq düşmənləri də artan Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir.

29.09.2023 12:33
3196