Gizli samovar çəkilişi

“Mənə badi-səba ol sərvi-gülrüxdən xəbər verməz”

(burada şair iqtisadi proseslərimizi təsvir etmişdir)

Bizim bir keçmiş baş bankir var idi, uzun illər manatı möhkəmləndirməklə məşğul oldu, ta iki devalvasiya olana qədər. Rəhmətliyin (bəlkə də sağdır, mən bunu işsiz qalmağı ilə bağlı yazıram - bizdə bütün işsiz məmurlara rəhmət düşür) manatı betonlamaqdan başqa şəxsi şirkətlər qurduğunu da nəql edərdilər. Nə dərəcədə doğru idi, şəxsən mən bilmirəm.

İndi həmin keçmiş şirkətlərdən birinin ya dayandığı, ya başqasına satıldığı haqda informasiya dolaşır. Balaca şirkət deyil, toyuq əti, kərə yağı və sairə üzrə zırpı ərzaq istehsalçılarımızdan sayılır. Di gəl, bu boyda şirkətin başı üzərində fırlanan qara buludlar (aydın səma da ola bilər - xəbərimiz yoxdur ki) haqqında uca millətə bilgi verən varmı? Sanarsan hansısa cücəni yol keçəndə maşın vurub. Tıqq da yoxdur. Barı üzü qibləyə kəsin, murdar olmasın.

Bax, bu kimi hadisələr “bizdə ərzaq niyə bahalaşır” sualının əsl cavabıdır. Şəffaflıq yoxdur, bilinmir iqtisadiyyatla məşğul olan kimdir, onu tənzimləyən kim. Bəs tənzimləyən elə məşğul olandırsa nə edək?

Avqust ayıdır, dünən mən marketdə 3 manat 80 qəpiyə pomidor gördüm. Təsəvvür edin bu pomidor noyabrda, dekabrda hansı qiymətə olacaq. Hələ fevralı-zadı yazmıram.

Kərə yağı əvəzinə xalqa maşın yağı satırlar, üstəlik baha. Hər gün bu temada ağlaşma-şivəndir. Bir ekspertin yumoristik şərhini oxumuşdum. Deyir bütün dünyada kərə yağı okeanlarla daşınır, Azərbaycanın isə dünya okeanına çıxışı yoxdur, ona görə bizdə yağ bahadır. Məncə dəniz inəyinin südündən kərə yağı alırıq, bahalığın səbəbi budur.

Bəlkə biz İran üzərindən Hind okeanına kanal qazaq, yağ ucuzlaşsın? Zarafat eləmirəm, hörmətli iqtisadçı alimlərimizdən birinin vaxtilə belə projesi vardı.

Bakıda avtobus işlərinə baxan bir şirkət var. Ona bu səlahiyyəti kim verib, hansı şəraitdə tenderi-zadı udub, heç bunları indi dartışmağın mənası yoxdur - qarı çoxdan şey olub, qapı bağlanıb. Sadəcə, təzəlikcə bir informasiya oxudum, tər məni basdı. Yazmışdılar ki, filan-filan rayonlara avtobus marşrutlarını idarə etmək həmin adı bədnam şirkətimizə tapşırılır.

Əlbəttə, Bakını yarıdıblar, indi daha geniş ərazilərə metastaz verirlər. Bəzən dayanacaqda hansısa avtobusu 30-40 dəqiqə gözləyirsən. Kondisioneri elə işlədirlər sanki dilənçiyə sədəqədir. Nə dəqiq qrafik var, nə sürücülərdə mədəniyyət. Hökumət 200 min manatlıq avtobuslar alıb verib, yollarda ayrıca hərəkət zolağı ayırıb, gediş haqqını insafsız şəkildə qaldırıblar, lakin xidmət yenə “eşşək arabasıyla odun daşımaq” səviyyəsindədir. Bəs bu cür xidmətdən sonra sən hansı üzlə rayonlara da çıxırsan? Əlbəttə, daha sonra beynəlxalq səviyyəyə çıxmağın vaxtıdır. Monopoliya tam olmalıdır.

Mənim həmin rayonların camaatına yazığım gəlir. İndidən piyada getməyi öyrənsələr daha yaxşıdır. O cümlədən rayonlarda maşın sürənlər hazırlaşsın: əyləcin yerini bilməyən “as pilotlar” gəlir. Tappatap başlayacaq.

İşğaldan azad edilən ərazidə bir restoran var. Orada kiməsə 32 manata çay vermişdilər. Sonra guya təkzib edildi, dedilər bu qiymət “dəzgaha” aiddir (,əzi aparıcılarımız dəstgah sözünü bu cür çoxanlamlı ifadə edəndə mənə ləzzət edir). Ardıyca fısqırıq jurnalist araşdırılması aparıldı, gizli çəkiliş oldu, restoranı yalançı çıxardılar. Həqiqətən qaynar suya atılmış bir qaşıq quru çayı orada 32 manata satırdılar.

Çayın qiymətini öyrənmək üçün gizli çəkilişə məcburuq. Al sənə daha bir inkişaf. Bu dəfə KİV-in tərəqqisidir...

 

22.08.2024 09:45
1470