Görünməz "qatil": Hər il yüzlərlə can alır - Diqqət etməsəniz...

 

Ekspertlər hesab  edir ki, bəzi evlərdəki qaz cihazları təhlükəsizlik standartlarına uyğun istehsal olunmur, ona görə...

Noyabrın 20-də Biləsuvar rayonunda 29 yaşlı gənc dəm qazından dünyasını dəyişib. Hadisə rayonun Ovçubərə kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Rəşad Əlibala oğlu İbabəyli yaşadığı evdə dəm qazından boğularaq ölüb. 

Əfsus ki, payız girəndən bu, ilk belə hadisə deyil. Acı gerçəklik budur ki, hələ qış gəlməmiş, az qala hər həftə “səssiz qatil”in qurbanları haqda xəbərlər almaqdayıq. Məsələn, noyabrın 18-də Hövsanda 18 yaşlı Məlahət Zaur qızı Məmmədova yaşadığı evdə dəm qazından həyatını itirib. 

Ümumiyyətlə, qısa zamanda dəm qazından dünyasını dəyişənlər ötən illə müqayisədə çoxdur. Bəs səbəb nədir, niyə bu qədər maariflənmə işlərindən sonra da dəm qazında ölüm faktları azalmır? Səbəb qaz sobaları, evə verilən qazın keyfiyyətindədir, yoxsa?  

Как уберечься от отравления угарным газом » Хасавюрт - Официальный сайт  администрации МО

Qeyd edək ki, dünyada dəm qazından (karbon monoksid) zəhərlənmə və ölüm halları bəzi regionlar üçün riskli hesab olunur. Ən çox ölüm halları Şərqi Avropa və MDB ölkələridir - Moldova kimi ölkələr karbon monoksid zəhərlənməsi üzrə ən yüksək ölüm nisbətinə malikdir. 2021-ci ildə Moldovada ölüm göstəricisi 100.000 nəfərə 2.74 nəfər təşkil edib. Bunun əsas səbəbi istilik sistemlərinin düzgün ventilyasiya edilməməsi və köhnə avadanlıqların istifadəsidir.

Şimali Amerika - ABŞ və Kanada kimi inkişaf etmiş ölkələrdə də dəm qazından zəhərlənmə halları yüksəkdir. Xüsusən də, ABŞ-də 2000-2021-ci illər arasında bu cür ölüm halları artıb. Bunun əsas səbəbi qapalı məkanlarda generatorların istifadəsi və düzgün olmayan ventilyasiya sistemləridir. Asiya - Xüsusilə Monqolustanda dəm qazından həyat itkiləri yüksəkdir. Burada soyuq iqlim səbəbindən yanacaq soba və digər istilik mənbələrinin düzgün ventilyasiya edilməməsi zəhərlənmələrin əsas səbəbidir.

Cənubi Amerika ən aşağı ölüm göstəricilərinə malik olsa da, bəzi ölkələrdə fərdi hallarda dəm qazından ölüm qeydə alınır. Yanlış istifadə edilən istilik sistemləri əsas səbəb kimi göstərilir.

Dəm qazı zəhərlənmələrinin qarşısını almaq üçün ventilyasiya sistemlərinin mütəmadi yoxlanılması, karbon monoksid detektorlarının quraşdırılması və yanacaq yandırılan cihazlardan düzgün istifadə edilməsi vacibdir. Bu hallar əsasən qış aylarında və istilik sistemlərindən çox istifadə olunan dövrlərdə baş verir.

Отравление угарным газом и как его предотвратить | Ізюм Інформаційний

Mütəxəssislər qeyd edir ki, dəm qazından zəhərlənmə və ölüm hallanın çox olmasının bir neçə əsas səbəbi var. Burada ilk olaraq qaz cihazlarının düzgün istifadə edilməməsi göstərilir. Köhnəlmiş və ya texniki nasaz cihazlar da burada önəm daşıyır. Əksər hallarda köhnə qaz sobaları və qazanlar düzgün işləmədiyindən karbonmonoksit (CO) sızması baş verir. Eyni zamanda bir çox evlərdə hamamlarda ventilyasiyanın olmaması neqativ hallara yol açır. Havalandırma sistemlərinin olmaması və ya düzgün işləməməsi qaz yığılmasına səbəb olur. Bəzən də qaz cihazlarının qeyri-peşəkar quraşdırılması və texniki baxımdan düzgün yoxlanmaması təhlükəni artırır. Burada insani faktoru da xüsusi qeyd edilməlidir. Bir çox hallarda insanlar qaz cihazlarını nəzarətsiz qoyur, ventilyasiya kanallarını bağlayır və ya qaz sobalarını otağı qızdırmaq üçün istifadə edirlər.

Üstəgəl, maarifləndirmənin effektiv olmaması da rol oynayır. Bəzən maarifləndirmə işləri olsa da, bunlar kifayət qədər geniş auditoriyaya çatmır və ya insanlar məlumatı düzgün tətbiq etmir.

Mütəxəssislər hesab edir ki, aşağı keyfiyyətli və ya düzgün tərkibdə olmayan qaz da karbonmonoksit əmələ gəlməsinə səbəb ola bilər. Bəzi qaz cihazları beynəlxalq təhlükəsizlik standartlarına uyğun istehsal olunmur. Eyni zamanda, qaz sobalarını düzgün söndürməmək, qaz yanarkən havalandırmanı təmin etməmək və texniki xidmətə laqeyd yanaşmaq zəhərlənmə riskini artırır.

Problemin həlli yolu kimi bəzi vacib məqamlar diqqətdə saxlanmalıdır. Belə ki, qaz cihazlarının texniki xidmətinin təşviqi aparılmalıdır. İnsanlara qaz cihazlarını müntəzəm yoxlatmağın vacibliyi öyrədilməlidir. İkincisi, qaz cihazlarının istehsalına, idxalına və quraşdırılmasına nəzarəti artırılmalıdır. CO detektorlarının quraşdırılması mühümdür. Əksər inkişaf etmiş ölkələrdə olduğu kimi, evlərdə karbonmonoksit detektorlarının məcburi quraşdırılması tələb olunmaldır. Ən vacibi isə  təhlükəsizlik tədbirləri ilə bağlı əhali ilə təşviqat yalnız fəlakətdən sonra deyil, daim aparılmalıdır.

Bir sözlə, bu cür halların qarşısını almaq üçün həm texniki, həm də maarifləndirmə işləri paralel aparılması zəruridir.

Fövqəladə Hallar Nazirliyindən isə mövzu ilə bağlı “Yeni Müsavat”a deyilib ki, əhali arasında, KİV-lərdə mütəmadi olaraq bununla bağlı təbliğat aparılır. "Fövqəladə hallarla bağlı davranış qaydalarında dəm qazı təhlükəsindən qorumağın qaydaları göstərilir. Bunlar: 

- qaz cihazı saz və standartlara uyğun olmalı;

- cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı;

- havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;

- hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı;

- tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.

Yadda saxlayın! Dəm qazı iysizdir, hiss edilmir!

Ondan zəhərlənmənin əlamətləri: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq.

Dəm qazından zəhərlənmiş insanı təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır".  

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

23.11.2024 09:19
1179