General Tüfekçi Bakıya niyə gəlmişdi - yeni silahlar və Şuşa...

Ekspert: “Proqnozlar Cənubi Qafqazda yeni müharibə ehtimalının olacağını deyir”

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda işgüzar səfərdə olan Türkiyənin milli müdafiə nazirinin müavini Celal Sami Tüfekçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə  nazirlikdən məlumat verilib.

Sonra Müdafiə Nazirliyində türkiyəli nümayəndə heyəti ilə görüş keçirilib. Nazir Azərbaycanla Türkiyə arasında digər sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın daim inkişaf etdiyini bildirib. Ölkələrimiz arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu xüsusi vurğulayıb. Müdafiə naziri ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyəyə çatmasında hər iki dövlət başçısının səmimi münasibətlərinin əvəzsiz rolu olduğunu qeyd edib.

Tüfekçi isə öz növbəsində ölkəmizə səfərindən məmnunluğunu ifadə edib. Ölkələrimiz arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini bildirib.

Türkiyə Respublikasının Azərbaycandakı səfiri cənab Cahit Bağcının və qardaş ölkənin müdafiə sənayesi şirkətləri rəhbərliyinin də iştirak etdiyi görüşdə hərbi təchizat sahəsində birgə layihələrin əhəmiyyəti qeyd olunub. Ölkələrimiz arasında hərbi, hərbi-texniki və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi, həmçinin regional təhlükəsizlik məsələləri müzakirə edilib.

Azərbaycan müdafiə sənayesi naziri Vüqar Mustafayev Bakıda işgüzar səfərdə olan Türkiyə milli müdafiə nazirinin müavini Celal Sami Tüfekçinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüş zamanı Türkiyənin müdafiə sənayesi şirkətləri ilə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi arasında əməkdaşlıqların daha da inkişaf etdiriləcəyi vurğulanıb.

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirib ki, gələn il hərbi təyinatlı yerli istehsal böyük dərəcədə artacaq: “Gələn il həm dövlət, həm də özəl sektor tərəfindən hərbi təyinatlı məhsulların istehsalına ən azı bir milyard manat sərmayə qoyulacaq. Beləliklə, biz nəinki özümüzü əsas vasitələrlə təmin edəcəyik, Azərbaycan dünya miqyasında çox ciddi ölkəyə çevriləcək, bizim hərbi təyinatlı məhsulların həcmi və sayı böyük dərəcədə artacaq”.

Yada salaq ki, Şuşa Bəyannaməsi Bakı-Ankara hərbi əməkdaşlıq əlaqələrini yeni mərhələyə gətirib. Bəyannamədə yazılıb ki, tərəflər dəniz, hava və kosmos sahələrində qarşılıqlı texnologiya mübadiləsini həyata keçirərək müştərək qabiliyyətlərin inkişaf etdirilməsi məqsədilə birgə layihələrin yerinə yetirilməsini təşviq edəcək. Həmçinin qarşılıqlı müdafiə sənayesi texnologiyalarının inkişaf etdirilməsinə müsbət töhfə verəcəklər, sahib olduqları silah və sursatla təchiz edəcəklər.

Tüfekçi hərbi texniki layihə mühəndisi kimi tanınır və bu profilli müxtəlif şirkətlərdə məsləhətlər verib. Nazir müavini təyinatınadək Rabitə Peykləri Proqramının Direktoru vəzifəsində çalışıb. 

Görünən budur ki, əsas profili silahlar olan nazir müavininin səfərinin əsas məqsədi də birgə silah müəssisələri ilə bağlıdır.

Deputat Vüqar İskəndərov da belə təhdidlər alır...

Vüqar İsgəndərov

Deputat Vüqar İsgəndərov bu səfərin böyük önəm daşıdığını diqqətimizə çatdırdı: “Dünyada Azərbaycan və Türkiyə qədər bütün sahələri özündə əks etdirən birlik, qardaşlıq nümunəsi göstərə biləcək ikinci ölkə tapmaq mümkün deyil. Göz gəzdirsək, bir çox eyni kökü olan xalqlar, dövlətlər mövcuddur. Onların da qarışıqlı dostluğa, qardaşlığa söykənən əlaqələri var. Amma Azərbaycan və Türkiyə arasında təkcə ortaq dil, din, dərin köklər, mədəni dəyərlər deyil, həm də ruhi bağlılıqlar var. İnsan necə ki, özündə olan keyfiyyətləri bir müddət sonra ya qardaşında, ya da övladında görə bilir, həmin keyfiyyətləri duyur, iki qardaş xalq arasında da bunlar müşahidə olunur. Digər yaxın xalqlar arasında bu cür halları görmək mümkün deyil. Ona görə də bu iki dövlət sözün həqiqi mənasında bir millət formatında hazırda dünyada sayılıb-seçilən dövlətlərdir. Hər iki ölkənin liderlərinin həmçinin yaxın dostluq əlaqələri mövcuddur. İki qardaş xalqın ortaq dəyərlərini özündə ifadə edən qərarların müəllifləridir. Buna misal olaraq, Şuşa Bəyannaməsini göstərmək olar. Bizi bu müqavilə bütün sahələr üzrə ortaq sahiblərə çevirdi. Türkiyənin milli müdafiə nazirinin müavini Celal Sami Tüfekçinin ölkəmizə səfərə gəlməsi iki ölkə arasında hərbi sahə üzrə əlaqələrin gələcək inkişafı baxımından daha da önəm daşıyır. Türkiyəli general yalnız ölkəsində deyil, regionda hərbi sənaye sahəsinin mahir bilicisi və mütəxəssisi kimi tanınır. Kifayət qədər təcrübəli insandır. Onun Zakir Həsənovdan sonra müdafiə sənayesi naziri ilə görüşməsi, çox önəmli ortaq məsələsi müzakirə etməsi dediklərimizə əyani sübutdur. Şuşa Bəyannaməsinin bəndlərində hərbi sahə üzrə əlaqələr daha da genişləndirilib. Cənab Prezidentin 2024-cü ildə hərbi sənayenin inkişafı, yeni silahların alınması üçün 1 milyard manatın ayrıldığını deməsi də bu il üçün bir müjdə oldu. Artıq bunun üçün əməli işə də keçilib. Bu səfər yeni işlərin başlanğıcı sayıla bilər”. 

Jurnalist Səxavət Məmməd həbs edildi — FOTOLAR

Səxavət Məmməd 

Hərbi ekspert Səxavət Məmməd isə qeyd etdi ki, Türkiyə ilə Azərbaycan arasında xüsusilə hərbi sahədə əməkdaşlıq ən yüksək səviyyədə inkişaf edir. Azərbaycan Türkiyədən hərbi məhsullar almaqla yanaşı, silah sənayesini də inkişaf etdirmək istəyir: "Artıq Türkiyə şirkətləri ilə Azərbaycan arasında müqavilələr imzalanıb. Bu o deməkdir ki, iki ölkə bundan sonra birgə silah istehsalını da həyata keçirəcək. Azərbaycanın bu baxımdan çox ciddi potensialı var. Türkiyə də bunun fərqindədir. Ona görə də iki ölkə əməkdaşlıq üçün can atır. Azərbaycan silah sənayesini hər gün daha çox inkişaf etdirməyə çalışır. İstər dövlət, istərsə də özəl sektorda inkişaf göz önündədir. Bundan əlavə, Azərbaycan silah sənayesinə ciddi yatırımlar da edir. Nəzərə almaq lazımdır ki, münaqişələrin alovlanması və miqyasının artması silah bazarına da ciddi təsir göstərib. Azərbaycanın istehsal etdiyi atıcı silahlar keyfiyyəti ilə seçilir. Ona görə də alıcısı var. Hesab edirəm ki, Türkiyə ilə bir müasir texnologiyaların tətbiqi ilə daha ciddi nəticələr əldə etmək mümkündür. Bundan əlavə, regionda gərginlik artan xətt üzrə gedir. Yaxın Şərqdə ciddi hadisələr baş verir, bundan əlavə, İran İraq və Pakistana zərbələr endirir, Rusiya-Ukrayna müharibəsi uzanır. Proqnozlar Cənubi Qafqazda da müharibə ehtimalının olacağını deyir. Bu baxımdan Türkiyə ilə Azərbaycanın birgə fəaliyyəti, xüsusilə hərbi sahədəki əməkdaşlığı vacibdir. Bu həm də dövlətlərin təhlükəsizliyi baxımdan da çox önəmlidir. Hesab edirəm ki, indiki şəraitdə Azərbaycan və Türkiyənin hərbi rəhbərlərinin tez-tez telefon danışıqları və qarşılıqlı səfərlərinin şahidi olacağıq".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

 

19.01.2024 13:48
1382