Gəzdiyi qadınların şəkillərini arvadına göstərdi, bunu bilən atası... – ŞOK

Zaqatala rayonunda 1985-ci il təvəllüdlü Ruslan qısqanclıq zəminində yaranan mübahisə zamanı həyat yoldaşı, 1989-cu il təvəllüdlü Leylanı (adlar şərti verilib – red.) öldürüb.

Ruslan 15 mart 2023-cü ildə aralarında olan telefon danışığı zamanı arvadı Leylaya barışmağı və yenidən birlikdə yaşamağı təklif edib. Amma Leyla onun bu təklifinə etiraz edib, ondan ayrıldıqdan bir müddət sonra başqa şəxslə ailə həyatı quracağını deyib.

Ruslan arvadının martın 16-da Zaqatala rayonunun kəndində birgə yaşadıqları evdən əşyalarını yığıb və aparmasından sonra sözlərini həqiqət kimi qəbul edib. O, qısqanclıq niyyəti ilə onu öldürmək qərarına gəlib.

Bu məqsədlə Ruslan martın 17-də saat 5 radələrində Leylanın atasının Zaqatala şəhərində yerləşən ikimərtəbəli binanın zirzəmisində gizlənib və pusqudа durmаqlа Leylanı gözləyib.

Daha sonra Leylanın saat 08.46-da işə getmək üçün hazırlaşması barədə həmin evdə yaşayan qohumundan mesajını aldıqda onun qısa zamanda evi tərk edəcəyini dəqiqləşdirib.

Bundan sonra saat 08.50-də işə getmək üçün Leylanın yaşadığı mənzili tərk etməsindən istifadə edərək gizləndiyi yerdən çıxıb və binanın eyvan hissəsində dayanıb. O, mənzili tərk edən Leylanı güllələyərək öldürüb.

İstintaq orqanı tərəfindən Ruslanın barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ruslan ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, 2012-ci ildə Leyla ilə ailə həyatı qurub və 2017-ci ilə qədər Zaqatala rayonunun kəndində yaşayıblar: “2017-ci ildə həyat yoldaşım Leyla anasının təkidi ilə şirkətlərdən birinin Zaqatala rayon filialında işə qəbul olundu. Həmin vaxt buna etiraz etmədim. Lakin bir müddət sonra oğlum gimnaziyada təhsil aldığından dərs saatlarının səhər tezdən başlaması ilə əlaqədar hər gün səhər 6 radələrində yuxudan oyanıb oğlumu Zaqatala şəhərə aparmışam. Fiziki hazırlığı ilə əlaqədar təlim-məşq tədbirlərində iştirak etməsi üçün oğlum həftənin bazar ertəsi, çərşənbə və cümə günləri axşam saat 20 radələrində təlim-məşq proseslərində iştirak etmək üçün gedib. Mən səhər oğlumu dərsə gətirdikdə təlim-məşq tədbirləri yekunlaşana qədər gözləmək məcburiyyətində qalmışam. Həyat yoldaşım da işə hər gün gedib-gəldiyi üçün evin işlərində müəyyən problemlər yarandı. Qeyd olunan səbəblərə görə Zaqatala rayonunun kəndindən Zaqatala şəhərinə hər gün gedib-gəlməkdə çətinliklər yaranmağa başladı. Həyat yoldaşıma işdən çıxmasını bildirdikdə isə belə niyyətinin olmadığını və Zaqatala şəhərində yaşamaq istədiyini bildirdi. Leylanın valideynləri də onun işdən çıxmasına etirazlarını bildirdilər”.

Təqsirləndirilən şəxs qeyd edib ki, təxminən hadisədən 1 il əvvəl həyat yoldaşı Leyla onun başqa qadınla aralarında sevgi münasibətinin olmasını öyrənib və həmin məsələ bir-birinə olan inamı sarsıdıb: “Leyla məni bağışlamasına baxmayaraq, hər gün həmin söhbəti xatırladaraq öz narazılığını dilə gətirməsinə, evə gəldikdə yenə xəyanət etdiyimi düşünərək deyinməsinə, Leylanın hər gün işə gedib-gəlməsinə əsəbiləşmişəm. Buna görə, Leylanı yaşadığımız evdə döymüşəm. Bu səbəbdən Leyla oğlumu da götürərək atasının Zaqatala şəhərindəki evinə köçdü. Leylanın şikayəti əsasında Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparıldı, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildi. Bir neçə gün sonra isə məhkəmədən gələn bildirişdən Leylanın boşanmaq üçün müraciət etməsi mənə məlum oldu”.

Ruslanın sözlərinə görə, daha sonra Leyla ilə barışmağa çalışsa da, buna nail ola bilməyib: “Leylanın qohumlarına boşanacağımız təqdirdə onu öldürəcəyimi demişəm. Polis şöbəsində aparılan araşdırmadan sonra xeyli müddət əvvəl lüləsi kəsilmiş halda meşədən tapdığım və ayrı-ayrı vaxtlarda ov etmək üçün istifadə etdiyim təhlükəli ov silahını gizlincə apararaq Leylanın yaşadığı evin zirzəmisinə qoydum. Təxminən hadisədən iki gün əvvəl Leyla ilə mobil telefon vasitəsilə danışaraq peşman olduğumu, bütün vaxtımı ailəmə sərf edəcəyimi və Zaqatala şəhərində yeni aldığım mənzili də arvadımın adına rəsmiləşdirərək bir yerdə yenidən yaşamağı xahiş etdim. Lakin Leyla razı olmadı və yenidən ailə həyatı quracağını dedi. Bundan sonra Leylanın mənimlə barışaraq yenidən bir yerdə ailə kimi yaşamayacağı təqdirdə onu öldürməyi qərarlaşdırdım”.

Təqsirləndirilən şəxs qeyd edib ki, martın 16-da oğlunu məktəbə aparmaq üçün Leylanın yaşadığı evə gedib: “Orada olan zaman Leyla ilə söhbət etmək istəsəm də, Leyla nalayiq ifadələr işlədərək məni təhqir etdi. Yenə də Leylanın mənimlə barışacağına ümid etmişəm və Zaqatala Rayon Məhkəməsində nikahın pozulması ilə bağlı keçirilən məhkəmə prosesində iştirak edərək arvadımdan boşanmaq istəmədiyimi bildirmişəm. Oğlumun martın 20-də Bakı şəhərində təşkil olunacaq güləş yarışmasında iştirak etməsi zəruri olduğundan onu Bakı şəhərinə apardım. Orada olan zaman bacanağım Əli ilə danışıq əsnasında Leylanın evdə olan bütün əşyalarını yığaraq atasının evinə aparması mənə məlum oldu. Bundan sonra həmin məsələni dəqiqləşdirmək üçün oğlumu Bakı şəhərində bacımın yaşadığı evdə qoyaraq Zaqatala rayonu istiqamətində yola düşdüm. Martın 17-də, təxminən saat 4-5 radələrində Zaqatala rayonunun kəndində yerləşən fərdi yaşayış evimizə daxil oldum. Evdə olan əşyaların yerində olmadığını gördüm. Artıq Leylanın barışmaq niyyətinin olmadığını başa düşərək onu öldürmək qərarına gəldim. Bu məqsədlə Leylanın atasının evinin zirzəmisində bir müddət əvvəl gizlətdiyim silahı xatırladım. Evdən iki ədəd patronu götürdüm və Zaqatala şəhərinə gəldim. Leylanın yaşadığı evin zirzəmisində gizləndim. Daha sonra özüm ilə götürdüyüm patronun bir ədədini silahın lüləsinə yerləşdirdim və silahı atəşə hazır vəziyyətə gətirdim. Leyla evdən çıxan zaman mənə xəbər verməsini Əlidən xahiş etdim. Bir qədər sonra isə qapının açıldığını, Leylanın anasının səsini eşitdim. Onların evdən çıxdığını başa düşdüm və dərhal gizləndiyim yerdən çıxaraq arxa tərəfdən binanın dəhliz hissəsinə daxil oldum. Bu zaman Leylanın qapıdan çıxdığını, arxasının mənə tərəf olduğunu, anasının isə ondan təxminən 2 metr məsafədə kənarda olmaqla, onun görünüş dairəsində olduğunu gördüm. Silahı Leylaya tərəf tuşladım və təxminən 10 metr məsafədən bir dəfə atəş açaraq geri dönərək qaçdım. Bu zaman istifadə etdiyim mobil telefon və qalan bir ədəd patron cibimdən düşdü. Daha sonra silahı küçəyə çıxış darvazasının yanına qoydum və Zaqatala Rayon Polis Şöbəsinə getdim. Baş vermiş hadisə barədə məlumat verdim”.

Cinayət işi üzrə zərərçəkmiş Leylanın hüquqi varisi qismində tanınan atası İlqarın sözlərinə görə, qızı Leyla Ruslanla evlənib: “Bundan sonra qızım və kürəkənim Rusiya Federasiyasına gedərək orada yaşadılar. Bir müddət sonra qızım anası və bacısı ilə əlaqə saxlayaraq Ruslanın maska və beşbarmaq adlanan alət gəzdirdiyini, həbs olunacağı halda tək qalacağını və Ruslanın hər gün onu döyərək əzab verdiyini bildirdiyi üçün qızımı Zaqatala şəhərinə gətirdim. Bu zaman isə Ruslanın da Zaqatala rayonuna qayıtması mənə məlum oldu. Bundan sonra Ruslan üzrxahlıq edərək Leyla ilə barışmaq istədiyini bildirdi. Mən də qızımın boşanmaması üçün razılaşdım. Qızım ilə Ruslan barışaraq birlikdə yaşamağa davam etdilər. Bir müddət sonra Ruslan yenidən öz hərəkətlərinə davam etməyə başlasa da, qızımın boşanmaması üçün barışıq əldə etməyə çalışdım. Leyla da istəklərim ilə razılaşmağa məcbur oldu. Sonradan qızım şirkətlərin birinin Zaqatala rayon filialında işləməyə başladı. Yenə də onların mübahisəsi olub. Ruslanın hərəkətlərindən bezən qızım boşanmaq üçün müraciət etsə də, sonradan Ruslanın yalan vədlərinə inanıb, onunla barışıb”.

İlqar qeyd edib ki, təqsirləndirilən Ruslan səbrsiz, davaya meylli və ailəsi olduğu halda başqa qadınlarla ünsiyyət saxlayan bir insan olub: “Ruslan başqa qadınlarla münasibət saxladığı və münasibətdə olduğu qadınların fotoşəkillərini qızıma göstərdiyi üçün aralarında mübahisə yaranıb. Ruslan qızımı döydüyü üçün oğlunu da götürərək mənim yaşadığım evə gəldi. Bu məsələ ilə əlaqədar Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparıldı. Döyülmə nəticəsində qızımın bədənində xəsarətlər yaranıb və qızımın iş yoldaşı tərəfindən mobil telefon vasitəsilə qeyd olunan xəsarətlərin fotoşəkilləri çəkilib. Ruslan qızımı dəfələrlə döyüb, nalayiq ifadələrlə təhqir etdiyi üçün onunla barışmaqdan imtina edib və boşanmaq üçün məhkəməyə müraciət edib. Bu zaman Ruslanın atası boşanacağı halda oğlunun Leylanı öldürmək niyyətinin olduğunu dedi. Ruslan da Leylanı öldürəcəyi barədə fikirlər səsləndirib. Qohumlarımıza da bu barədə bildirib”.

İlqarın ifadəsinə görə, martın 17-də, saat 8 radələrində işdə olan zaman həyat yoldaşı ona zəng edib və qızının öldürüldüyünü deyib: “Mən də dərhal yaşadığım evə gəldim. Daha sonra həyat yoldaşımdan hadisə barədə soruşdum. Bu söhbətdən həyat yoldaşım evdən çıxanda Leylaya qapını bağlayaraq çıxmasını deməsi, bu zaman atəş səsinin gəlməsi, geri dönərək baxdıqda Leylanın yerdə üzü üstə, hərəkətsiz şəkildə uzanmış vəziyyətdə olması, kürək hissəsindən qanın axması və ona yaxınlaşdıqda nəfəs almadığını gördüyünü bildirdi”.

Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ruslan 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib./Teleqraf.com

09.02.2024 15:41
1522