“Gilavar”da dava - 5 nəfər saxlanıldı

Avqustun 4-nə keçən gecə Bakı şəhər Nərimanov rayonu Ə.Dəmirçizadə küçəsində yerləşən “Gilavar” restoranında dava-dalaş olub.

Musavat.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, restoranda istirahət edən 5 nəfər sərxoş vəziyyətdə uca səslə danışmağa, bir-birilərinə qarşı təhqiramiz ifadələr işlətməyə başlayıblar.

Restoran əməkdaşları tərəfindən polisə müraciət edildikdən sonra hadisə yerinə 18-ci Polis Bölməsinin əməkdaşları gəlib. Polisin qanuni tələbinə qarşı çıxan şəxslərdən biri aqressiv davranışlarını daha sonra da davam etdirib. Bundan sonra həmin şəxslərin hamısı saxlanılaraq polis bölməsinə aparılıb. 

Onlardan ikisi - 1982-ci il təvəllüdlü Kamran Babayev və Elşən Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələri əsasında protokol tərtib edilib. Daha sonra onlar məhkəməyə göndərilib. Digər 3 nəfər isə izahatları alınaraq sərbəst buraxılıb.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Elşənə 20 sutka inzibati həbs cəzası verilib. Kamran isə 50 manat cərimə edilərək sərbəst buraxılıb. 

06.08.2024 17:48
1108