Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin yüksək rütbəli zabitlərinə cəza istənilib.
Musavat.com xəbər verir ki, hakim Camal Ramazanovun sədrliyi ilə baş tutan prosesdə dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edib.
O, Fikrət Mirzəyevin 12 il azadlıqdan məhrum edilməsini təklif edib. Fikrət Mirzəyev Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin sabiq rəisi olub.
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə isə prokuror Ziya Mansurov ittiham nitqi ilə çıxış edib.
Prokuror Müdafiə Nazirliyi Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik-leytenant Mahir Şirvanovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin Maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
E.Məmmədəliyev,
Musavat.com