Göyərtəsində 177 nəfərin olduğu təyyarə TƏCİLİ ENİŞ ETDİ

Şənbə günü Larnakadan Bratislavaya uçan Maltanın “Air Horizont” aviaşirkətinə məxsus təyyarəsi kabinə şüşəsinin zədələnməsi səbəbindən Afinaya məcburi eniş edib.

Musavat.com xəbər verir ki, bu barədə Kiprin “Phileleftheros” qəzetinin ingilisdilli portalı məlumat yayıb.

Qeyd olunub ki, göyərtəsində 177 nəfərin olduğu təyyarə günorta saatlarında Larnaka Beynəlxalq Hava Limanından havaya qalxıb. Uçuşdan bir neçə dəqiqə sonra ekipaj laynerin ön şüşəsində çat görüb.

Nəticədə Afinadakı "Elefterios Venizelos" hava limanına planlaşdırılmamış enişlə bağlı qərar qəbul edilib və bu, təhlükəsiz şəkildə başa çatıb. 

Bir neçə saat sonra reysin sərnişinləri Afinadan Bratislavaya başqa təyyarə ilə uçublar.

Qeyd edək ki, oxşar hadisə avqustun 18-də Təl-Əvivdən Larnakaya uçan İsrailin “Arkia” aviaşirkətinə məxsus təyyarəsində də baş verib.

Musavat.com

15.09.2024 02:35
680