Ekspert: “Onlarla müəyyən söhbətlər aparılmalı, maarifləndirici iş həyata keçirilməlidir”
Ötən həftə Ermənistanda əsirlikdə olan hərbçilərimiz Hüseyn Axundovla Aqşin Bəbirov azad edildi. Hər iki əsgərimiz bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda əlverişsiz hava şəraiti səbəbindən itkin düşmüşdü.
Aqşin Bəbirov və Hüseyn Axundovun Vətənə gələn kimi sosial media platformasında canlı yayıma qoşulmaları cəmiyyətdə birmənalı qarşılanmadı. Sosial şəbəkədə adi halda belə paylaşımlara diqqət edilməli halda, hərbçilər daha da diqqətli olmalıdırlar. Bu ilk növbədə öz həyatlarını riskə atmamaq üçün əhəmiyyətlidir. Ermənistanda təşkil olunan məhkəmədə hərbçinin sosial mediadakı paylaşımı onun əleyhinə istifadə olundu. İstər-istəməz sual yaranır: əgər əlimizdə 32 erməni əsir olmasa idi, gənc hərbçilərimizin taleyi necə olacaqdı?
Nəzərə almaq lazımdır ki, əsirlərin dəyişdirilməsi asan proses deyil. Azərbaycan tarixində Ramil Səfərov, Dilqəm Əsgərov, Şahbaz Quliyev nümunələri var ki, dövlət onların Vətənə döndürülməsi üçün mümkün olan hər addımı atdı.
Bu günə qədər hərbçilərin məhz sosial mediadakı fəaliyyətləri ilə bağlı dəfələrlə xəbərdarlıq edilib, cəza tədbirləri görülüb. Çünki bir düşünülməmiş addım bütün qoşun heyətini risk altına sala bilər.
Hərbi ekspertlərin diqqət çəkdiyi önəmli məqamlarda biri Aqşin Bəbirov və Hüseyn Axundova xüsusi güzəşt tətbiq edilməsidir. Onlar qeyd edirlər ki, adətən əsirlikdən qayıdan hərbçilər dərhal ailələrinə təhvil verilmir. Hərbçilər yalnız müəyyən müddətdən, profilaktik söhbətlər aparıldıqdan sonra evə buraxılırlar. Yəni birmənalı halda sosial media fenomenlərinin təşviqinə uymamaq lazımdır. Bəllidir ki, əsirlikdən qayıdan şəxsin psixoloji vəziyyəti kifayət qədər həssas olur. Belə bir vəziyyətdə olan şəxsdən müxtəlif məqsədlər üçün istifadə edilməsi ehtimalı yüksəkdir. Odur ki, sosial şəbəkədəki paylaşımlara diqqət etmək məqsədəuyğundur.
Telman Qasımov
Hərbi ekspert Telman Qasımov “Yeni Müsavat”a şərhində bildirdi ki, Hüseyn Axundovla Aqşin Bəbirov qeyri-döyüş şəraitində əsir düşüblər: “Əlbəttə ki, onların azad edilməsi sevindirici haldır. Bəs bu halda əsl qəhrəmanları necə təqdim edək? Qəhrəman əsirlikdən azad olunmur. Qəhrəmanlıq obrazı belə formalaşmır. Əgər düşməni məhv edərkən əsir düşübsə, haradasa başa düşmək olar. Amma onlar yolu azıblar. Əvvəllər olduğu kimi, müəyyən qədər ögey münasibətin də tərəfdarı deyiləm, amma qəhrəmanlaşdırmaq da düzgün deyil. Zaman var idi ki, əsirliyə düşən şəxs üzünü gizlədirdi. Hətta onlardan müsahibə götürmək belə müşkül məsələ idi”.
Hərbi ekspertin fikrincə, belə vəziyyətlərda ciddi maarifləndirmə işi aparılmalıdır: “İctimaiyyət nümayəndələri-ziyalılar, politoloqlar, ekspertlərlə müzakirələr təşkil edilməlidir. Əks halda, belə bir fikir formalaşa bilər ki, qəhrəman olmaq üçün əsir düşmək olar. Gənclərə başa salmaq lazımdır ki, əsir düşmək yaxşı hal deyil. Tarixə nəzər salsaq, hətta Stalin də öz oğlunu əsirlikdən xilas etmədi. O, alman generalını öz oğlu ilə dəyişdirməyə razı olmadı. Həmin dövrdə dövlət də əsirləri geri qaytarmaq istəmirdi. Cəmiyyətdə əsirlərə münasibət birmənalı deyildi. Əsirlər reabilitasiyadan keçirdilər, dövlət amnistiya verirdi, yalnız bundan sonra onlar azad vətəndaş olurdular. Əsir düşənləri işə götürmürdülər, qız vermirdilər. Hərçənd bunu düzgün hesab etmirəm. Zaman dəyişir, yanaşma da dəyişir. İstənilən halda onlar bizim vətəndaşlarımızdır”.
İlham İsmayıl
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Qafqazinfo”ya açıqlamasında keçmiş əsirlərin hərəkətlərini məsuliyyətsizlik kimi dəyərləndirib və onları gözdən saldığını deyib: “Dövlətimiz çox böyük humanist addım atdı, 32 erməni hərbçi ilə əsirlikdə olan 2 əsgərimizi dəyişdi, onları azad etdi. Açığını deyim, həmin əsgərlər (Aqşin və Hüseyni nəzərdə tutur - red.) nə döyüşdə, nə də kəşfiyyat zamanı əsir düşməmişdilər. Ona görə də onları xüsusi olaraq qəhrəmanlaşdırmaq lazım deyil. Bu vəziyyətdə qəhrəmanlaşdırılmalı olan Azərbaycan dövlətinin özüdür ki, 2 vətəndaşının müqabilində 32 nəfəri qarşı tərəfə verdi. İkincisi isə onlarla müəyyən söhbətlər aparılmalı, maarifləndirici iş həyata keçirilməlidir. Onlara izah edilməli idi ki, sosial şəbəkələrdə hər şeyi danışmaq, paylaşmaq olmaz. Bir dəfə müsahibə verib başına gələnlər barədə informasiya vermək kifayət edir. Nümunə kimi də Ramil Səfərovu göstərmək olar ki, o boyda proseslərdən qayıdıb gəldi, amma heç vaxt efirə çıxıb xüsusi olaraq başına gələnləri danışmadı. Bu şeyləri danışmağa ehtiyac yoxdur. Bir dəfə danışdın ki, düşmən bizə işgəncə verib, 1-2 faktı dedin, bəs edir. Əsirlikdən qayıdanların qeyri-ciddi söhbətlər etməsi, başlarına gələnlər barədə qeyri-ciddi ortamlarda, "TikTok" səhifələrində çıxış etmələri, belə şeylərə bulaşmaları onları gözdən salacaq. Cəmiyyətdə qeyri-ciddi qəbul olunacaqlar. Ona görə də yaxşı olardı ki, bu şəxslərlə maarifləndirici söhbətlər aparılsın”.
İ.İsmayıl əsirlikdən qayıdan Aqşin Bəbirovun anasının oğlu əsirlikdə olarkən onun erməni qızla evləndirilmək istənilməsi barədə dediklərini də qeyri-ciddi fikir adlandırıb: “Düşünmürəm ki, erməni xüsusi xidmət orqanları azərbaycanlı əsiri əməkdaşlığa cəlb etmək üçün belə bir addım atsın. Səsləndirilən bu kimi fikirlər keçmiş əsirlərin və ailələrinin qeyri-ciddi qəbul olunmasına yol açır”.
Hazırladı: Nigar HƏSƏNLİ