Azərbaycan ordusunun son üç il ərzində reallaşdırdığı hərbi əməliyyatların beynəlxalq və regional siyasət məkanına birbaşa təsiri inkaredilməz reallıqdır. Belə ki, həmin əməliyyatlar bir tərəfdən, Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin edib. Digər tərəfdənsə, beynəlxalq siyasi iradə mərkəzlərinin, xüsusilə də, dünya nəhənglərinin riyakarlığının ifşasına yol açıb. Və bu önəmli məqam indi rəsmi Bakının xarici siyasət hədəflərində nəzərə aldığı əsas faktorların sırasına daxildir.
Məsələ ondadır ki, Rusiya Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsində qətiyyən maraqlı olmadığını artıq açıq mətnlə etitaf etməyə başlayıb. Düzdür, Kreml bu etirafları ilk növbədə Ermənistanı qarışdırmaq, Paşinyan hakimiyyətini hədəfə çıxartmaq məqsədilə gündəmə gətirir. Ancaq bu, reallığı qətiyyən dəyişmir. Əksinə məlum olur ki, üçtərəfli anlaşmaların əsas vasitəçi olan Rusiya əslində, Cənubi Qafqazda “münaqişə ocağı”nın hələ uzun müddət mövcud olması üçün əlindən gələn hər şeyi edirmiş.
Buna əmin olmaq üçün Kremlin Paşinyan hakimiyyətini məhz Azərbaycanın ərazi bütövlüyünü tanımaqda ittiham etməsini nəzərə almaq belə, kifayətdir. Çünki Rusiya Ermənistanı Qarabağın Azərbaycan ərazisi kimi tanınmasına görə suçlayır. Halbuki, həmin bölgə beynəlxalq hüquq normalarına görə Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Ancaq Kremldə hesab edirlər ki, əgər, Ermənistan baş naziri Nikol Paşinyan Qarabağı Azərbaycanın ərazisi olaraq tanımasaydı, erməni xalqının milli maraqları bu qədər zərbə altında qalmazdı.
Belə anlaşılır ki, Kremlin 30 illik “Qarabağ mövzusu”nun gündəmdən çıxarılmasına qarşı xüsusi planları olub. Rusiya səhnəarxasında Azərbaycana qarşı fəaliyyət göstərməkdə davam edib. Azərbaycanı hələ daha 30 il də erməni separatizmi qarşı-qarşıya saxlamaq istəyib. Və bu, Azərbaycan-Rusiya münasibətlərinin əslində, Kremlin riyakarlığına girov olduğunu göstərir.
Fransa Rusiya ilə düşmənçilik münasibətlərində olsa da, rəsmi Paris də Azərbaycana qarşı Kremlin davranışlarını təkrarlayır. Son 30 ildə Minsk Qrupunun həmsədri olan Fransa öz riyakarlığını müxtəlif siyasi manevrlərlə maskalamağı bacarırdı. Ancaq Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən sonra Fransanın da maskası tamamilə yırtıldı. Rəsmi Parisin Azərbaycan düşmənçiliyi ifşa olundu.
İndi Fransa Cənubi Qafqazda sülh prosesinin pozulması üçün əlindən gələn hər şeyi etməyə çalışır. Ancaq rəsmi Bakı Fransanın bütün məkrli planlarını və hiyləgər oyunlarını bir-birinin ardınca pozmağı bacardı. Ona görə də, indi rəsmi Paris Cənubi Qafqazda hərbi-siyasi gərginlik və qarşıdurma yarada biləcək daha bir variantı sınaqdan çıxartmaq niyyətinə düşüb. Belə ki, Fransa Ermənistanın silahlandırılması prosesinə start verib.
Əslində, rəsmi Parisin bu niyyəti qətiyyən gözlənilməz xarakter daşımır. Çünki buna qədər Fransa Hindistanın üzərindən Ermənistanın hərbi teznika ilə təchiz edilməsinə başlamışdı. Ancaq indi belə məlum olur ki, bu, yetərli deyil. Hər halda, rəsmi Paris indi Ermənistana birbaşa Fransadan hərbi texnika göndərilməsi üçün hərəkətə keçib. Bu barədə iki ölkə arasında hüquqi sənədin imzalana biləcəyi ilə bağlı məlumat yayılıb.
Göründüyü kimi, Azərbaycana qarşı riyakarlıq edən, rəsmi Bakının beynəlxalq hüquq normaları çərçivəsində atdığı addımlara əngəl törətmək cəhdləri hələ də davam edir. Bu cəhdlərin müəlifləri sırasına ABŞ və Avropa Birliyi də yer alır. Hər halda, Rusiya ilə regional rəqabət içərisində olan ABŞ və Avropa Birliyinin son davranışları da Cənubi Qafqazda sülhə, sabirliyə və əmin-amanlığa xidmət etmir. Üstəlik, nə qədər qəribə də olsa, Azərbaycana qarşı təzyiqlərin göstərilməsi məsələsində Fransa kimi, ABŞ və Avropa Birliyinin də maraqları müəyyən mənada, Rusiya ilə üst-üstə düşür.
Maraqlıdır ki, ABŞ, Avropa Birliyi və Rusiya təmsilçiləri arasında Azərbaycana qarşı Türkiyənin İstanbul şəhərində gizli görüş keçirildiyi barədə məlumatlar yayılıb. Həmin məlumatlarda iddia olunur ki, bu gizli görüş sentyabrın 17-də - Azərbaycan ordusunun antiterror tədbirlərindən cəmisi bir neçə gün əvvəl baş tutub. Və görüşün iştirakçıları Azərbaycan ərazisi olan Qarabağ ətrafında yaranmış vəziyyəti müzakirə ediblər.
Onu da qeyd edək ki, gizli görüş barədə məlumatlı olan və adının çəkilməsini istəməyən yüksək səviyyəli diplomat Politico nəşrinə nəşrə bildirib ki, danışıqlarda əsasən Qarabağdakı erməni azlığının hüquq və təhlükəsizliyi ön planda olub. ABŞ Dövlət Departamentinin Qarabağa beynəlxalq müşahidə missiyasının göndərilməsi ilə bağlı Ağ Evin bəzi tərəfdaşlarıya məsləhətləşmələr apardığını bildirməsi də bu məlumatın doğru ola biləcəyini göstərir.
Göründüyü kimi, Azərbaycana qarşı məkrli planlar, hətta bir-biri ilə düşmən olan beynəlxalq dairələrin yeni ssenarilər qurmaq cəhdləri hələ də davam edir. Böyük ehtimalla gizli görüşün iştirakçıları Azərbaycanın Qarabağ üzərində özünün suveren hüquqlarını bərpa edəcəyindən əvvəlcədən məlumatlı olublar. Ona görə də, öz maraqlarına ciddi təhlükə hiss edən ABŞ, Avropa Birliyi və Rusiya təmsilçiləri rəsmi Bakının qarşısının alması ilə bağlı müzakirələrə ehtiyac duyublar. Halbuki, indi artıq tam əminliklə iddia etmək olar ki, rəsmi Bakı dünya nəhənglərinin növbəti məkrli planlarını həmişə olduğu kimi, yenə də pozmağa nail olub.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu