Görüş yeri yenə ərəb ölkəsi - Tehranla Vaşinqton arasında NƏ BAŞ VERİR?

İran Yaxın Şərqdəki məğlubiyyətlə barışmaq istəmir; “ABŞ-İsrail cütlüyü İranın qapısında bu məsələni qapatmaq üçün hazır dayanıb”

Aprelin 12-də Omanda keçiriləcək görüşdə əsas müzakirəçilər İranın xarici işlər naziri Abbas Araqçi və ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff olacaq. Bu barədə “Nour News” məlumat yayıb.

Məlumata əsasən, Araqçi və Uitkoff Tehran və Vaşinqton arasında baş müzakirəçilərdir. Danışıqlar dolayı yolla Omanın xarici işlər naziri Bədr Əl-Busaidi vasitəsilə başlayacaq.

Abbas Araqçi vurğulayıb ki, Tehran öz niyyətlərinin sülh xarakterini aydınlaşdırmağa və nüvə proqramı ilə bağlı mümkün narahatlıqları aradan qaldırmaq üçün zəruri tədbirlər görməyə hazırdır: “ABŞ bağladığı hər hansı sazişə sadiq olduğunu nümayiş etdirməklə diplomatiyaya ciddi yanaşma göstərə bilər. Əgər bizə hörmətlə yanaşsalar, biz də eyni şəkildə cavab verəcəyik. İran diplomatiyaya üstünlük verir, lakin özünü necə müdafiə edəcəyini də bilir. İndi top ABŞ-dadır”.

“Report” xəbər verir ki, Ağ Evin mətbuat katibi Kerolin Livitt jurnalistlər üçün keçirdiyi brifinqdə deyib ki, danışıqlar birbaşa olacaq: “Lakin mən Donald Trampı bu barədə hər hansı əlavə təfərrüatların açıqlanmasında qabaqlamayacağam”.

ABŞ-ın enerji naziri Kris Rayt  isə bildirib ki, ABŞ Tehranla nüvə proqramı üzrə razılaşmanın əldə olunmaması halında Tehrana qarşı daha sərt sanksiyalar tətbiq edəcək. “Ümid edirəm ki, bu, Tehranı nüvə proqramından imtina etməyə vadar edəcək”, - Rayt qeyd edib.

ABŞ-İran danışıqlarından gözləntilər nədir? Tərəflər nüvə bombası ilə bağlı sazişi bu il imzalaya bilərmi? Bu görüş İranın vurulması riskini azaldırmı? Çünki Tramp İranı bombalayacağı ilə hədələmişdi.

Ən maraqlı detal isə görüşün daha bir ərəb ölkəsində keçirilməsidir. Bu dəfə Oman ABŞ-İran danışıqlarına ev sahibliyi edəcək. Buna qədər isə ABŞ-Rusiya, ABŞ-Ukrayna görüşləri Səudiyyə Ərəbistanında keçirilib...

fikret.jpeg (167 KB)

Fikrət Yusifov

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifovun sözlərinə görə, bu gün dünyada gedən qlobal proseslər fonunda Yaxın Şərqdə liderlik uğrunda ölüm-dirim mübarizəsi baş verir: “Bu mübarizə indi özünün ən pik həddinə çatıb. İran bu mübarizədə məruz qaldığı məğlubiyyətlə barışmaq istəmir. Lakin onun istəyi heç nəyi həll etmir. İran 2023-cü ildə HƏMAS-ı tətikləyərək İsrailə qarşı başlatdığı uğursuz hərbi əməliyyatla sonda Yaxın Şərqdə illərlə xərc çəkib formalaşdırdığı proksilərinin hamısını itirdi. Bunun ardınca Suriyanı itirməklə İran praktik olaraq Yaxın Şərqin siyasi müstəvisində zəif bəndə çevrildi. İran yaranmış bu durumdan yalnız öz nüvə silahını yaratmaqla çıxmağı düşünür. Ancaq ABŞ-İsrail cütlüyü İranın qapısında bu məsələni qapatmaq üçün hazır dayanıblar. Yəni İran ABŞ-ın təkliflərini qəbul edib nüvə proqramı ilə bağlı danışıqlar masasına oturmasa, Birləşmiş Ştatlar İsraillə birlikdə İranın nüvə obyektlərinə ağır zərbələr endirəcək. Bu yerdə bir məsələni də diqqətdən qaçırmayaq. ABŞ-İsrail cütlüyünün İrana qarşı hərbi əməliyyatlarına start verilərsə, reallıqda nələrin baş verəcəyini öncədən söyləmək mümkün deyil. Düşünürəm ki, bu əməliyyatlara start verilərsə, ABŞ-İsrail cütlüyü sonda İranda hakimiyyətin devrilməsinə nail olmağa çalışacaq. Regionda Türkiyənin rolunun getdikcə güclənməsi nə İsrail, nə də İran tərəfindən həzm edilə bilmir. İranın bu məsələdə hansı mövqe tutmasının artıq elə bir əhəmiyyəti qalmayıb. İsrail isə reallıqlarla barışmalıdır. Türkiyə regionda böyük gücdür və o, NATO-nun ikinci ölkəsi olmaqla yanaşı, İsrailin bir saylı müttəfiqi olan Birləşmiş Ştatların Yaxın Şərqdə ən etibarlı tərəfdaşıdır. Bu səbəbdən Türkiyə ilə İsrailin Yaxın Şərqlə bağlı bütün məsələlərin həllində bir müstəvidən çıxış etməsindən dolayı yol yoxdur. ABŞ Prezidenti Donald Trampın da bu məsələdə mövqeyi belədir...”

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə hesab edir ki, Amerika-İran danışıqlarında müsbət nəticənin əldə olunması üçün Tehran Trampın tələblərini yerinə yetirməlidir: “Nüvə çalışmaları dayandırılmalıdır. Bu, dayandırılacaqmı, söyləmək çətindir. Çünki İran əvvəllər də belə vədlər verirdi, amma şübhələr yenə də qalırdı. Gizli şəkildə uranın zənginləşdirilməsi davam edirdi. Ona görə də indi danışıqlar başlasa da, bu o demək deyil ki, nəticə əldə olunacaq. Üstəgəl, İsrail də Amerikanı tələsdirir ki, İranın nüvə mərkəzlərinə zərbə endirmək lazımdır ki, bu prosesi dayandıra bilsinlər. Amma hər halda, indi danışıqlar olacaq. Bu danışıqların nəticəsini beynəlxalq aləm də səbirsizliklə gözləyəcək. Tramp Rusiya-Ukrayna müharibəsində hələ də müsbət nəticələr əldə edə bilməyib, İran istiqamətində də müsbət nəticələr əldə etməsi çətindir. Çünki cənub qonşumuzda qərar verən bir mərkəz yoxdur. Danışıqlarda tək xarici işlər naziri Abbas Araqçi iştirak edəcək. Amma o bu məsələlərdə qərar verən deyil. Prezident də qərar verə bilmir. Əslində heç ali dini liderin də qərar vermək səlahiyyəti yoxdur. SEPAH generalları qərar verməlidirlər ki, nüvə çalışmalarını dayandırırlar, ya yox. Üstəgəl, Amerikanın ikinci bir tələbi də var. Bu İsrailin də tələbidir. İran bölgədəki terror qruplarını maliyyələşdirməkdən və silahlandırmadan əl çəkməlidir. Əl çəkəcəkmi? İran rəsmiləri yenə də müxtəlif vədlər verə bilərlər. Yəqin ki, əvvəlki kimi həmin qruplara yardım davam etdiriləcək. Burada korrupsiya elementləri də var. Bu dəstəkdən SEPAH generallarının özləri də pul qazanırlar”.

Sona Əliyeva: “Dünyanın aparıcı dövlətləri Azərbaycanın təcrübəsini  öyrənməyə həvəsli görünürlər” Pravda.az

Sona Əliyeva

Siyasi şərhçi Sona Əliyeva “Sherg.az”a açıqlamasında İranın geri addım atdığını deyib. Onun sözlərinə görə, İran tərəfindən verilən rəsmi açıqlamalarda da Tehrandakı molla rejiminin Birləşmiş Ştatların sərt ritorikası qarşısında duruş gətirə bilməyəcəyi aydın şəkildə hiss olunur: “Çünki İran Yaxın Şərqdəki bütün proksi güclərini xərclədi. Tehran anlayır ki, indi növbə məhz onundur. Ona görə də molla rejimi bacardığı qədər vaxt uzatmağa çalışır. Aprelin 12-də baş tutacaq görüş də ABŞ-ın diktəsi altında keçəcək. İran bir qədər dil sürüsə də, gec-tez Vaşinqtonun istəklərini yerinə yetirəcək. Əks halda, İrana qarşı ildırımsürətli savaş gerçəkləşəcək. Güney qonşumuzun daxilindəki sosial-iqtisadi problemlər də İsrail və ABŞ-ın maraqlarına uyğundur. Hətta İran beş-altı hissəyə parçalana bilər. Bu isə İran dövləti üçün ən arzuolunmaz ssenaridir. İran nüvə razılığına tezliklə gətiriləcək və burada Tramp əsas söz sahibi olacaq”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

10.04.2025 10:21
1041