Gömrük Komitəsi məlumat yaydı

Kütləvi informasiya vasitələrində gömrük orqanlarında həyata keçirilən islahatlar və əldə edilən nəticələrlə yanaşı, bəzi hallarda tənqidi yanaşmaları əks etdirən müvafiq məlumatlar da yayımlanır.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Musavat.com-a bildirilib ki, ilk növbədə gömrük xidməti narahatlıq yaradan hər bir hal üzrə müvafiq müzakirələrin aparılmasının, gömrük orqanlarına müraciət edilməklə onun nəzərdən keçirilməsinin və nəticəsi üzrə mövqeyinin ictimailəşdirilməsinin tərəfdarıdır və bu məqsədlə açıq müzakirələrin aparılmasını dəstəkləyir.

“Gömrük xidməti gömrük fəaliyyəti ilə bağlı konkret bir fakt üzrə narahatlıq yarandıqda onun bildirilməsinə və işçi qaydada müzakirələrin aparılmasına üstünlük verir.

Qeyd olunan yanaşma gömrük sferasında şəffaflıq səviyyəsinin artırılmasının təmin edilməsi nöqteyi nəzərindən gömrük orqanları üçün maraq kəsb edir.

Son tənqidi yanaşmalardan biri Mərkəzi Gömrük Ekspertizası İdarəsində malların təsnif edilməsi və ya ekspertizadan keçirilməsi ilə bağlı olub. Nəzərə alınmalıdır ki, gömrük orqanlarının fəaliyyətinin səmərəliliyinin öyrənilməsi məqsədilə müvafiq sorğular keçirilir və bu sorğularda Mərkəzi Gömrük Ekspertizası İdarəsinin xidmətləri ilə bağlı respondentlərin 82 %-i məmnunluğunu ifadə edib”.

Eyni zamanda gömrük ekspertizası bir sıra hallarda malın düzgün təsnif olunması, gömrük tariflərinə uyğun gömrük rüsum dərəcələrinin tətbiq edilməsi məqsədilə həyata keçirilir: “Bu halın əsas səbəbi ondan ibarətdir ki, bəzən gömrük bəyannaməsinin 31-ci qrafasının təsvir hissəsi tam doldurulmadığından, yəni xarici ticarət dövriyyəsində olan malın (məsələn, idxal edilən malın) texniki göstəricisi, xarakteristikası və digər məlumatlar bu qrafada tam əksini tapmadığından, eləcə də dolğun sənədlər gömrük orqanına təqdim edilmədiyindən malların eyniləşdirilməsinə və uyğunluğuna əsasən müvafiq olaraq tarif dərəcələrinin müəyyən edilməsinə zərurət yaranır.

Bilavasitə gömrük orqanlarının təşəbbüsü ilə aparılan gömrük ekspertizasına görə xarici ticarət iştirakçıları tərəfindən hər hansı yığım ödənilmir.

Gömrük ekspertizasına sərf olunan müddətlər isə malların texniki xüsusiyyətlərindən, yəni müayinə üsullarından asılıdır. (Məsələn kimyəvi, spektrometrik, xromatoqrafik, mikroskopik və s. xüsusiyyətlərindən)

Bu müddətlər hər hansı malın aylarla saxlanılmasına deyil, məhz ekspertizanın həmin müddətlər çərçivəsində həyata keçirilməsi üçün nəzərdə tutulur.

Prosesin vaxtında həyata keçirilıməsi məqsədilə Mərkəzi Gömrük Ekspertizası İdarəsinin lazımi müayinə avadanlıqları ilə təchiz edilməsi üçün müvafiq iş aparılır. Həmçinin infrastruktur imkanlarının genişləndirilməsi də gömrük orqanlarının qarşısında duran məsələdir”.

“Ekspertiza müddətində gömrük orqanları tərəfindən malların buraxılışına qadağa qoyulmasına gəlincə isə, Gömrük Məcəlləsinin 258-ci maddəsinə əsasən biznes subyektləri yarana biləcək gömrük borcu ekvivalentində müvafiq təminat təqdim etməklə idxal etdikləri malları gömrük nəzarəti zonasından çıxarmaq və onlar barəsində sərəncam vermək hüqundan istifadə edə bilərlər.

Gömrük orqanları malların tez buraxılışında maraqlı tərəfdir və bunun üçün mümkün imkanlardan istifadə edir. Belə ki, 2024-cü ildən başlayaraq süni intellekt əsaslı Avtomatlaşdırılmış Risk Analizi Sistemi tətbiq edilir. Eyni zamanda gömrük bəyannaməsinin 31-ci qrafasının (bəyannaməçilər üçün çox tanış olan) təsvirinin tam dolğunluğu üçün sahibkarlarla mütəmadi iş aparılır.

Əlavə olaraq Gömrük Rəsmiləşdirilməsi Platforması (GRP) vasitəsilə “Məcburi qərarlar” üzrə əldə edilən imkanlar sahibkarların idxal və ya ixrac etdikləri malların təkrar ekspertizaya göndərilməsinin qarşısını alır.

Öz növbəsində müayinələrin metodiki əsaslarla həyata keçirilməsi istiqamətində Mərkəzi Gömrük Ekspertizası İdarəsi tərəfindən müvafiq işlər aparılır”, - DGK-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.

05.03.2024 00:28
1898