General Haftar Azərbaycan neftinin qiymətini bahalaşdırdı

İlham Şaban: “Neft qiymətləri sabit olmur, bu artım da müvəqqəti xarakter daşıyır, çünki...”

Liviyada bu həftə başlayan siyasi böhran Azərbaycanın “Azeri Light” markalı neftinin qiymətinin xeyli artmasına səbəb olub. “Reuters”in treyderlərə istinadən verdiyi məlumata görə, Tripoli və Benqazi hökumətləri arasında münaqişə səbəbindən neft hasilatının dayandırılması bazarda gərginliyi artırıb və bu da öz növbəsində Liviya neftinə oxşar xüsusiyyətlərə malik Azərbaycan neftinə tələbatı artırıb.

Liviyada neft blokadası Mərkəzi Bankın rəhbərinin dəyişməsi səbəbindən  başlayıb. Əsasən Qazaxıstan neft istehsalçılarından alınan CPC Blend yüngül nefti Rusiyanın Qara dənizdəki Yujnaya Ozereyevka limanından göndərilir. BTC boru kəməri ilə nəql edilən neftə gəlincə, o, Azərbaycanın yataqlarından çıxarılır və Bakı-Tiflis-Ceyhan marşrutu ilə Aralıq dənizindəki Ceyhan limanına yüklənmək üçün verilir. “Rapidan Energy Group” konsaltinq şirkətinin fikrincə, vəziyyət daha da pisləşə bilər ki, bu da dünya bazarında gündə bir milyon barelə qədər itkiyə səbəb ola bilər ki, bu da qlobal tədarükün təxminən bir faizini təşkil edir.

“Mərkəzi Banka nəzarət məsələsində kompromis əldə olunsa belə, son illərdə Liviyanın neft sektorunda nisbi sabitliyi təmin edən kövrək razılaşmanın dağıdıldığı görünür. 2025-ci ilə qədər hasilat daha az sabitləşəcək və pozulmalara daha çox meylli olacaq”, - “Energy Aspects Ltd.” konsaltinq şirkətinin geosiyasət üzrə rəhbəri Riçard Bronze avqustun 1-nə Liviyada gündəlik 1,27 milyon barel hasil edib. Bununla belə, avqustun 28-nə qədər gündəlik neft hasilatı təxminən 590 min barelə düşüb. Liviyanın itkiləri davam edərsə, qiymət dalğalanmaları arta bilər.

Vaşinqtonda yerləşən “Rapidan” şirkətinin geosiyasi risk xidmətlərinin direktoru Fernando Ferreira “ümumiyyətlə, hasilatın kəsilməsinin gündə 900 min bareldən 1 milyon barelədək olacağını və bir neçə həftə davam edəcəyini gözləyirik” deyib.

“Bloomberg” agentliyinin məlumatında da qeyd edilirdi ki, ərazisində iki hakimiyyətin fəaliyyət göstərdiyi Liviyanın Mərkəzi Bankını kimin idarə etməsi ilə bağlı çıxılmaz vəziyyət yaranıb. Şimali Afrika ölkəsi tədricən iqtisadi xaosa sürüklənir. OPEC-in üzvü olan bu dövlətin iki rəqib hökuməti arasındakı qarşıdurma ölkənin gündəlik təxminən 1 milyon barel neft hasilatının dayandırılması ilə nəticələnə bilər. Digər tərəfdən, inflyasiyaya qarşı mübarizə və iqtisadiyyata zərbə vuran pandemiyadan sonra Liviyada yoxsulluğun səviyyəsi də artır. Bu ölkədə neft hasilatının dayandırılması qlobal qiymətləri artıra bilər.

Yeri gəlmişkən, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2024-cü ilin oktyabrından 2025-ci ilin sentyabrına qədər bir il ərzində könüllü 2,2 milyon barel hasilatın azaldılmasını mərhələli şəkildə dayandırmağa hazırlaşır.

Dünya birjalarında isə neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Ötən gün Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,14 dollar azalaraq 77,38 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,54 dollar artaraq 74,09 dollar təşkil edib.

Yada salaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 dollardan hesablanıb. “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Azərbaycanın suveren fondu Dövlət Neft Fondunun neft və qaz gəlirlərində bu il əhəmiyyətli azalma müşahidə olunur. Bununla belə, hasilatın düşməsinə rəğmən qiymətlərin bu il öncəki ildən bir qədər baha olması gəlirlərdəki azalmanı kompensasiya edə bilib. Ölkənin əsas yataqlarından əldə edilən gəlirlər ötən illə müqayisədə 9.7 faiz azalıb. 2024-cü ilin ilk səkkiz ayında Azəri Çıraq Günəşli (AÇG) yatağından əldə edilən gəlirlər 4 milyard 271.6 milyon ABŞ dolları təşkil edib. Bu, 2023-cü ilin eyni dövründə 4 milyard 728 milyon dollar idi.

Şahdəniz yatağından (qaz və kondensat) gəlirlər də ciddi şəkildə azalıb. 2024-cü ilin 1 yanvar - 1 sentyabr dövründə bu yataqdan əldə edilən gəlir 364.46 milyon ABŞ dolları olub ki, bu da 2023-cü ildəki 1 milyard 183 milyon dollarlıq gəlirdən xeyli aşağıdır. Kondensat satışından əldə olunan gəlirlər isə 113.88 milyon dollar olub, ötən il bu rəqəm 259.55 milyon dollar təşkil etmişdi.

AŞG yatağının operatoru “BP Azerbaijan” bildirib ki, 2024-cü ilin ilk altı ay üçün AÇG-dən ümumi hasilat - Çıraq (22 000), Mərkəzi Azəri (96 000), Qərbi Azəri (77 000), Şərqi Azəri (52 000), Dərinsulu Günəşli (57 000), Qərbi Çıraq (29 000) və ACE (3,000) platformalarından birlikdə - gündə orta hesabla 336 000 barel və ya ümumilikdə təxminən 61 milyon barel, yəni 8 milyon ton olub.

2023-cü ilin birinci yarısında AÇG-dən ümumi hasilat - Çıraq (23 000), Mərkəzi Azəri (98 000), Qərbi Azəri (91 000), Şərqi Azəri (61 000), Dərinsulu Günəşli (67 000) və Qərbi Çıraq (35 000) platformalarından birlikdə - gündə orta hesabla 375 000 barel və ya ümumilikdə təxminən 68 milyon barel, yəni 9 milyon ton olmuşdu.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, Azərbaycan 2023-cü ilin ilk yarısında neftin bir tonunu xaricə 608 dollara satdığı halda, qiymətlər bu il artaraq 628 dollar olub.

Bəs Liviyada baş verənlərdən dolayı “Azeri Light” markalı neftin qiymətinin artması ölkəmiz üçün nələr vəd edir? Bu artım uzunmüddətli olacaqmı? Büdcəyə nə kimi gəlir gətirəcək?

İlham Şaban: “Azərbaycan bir zamanlar Avropanın tikmək istədiyi “Nabucco”  layihəsini canlandırır” – Caspian Barrel

İlham Şaban

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, Liviyada olan münaqişə dünya bazarında neftin ixracını azaldıb: “Liviya nefti əsasən Avropanın Aralıq dənizinin sahillərindəki neftayırma zavodlarına daşınırdı. Məsafə baxımından ən optimal variant idi. O dayandığında Azərbaycan neftinə tələbat çoxalır. Tarixdə ilk dəfə olaraq "Azeri Light"ın “Brent” markalı neftdən üstün satılma qiyməti 4 dollardan bir qədər çox olub. Alıcılar keyfiyyət parametrlərinə uyğun neft axtarırlar. Bu da təbii ki, bazarda qıtdır. İkinci bir tərəfdən, Azərbaycan bundan nə qədər qazanacaq sualı çıxır. İş burasındadır ki, hasilatımız əsasən 2020-ci ildən sonra azalmağa doğru gedib. İldə 12 faiz azalma tempi qeydə alınıb. Bu baxımdan ilin ortasında 336 min barel Azəri-Çıraq-Günəşlidən neft hasil edirik. Təqribən 50 min barel "Şahdəniz"də hasil edilir. Bizim bazara çıxaracağımız öz  “light” dediyimiz neftin həcmləri 380 min bareldir. Ceyhan limanından bazara göndərdiyimiz tankerlərin arasında milyon barel tutumu olanı var. Onların kiçikləri 630 min bareldir. Milyon bareli doldurmaq üçün iki gündən bir “Aframaks” tipli tanker doldura bilərsən. Əgər kiçik tanker olsa, il yarıma birini doldurarsan. Yəni insanlar neft biznesi, neftin çıxarılmasından vəsaitin gəlməsi barədə şişirdilmiş düşüncədə olurlar. London birjasında 1 milyon nefti satılırsa, 80 milyon gələcəkmi, əlbəttə, yox. Məsələ o qədər də sadə deyil. KİV-lər Azərbaycan neftinin qiymətləri barədə gündəlik məlumat yazır. Bu “Brent” dən fərqli olaraq SİF qiymətlərdir. Kontraktların bir neçə tipi var. Azərbaycan artıq çoxdandır ki, SİF müqavilə tipli neft satışı ilə məşğuldur. Tutaq ki, Ceyhan limanında tanker doldurulur, bundan sonra müştərinin dediyi terminala aparılır, aparılan zaman hər hansı gözlənilməz vəziyyəti sığortalamaq üçün o xərclər ödənilir. Bundan sonra tankerin doldurulma xərci də ödənilir. Bu xərclər çıxandan sonra ələ gələn o pul, “Brent”in əvvəl satıldığı 2 dollar qədər edir. Dövlət Neft Fondu xalis neftin qiymətini göstərir. Bəzən olur ki, xərclər çıxılandan sonra xalis gəlir “Brent”dən də aşağı olur".

Ekspert əlavə edib ki, neft strateji məhsul olduğundan onun  qiyməti sabit qalmır, gah enir, gah da qalxır: “Bəli, neftin qiyməti qızıl kimi stabil qala bilmir. Qızılın qiymətinin qalxması altı aya çəkir. Ondan sonra illərlə stabil qala bilir. Ancaq neftin hər partiyasının öz qiyməti olur. Ona görə də şirkətlər öz büdcələrini, fəaliyyətlərini planlaşdıranda rüblük, illik orta qiymətdən çıxış edirlər. İndi  Liviyada qiymətin artmasına baxaq, bir həftə əvvəl Brent neft 76 dollara düşmüşdü. Dünyada baş verən bütün hadisələr, risklər neftin dəyərində əks olunur. Ona görə də düşünmək ki, bundan büdcəmiz xeyli gəlir əldə edəcək, yanlış olar. Əvvəldə tankerlərin doldurulması məsələsini də ona görə qeyd etdim. Baha qiymətdə bəlkə bir tanker satıldı. Ona görə orta qiymət cari ilin iyun ayında dürüstləşdirilmiş büdcədə 75 dollar götürülüb. İlin birinci yarısında Azərbaycan neftinin orta qiyməti 85 dollar idi. İlin ikinci yarısında neftin qiyməti 65 dollara qədər düşə bilsə, onun bizim büdcəyə heç bir neqativ təsiri olmayacaq. Çünki ortalama illik 65-85 dollardısa, ortalama illik 75 dollar olacaq. Bundan yuxarı nə qiymət olacaqsa, bu Azərbaycan büdcəsinin əlavə qazancı olacaq”.

İ.Şaban “neftin qiymət artımını hələ uzun müddət proqnozlaşdıra bilməyəcəyik” sualına belə cavab verib: “2020-ci ildən enerji bazarında çox təlatümlü, enişli-yoxuşlu mənzərəni müşahidə edirik. Bu neftçilərin günahı deyil. Heç kəsin gözləmədiyi tarixdə Yaxın Şərqdə müharibə başladı. Eyni zamanda gözlənilmədən Qırmızı dənizə gedən gəmiləri vurmağa başladılar. Rusiya-Ukrayna müharibəsi, Rusiya atom elektrik stansiyasını partlada bilər. Bu hadisələrdən dolayı proqnoz verilə bilmir. Gərək dünyada əmin-amanlıq olsun ki, digər mallar, xidmətlər də ona uyğun reaksiya versin”.    

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

04.09.2024 09:27
3680