Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi Gəncədəki qətllə bağlı birgə məlumat yayıb.
Musavat.com-un xəbərinə görə, məlumatda bildirilir ki, dekabrın 11-i saat saat 20 radələrində Gəncə şəhərində 1980-ci il təvəllüdlü Əli Bayramovun qəsdən öldürülməsi barədə məlumat daxil olub.
Aparılmış araşdırmalarla 4 nəfər arasında baş vermiş mübahisə zamanı Əli Bayramov və onun 2000-ci il təvəllüdlü oğlu Ayxanın tanışları 1994-cü il təvəllüdlü Niyazi Bayramov və sonuncunun qardaşı 1986-cı il təvəllüdlü Kamal Bayramova bıçaq xəsarətləri yetirməsinə, K.Bayramovun isə buna cavab olaraq odlu silahdan atəş açaraq Əli Bayramovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.
Niyazi və Kamal xəstəxanaya yerləşdirilib, stasionar şəkildə müalicəsi davam etdirilir.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.
***
Gəncədə kütləvi dava olub.
Musavat.com APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Cavad Xan küçəsində qeydə alınıb. Dava zamanı bir nəfər güllələnərək öldürülüb, iki nəfər bıçaqlanıb.
Bıçaqlanan şəxslər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.