Gizlində edilən yaxşılıqlar - xeyriyyəçilik ictimailəşdirilməlidirmi...

İlahiyyatçılar hesab edir ki, fəqir və yoxsullara yardım edənlər bəlalardan uzaq olar; Rəsul Mirhəşimli: “Bəzən xeyriyyəçilik fəaliyyəti ictimailəşdirilməlidir ki, bu başqalarını təşviq etsin”

Xəbər verildiyi kimi, Lənkəran rayonunda kəndlərin birində maraqlı hadisə yaşanıb. Həmin kənddə mağazadan nisyə məhsul götürən sakinlərin 11 min manatdan çox borcu bağlanıb. Bu da kənd sakinlərinin sevincinə və heyrətinə səbəb olub.

Sakinlər xeyirxah insanın kimliyini mağaza sahibindən soruşublar. Lakin mağaza sahibi də onun kim olduğunu bilmədiyini deyib. Sahibkar deyib ki, mağazaya bir nəfər daxil olaraq kənd sakinlərinin nə qədər borcunun olması ilə maraqlanıb. Həmin şəxs borc dəftərini hesablatdırdıqdan sonra həmin vəsaiti ödəyib və mağazanı tərk edib.

İmam Hüseyn (ə) buyurub ki, səxavətlilik zənginlikdir. Heç şübhəsiz, haqqında danışılan naməlum şəxs də səxavətlidir. Eyni zamanda, yəqin ki, təvazö sahibidir. Bütün hallarda xüsusən də zəngin insanlar xeyriyyəçilikdə tələssələr, yaxşıdır. Çünki hədislərə görə, Hesab Günü veriləcək suallardan biri də var-dövləti necə və hara xərcləməklə bağlı olacaq.

Bəs edilən yaxşılığı, ehsanatı gizli saxlamaq savabı artırırmı? Dinimiz nə deyir bu barədə? Xeyriyyəçilik mütləq mübhəmmi saxlanmalıdır, yoxsa bəzən başqalarını da təşviq eləmək naminə ictimailəşdirilə bilər?

Ekspertlərdən Azərbaycanda ehsan qadağası ilə bağlı TƏKLİF - Oxu.az

Dini sahə üzrə mütəxəssis, araşdırmaçı jurnalist Rəsul Mirhəşimli mövzu ilə bağlı “Yeni Müsavat”la fikirlərini bölüşüb: “İslamda xeyriyyəçilik, yəni başqalarına yardım etmək və yaxşılıq etmək əhəmiyyətli bir ibadət formasıdır. Dinimiz bu cür əməllərin necə həyata keçirilməsi ilə bağlı müxtəlif göstərişlər verir. Xeyriyyəçilikdə bir çox hallarda, edilən yaxşılığın gizli saxlanılması tövsiyə edilir, lakin bunun istisnaları da mövcuddur.

Quran-Kərimdə yaxşılıqların gizli şəkildə edilməsi ilə bağlı bir neçə ayə var. Bu ayələrdən biri belədir: “Yoxsullara aşkarda sədəqə verməyiniz yaxşıdır, lakin onu gizlində versəniz, daha yaxşı olar” (“Bəqərə” surəsi, ayə 271).

Bu ayədən aydın olur ki, edilən yaxşılıqların gizli saxlanılması savabın artırılması baxımından daha üstün hesab edilir. Sədəqələrin gizli verilməsinin bir hikməti də həmin xeyirxahlığın edildiyi şəxsin qürurunun incidilməməsi üçündür. Çünki insanın əziyyət çəkdiyi dərdlərin içərisində ən ağır olanlardan biri yoxsulluq və imkansızlıqdır. Bu baxımdan, xeyirxahlığı edən insan onu Allaha xatir edir və mükafatını da Allahdan gözləyir. Bir çox hallarda edilən yaxşılıqların reklam edilməsi onun dəyərini azaldır.
Bununla yanaşı, bəzən xeyriyyəçilik fəaliyyəti ictimailəşdirilməlidir ki, bu da başqalarını təşviq etsin. Qurani-Kərimin ayələrində xeyriyyəçiliyin təbliğ olunması ilə bu əməlin insanlar arasında geniş yayılması üçün bəyan edilir. Bu xeyirxahlıq da başqalarının da yaxşılıqlar etməyə sövq edir. Başqalarını da təşviq etmək məqsədilə xeyriyyəçilik fəaliyyətlərini ictimailəşdirmək mümkündür. Bu, insanların bir-birini təşviq etməsi, bir cəmiyyətin xeyir işlərdə bir araya gəlməsi üçün vacibdir.
İslamda xeyriyyəçilik çox dəyərlidir. Yaxşılıqları gizli saxlamaq insanın niyyətinin təmiz olmasına və Allahın razılığını qazanmasına yardım edir. Eyni zamanda, ictimailəşdirmə halları da başqalarını təşviq etmək, cəmiyyətin xeyir işlərdə bir araya gəlməsi üçün əhəmiyyətlidir. Hər iki yanaşma xeyriyyəçilikdə öz yerini tapır və dini göstərişlərə uyğundur.

Beləliklə, insanlara yardım etməyin yollarını seçərkən niyyətin təmiz, ehsanın xeyirli olması və cəmiyyətin birliyini gücləndirmək önəmlidir. İslam dininin bu məsələdə verdiyi göstərişlər insanlara doğru yolu göstərir”.

Gürcüstan Müsəlmanları İdarəsinin hər hansı bir əməkdaşının idarə ilə  məsləhətləşmədən idarəni təmsil etmək haqqı yoxdur", — Hacı Ramin İgidov

Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidovun da mövzu ilə bağlı fikirləri də diqqət çəkir: “İslam şəriətində imkanımıza görə mal varlığımızdan bir növ dini vergi hesab olunan “Xums” və “Zəkat” ödəməyimiz vacib olaraq əmr olunub. Dinimizə görə bu vacib əməlin açıq-aşkar olması tövsiyə olunur. İmam Baqir (ə) buyurur: “Vacib zəkatı aşkarda, müstəhəb olan zəkatı isə gizlində təqdim edin”.

Çünki bu vacib zəkatlar hər bir kəsə aid olduğundan, Ramazanda tutulan vacib oruc kimi bu halda riya olma ehtimalı olduqca azdır. Vacib zəkatın belə açıqca verilməsi, “O da zəkatını verməyib”,- deyənlərin töhmətindən qurtarır, eyni zamanda başqalarına da müsbət örnək olur.

Ancaq “Sədəqə” kimi qeyri-vacib ehsan və yaxşılıqların könül işi olmasına görə, gizlində yerinə yetirilməsi tövsiyə olunub. Çünki:

Sədəqə verən riya, minnət, xüdbinlik və s. xoşagəlməz xislət, iddialara malik olmasın,- deyə;

Ətrafdakı insanlar, halından dəqiq agah olmayan kasıbın sədəqəni “elə-belə, ehtiyacsız” olduğu halda aldığını zənn edərək onun haqqında sui-zənnə düşməmələri üçün. Həm də belə halda həmin ehtiyaclı yoxsulu pisləyib, onun qeybəti edilməsin,- deyə;

Hədislərdə, “Verən əl, alan əldən üstündür”- buyurulur. Sədəqə aşkara veriləndə kasıb zillətə düşə, utana, könül qırıqlığı yaşaya bilər. Buna görə də ehtiyaclı insan alçalmasın deyə.

Dinimizə görə hər bir xeyir iş sədəqə yaxşılıq hesab oluna bilər. Hətta əgər insanların yolunun gediş-gəlişinə maneçilik yaradan bir daşı kənarlaşdırmaq, insanlara bir elm və bilgi vermək də, sədəqə, yəni yaxşılıq hesabındanır.

Həzrət Peyğəmbərimiz (s) fəqir və yoxsullara yardım etmək müəyyən günahların bağışlanmasına və bəlaların uzaq olmasına səbəb olduğunu da bildirib. Ancaq edilən yaxşılıq mütləq gizlinmi olmalı? Aşkar da ola bilərmi sualına gəlincə qeyd edək ki, minnət və xüdbinlik kimi günaha bulaşmadan edilən bütün “əl tutma”lar və yaxşılıqlar istər aşkarda olsun, istərsə də gizlində, özlüyündə pis əməl ola bilməz. Kimsənin də buna bu tərzdə yanaşması yolverilməzdir. Sadəcə, birinin Allah yanında mükafatı digərindən üstün olduğunu bilən bircə Adil Allahdır. Bu məqamda tək insanların razılığı ilə birgə, Allahın razılığı da qazınılmış olunur. Allah özümüzə edilən bütün ehsanları və yaxşılıqları ali dərəcədə qəbul etsin, bu işdə zəhmət çəkənlərdən razı olsun. Özümüzə edilən dedim, çünki Allah özü buyurur: “Yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmiş, pislik etsəniz öz əleyhinizə etmiş olursunuz... (“isra”, 7)”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

14.10.2024 18:50
438