Mina problemi ilə bağlı Ağdamda keçirilən beynəlxalq forumun iştirakçıları dünya ictimaiyyətinə müraciət ünvanladı
Ermənilərin işğal dövründə ərazilərimizdə basdırdıqları bir milyona yaxın mina və digər partlayıcı qurğuların təmizlənməsi, təbii ki, xeyli zaman alacaq. Bu isə o anlama gəlir ki, ona qədər torpaq altındakı “səssiz qatillər” böyük təhlükə mənbəyi olaraq qalacaq və vaxtaşırı faciə nədəni olacaq. Bu da növbəti fakt.
İşğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində dekabrın 5-də Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1992-ci il təvəllüdlü Vaqif Sabir oğlu Əkbərov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Bu barədə agentlikdən bildirilib. Məlumata görə, xəsarət alan şəxs hadisə yerindən təxliyə edilərək, rayon xəstəxanasına çatdırılıb. Onun sağ ayağı dizdən aşağı nahiyədən amputasiya edilib. Vəziyyəti qənaətbəxşdir.
Adətən azad edilən ərazilərdə mülki şəxslərin və ya başqa sahələrin işçilərinin minaya düşməsi halları qeydə alınır. Ancaq ANAMA əməkdaşının belə bir faciəyə tuş gəlməsi müəyyən suallar yaradır. Hazırlıqlı insan, mina mütəxəssisi, minaaxtaran minaya necə düşür? Səhlənkarlıq, yoxsa? Ümumiyyətlə beynəlxalq statistika bu xüsusda nə deyir?
Adil Aslanov
ANAMA Metodologiya və qiymətləndirmə şöbəsinin müdiri Adil Aslanov bildirib ki, ermənilər Qarabağda mərhələli mina basdırılmasından istifadə ediblər. O, qeyd edib ki, ərazilərin təmizlənməsi istiqamətində aparılan işlər zamanı ən çox rast gəlinən mərhələli mina basdırılması üsuludur: “Belə ki, təmizləmə əməliyyatı apardığımız hər yerdə, xüsusilə ”Zəfər yolu" və digər kommunikasiya xətlərinin keçdiyi zonalarda bu cür hallara daha çox rast gəlinir. İşğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi istiqamətində işlərin ləng aparılmasının əsas səbəbi də basdırılan minaların bir neçə mərhələdən ibarət olmasıdır. Bu cür halların qarşıya çıxması insanların həyatı üçün ciddi təhlükə yaradır".
Ermənistan Azərbaycana minalanmış ərazilərin xəritəsini tam olaraq verməməklə terroru müharibən 3 il sonra da davam etdirməkdədir. Azərbaycan ərazilərində külli miqdarda piyada əleyhinə minalar yerləşdirilib. Bu, yalnız keçmiş təmas xətti boyunca deyil, başqa ərazilərdə də insanların minaya düşməsi hallarının artmasına səbəb olur. Son 30 ildə Azərbaycanda mina qurbanlarının sayı 3 406 nəfər olub. 2020-ci il noyabrın 10-dan bu günədək Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində baş vermiş mina hadisələri nəticəsində 327 nəfər minadan zərər çəkib. 3 nəfəri jurnalist olmaqla 48 nəfər mülki, 15-i hərbçi olmaqla 63 nəfər həlak olub. Eyni zamanda, mina partlayışları nəticəsində ümumilikdə 102 nəfər mülki şəxs, 162 hərbçi yaralanıb. Son 30 il ərzində minalardan zərər çəkənlərin isə 38-i qadın, 357-si uşaqdır.
Onu da qeyd edək ki, ermənilər Laçın rayonu ərazisini tərk edəndən sonra təkcə burada 2021-ci ildə Ermənistanda istehsal edilən E-001M markalı 1400-dən artıq piyada əleyhinə mina aşkarlanıb. Zabux və Sus kəndlərində evlərin giriş qapılarında və həyətyanı sahələrdə yeni quraşdırılmış mina tələləri tapılıb.
Torpaqlar işğaldan azad edildikdən sonra da Azərbaycan Ermənistanın çoxsaylı təbəqələrə yerləşdirdiyi milyonlarla minaların gözlənilən təhlükəsi ilə üz-üzə qaldı. Humanitar minatəmizləmə böyük insan və maliyyə resursları tələb edir. Bu, həm də işğaldan azad olunan ərazilərdə quruculuq və bərpa işlərinə mane olur. Sentyabrın 19-20-də həyata keçirilən lokal antiterror tədbiri nəticəsində təxminən 480 km təmas xəttindəki ərazilərin minalandığı müəyyən edilib. Ermənistan və havadarlarının Azərbaycan ərazisində gizli “qatilləri” fəaliyyət göstərir. Bu, onların ölkədə terrorla məşğul olduqlarını təsdiqləyən amillərdəndir və Ermənistanın, eləcə də onun müdafiəçilərinin Laçın yolundan hərbi sursat, o cümlədən mina daşımaq üçün də istifadə etdiklərini bir daha təsdiqləyir. Yeri gəlmişkən, minalar müharibə silahı sayılır. Ancaq onun qurbanlarının yalnız 10 faizi hərbçilərdir. Qurbanların əksəriyyəti qadınlar və uşaqlardır. Bir sutkaya yaxın davam edən antiterror tədbirləri də regiondakı separatçıların güclü silahlandırıldıqlarını aşkarladı. Onların əraziyə mina döşədikləri də müəyyən edildi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatlarına əsasən, Xankəndidə xeyli sayda tələ qurğular, silah-sursat aşkarlanıb. DİN əməkdaşları tərəfindən inzibati binalara baxış keçirilən zaman qanunsuz hərbi birləşmələr tərəfindən quraşdırılan tələ qurğular, eləcə də silah-sursat aşkar edilib. ANAMA əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı ərazinin girişində yerləşən boruların içərisində sürpriz formaya salınmış əl qumbaraları, habelə otaqlarda yerləşən çəkməcələrdə, pərdələrin arxasında, hərbi jiletlərin ciblərində, binanın zirzəmisində əl qumbaraları və yüksək partlayış gücünə malik müxtəlif hərbi sursatlardan ibarət tələ qurğular aşkarlanıb. Yüksəklikdən buraxılaraq partlayış törətmək və geniş radiusda qəlpələnmə yaradılması məqsədilə minaatan mərmiləri, qəlpələnən bombletlər, VOQ-17 silah qumbaralarından ibarət improvizə olunmuş partlayıcı qurğulara rast gəlinib.
Bu ilin noyabrında mina qurbanları və bu sahədə fəaliyyət göstərən Qeyri Hökumət Təşkilatları (QHT) Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prezidenti Tini Koksa və AŞPA deputatlarına açıq məktub göndəriblər. Hələlik bu məktuba da cavab yoxdur. Minalarsa Azərbaycan ərazilərində can almaqda davam edir.
Diqqətə çatdıraq ki, dekabrın 7-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı və ANAMA-nın tərəfdaşlığı ilə “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forum Ağdamda davam edib.
Ağdamda mina problemi ilə bağlı keçirilən beynəlxalq forumun iştirakçıları sonda dünya ictimaiyyətinə müraciət ünvanlayıb. “Biz - ”Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat" adlı Beynəlxalq Forumun iştirakçıları dünyanın mina ilə ən çox çirklənmiş şəhərlərindən biri olan Ağdamdan beynəlxalq ictimaiyyətə müraciət edərək mina və PHS-yə qarşı mübarizədə daha fəal olmağa çağırış edirik", - deyə sənəddə bildirilir.
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”