“Gəncədə futbolçularımızı möhkəm döydülər, sonra da saxta videogörüntülər yaydılar” – “Turan” klubunun ilk prezidenti ilə MÜSAHİBƏ

Vidadi Əhmədov Tovuzun “Turan” klubunun yaradıcısı və uzun illər bu klubun sponsoru olmuş şəxsdir.

O, Musavat.com-a komandanın yaranma tarixindən, ilk çempionluğundan, avrokuboklardakı iştirakından və digər maraqlı məqamlardan danışıb.

- 1992-ci ildə ölkəmiz müstəqillik əldə etdikdən sonra bazar iqtisadiyyatına keçidlə əlaqədar sahibkarlıqla məşğul olmuşam. İlk sahibkarlardan biri olmuşam, özəl müəssisə yaratmışam. 1992-ci ildə “Turan” peşəkar futbol klubunu təsis etmişəm. Həm sahibkarlıqla məşğul idim, həm də futbol klubuna rəhbərlik edirdim. Maliyyələşməsini mən təmin edirdim.

Söhbət “Turan Tovuz”dan düşmüşkən, Tovuz futboluna, “Turan”a bağlı bir insansınız. “Turan” deyəndə ağla gələn ilk insanlardansınız.

- Necə oldu ki, bu komandanı himayənizə götürdünüz və onun prezidenti oldunuz?

- Tovuzda çox gözəl futbol ənənələri olub. Tovuz Azərbaycan futbolunun vətəni hesab olunub desək, yanılmarıq. 1991-ci ildə “Məhsul” komandasının rəhbərliyi - Məzahir və Nizaməddin müəllim mənə yaxınlaşdılar. Bildirdilər ki, komandanın yarışa getməsi üçün onu maliyyələşdirmək lazımdır. Mən maliyyə dəstəyi göstərdim və komandanın gələcək taleyi ilə maraqlandım. Onlar bildirdilər ki, gələcək bəlli deyil, sahibsizdirlər. Söhbət əsnasında yeni güclü komanda yaratmaq barədə qərar verdik. Beləliklə, Azərbaycanda ilk peşəkar futbol klubu olan “Turan”ı yaratdıq. Kluba 1992-ci ildən 2003-cü ilə qədər sponsorluq etdim.

TURAN İDMAN.jpeg (121 KB)

Həmin illərdə ölkəmizdə Birinci Qarabağ müharibəsi gedirdi. Hamı çalışırdı ki, ruh yüksəkliyi yaratsın. Əhalini inandıra bilsin ki, biz torpaqlarımızı verməyəcəyik. Bu baxımdan da “Turan”ın yaradılması vacib idi. O vaxt daha çətin idi, buna baxmayaraq, futbola pul xərcləməyə davam etdik. Xalq üçün bu, lazım idi. Çox şadam ki, bu işi gördüm.

- Futbolçularınıza nə qədər maaş verirdiniz?

- Biz maaşı dollar hesabı ilə götürürdük. Qələbəyə görə 200 dollardan 500 dollara qədər mükafat təqdim edilirdi. Çempionluq olanda hər bir futbolçuya 4 min dollar mükafat vermişdim. Demək olar ki, ən yüksək ödəniş həmin ərəfədə “Turan” klubunda idi.

- Hansı məşqçilərlə işlədiniz? Hansının dövründə klubun fəaliyyəti genişləndi?

- Klubu yaratdığımız ilk gündən Azərbaycan futbolunun əfsanələrini Tovuza dəvət edib gördüyümüz işlərlə tanış edirdik, onlardan tövsiyə alırdıq. Hansı məşqçiləri dəvət etməklə bağlı məsləhətləri bizim üçün önəmli idi.

İlk məşqçimiz Zahid Hüseynov idi. O, bizə qədər “Neftçi” və “Dinamo- Minsk” komandasında oynamışdı. Zahid bəylə bir müddət işlədikdən sonra onun xəstəliyi ilə əlaqədar yollarımızı ayırdıq.

Ruslan Abdullayev ən güclü məşqçilərdən biri hesab olunurdu. 1993-cü ilin payızına qədər güclü kollektiv yaratdı. 1993-cü ildə mənə yaxınlaşıb dedi ki, komanda artıq çempionluğa hazırdır, amma onun AFFA ilə xoşa gəlməyən münasibətinə görə kluba da maneə törədə bilərlər. Buna görə də klubdan ayrıldı. Ondan sonra Xanoğlan Abbasov komandaya rəhbərlik etdi. Qış fasiləsində Kazbek Tuaevlə çalışdıq. O bizim dəvətimizi qəbul etdi və heç bir şərt qoymadan rəhbərlik etdi. Məhz Kazbek Tuaevin dövründə biz çempion olduq və UEFA-da təmsil olunduq.

TURAN SON.jpeg (188 KB)

- O zamanlar “Fənərbaxça” ilə də qarşılaşmışdınız. Lakin böyük hesabla məğlub olmuşdunuz. Ölkəmizi ilk dəfə avrokuboklarda təmsil edən klubun debütünün uğursuz olmasına səbəb nə idi?

- Təəssüflər ki, böyük hesabla məğlub olduq. Çünki o vaxt təcrübəmiz çox az idi. Bizim futbol Türkiyə futbolundan çox geri qalırdı.

Məğlubiyyətimizə baxmayaraq, İstanbulda stadionun yarıdan çoxu bizə fanatlıq edirdi. Bu da orada olan dostlarımızın sayəsində baş tuturdu. Stadion Turan bayraqları ilə bəzədilmişdi.

Həmin ərəfədə AFFA tərəfindən bizə maneələr olurdu. Elə sistem qurmuşdular ki, klublar öz oyunçularını istədikləri kimi transferə çıxara və ya digər klubdan futbolçu ala bilməzdi. AFFA bu səlahiyyətləri klubların əlindən almışdı. AFFA tərəfindən hakimlərə müxtəlif göstərişlər verilirdi.

Biz bunu nəzərə alaraq uşaq futboluna diqqət yetirdik. Çox güclü gənc oyunçular yetişdirdik. Gürcüstandan olan qardaşları legioner kimi cəlb etdik. Gənclərin peşəkar kimi yetişməsində onların bizə çox böyük köməyi oldu.

Daha sonra biz böyük Turan sevdalısı Naci Şensoyu məşqçi kimi klubumuza dəvət etdik. O, heç bir tələb qoymadan gəlib bizimlə işlədi. Azərbaycanda ilk legioner məşqçi idi. Ona iki min dollar maaş verirdik.

- Musa və Qurban Qurbanov qardaşlarının “Turan”a gəlişi də sizinlə bağlıdır. O necə olmuşdu?

- Baş məşqçimiz Ruslan Abdullayev komandanın güclü oyunçulara ehtiyacı olduğunu dedi. Musa Qurbanov adlı futbolçunun olduğunu bildirdi. O zaman imkanlarımız geniş idi. Mən klubun işçilərini Musanın arxasınca göndərdim. Sonradan bildirdilər ki, onun qardaşı Qurban Qurbanov da çox yaxşı oyunçudur. Beləliklə, böyük məmnuniyyətlə qardaşları “Turan”ın heyətinə daxil etdik. Qurban Qurbanov günün bütün hissəsini futbolla məşğul olurdu. İşinə böyük sevgisi var idi.

Musanı isə özümə sirdaş bilirdim. Bizim aramızda yaş fərqi az idi. Əksər vaxtı onunla müzakirələr aparırdım. Ağıllı məsləhətlər verirdi. Dəfələrlə onların evində olmuşam, ailəsi ilə tanış idim. Elşən və Tərlan Əhmədovlar da bizim klubda idilər. Lakin onların “Qarabağ” klubuna böyük maraqları var idi.

- Klub prezidenti kimi işlərə nə dərəcədə qarışırdınız?

- Mən ancaq maliyyə problemlərini həll etməklə məşğul olurdum. Məşqçinin işinə qarışmırdım. Müqavilələrin bağlanmasında məsləhət verirdim.

- “Kəpəz”lə oyununuzda qalmaqal yaşanmışdı. Səhv etmirəmsə, azarkeşlər futbolçularınıza hücum etmişdi. Nə baş vermişdi?

- Gəncədə futbolu çox sevirdilər. Böyük azarkeş kütləsi var idi. Lakin idmanda uduzmağı da gərək bacarasan. Onlar isə uduzmağa öyrəşməmişdilər. Müxtəlif variantlarla qalib gəlmək istəyirdilər. Bizim 3-1 hesabı ilə “Kəpəz”ə qalib gəlməyimizi heç cür qəbul edə bilmirdilər. Buna görə də nəzarətsizlikdən istifadə edərək “Kəpəz”in azarkeşləri futbolçularımızın soyunub-geyinmə otağına daxil olmuşdular və onları möhkəm döymüşdülər. Bu yolla bizi günahkar çıxarıb çempionluğu “Kəpəz”ə vermək istəyirdilər. “Kəpəz” hətta saxta videogörüntülər düzəldib AFFA-ya təqdim etmişdi ki, guya əslində qələbə onların haqqı idi. Lakin həmin oyunu gizli olaraq biz özümüz də çəkmişdik. Buna görə də əsl videogörüntünü ortaya qoyub “Kəpəz”in saxtakarlığını sübut etdik və oyunun yenidən keçirilməsinə imkan vermədik.

Qalmaqallı hadisə “Neftçi” ilə oyunda da baş vermişdi. Biz 2:1 hesabı ilə rəqibə qalib gəlmişdik. “Neftçi” təxribat yaradıb sübut etmək istəyirdi ki, guya biz tərəfdən rəqiblərə təzyiqlər olur. Komanda qəsdən oyunu yarımçıq buraxıb getmək istəyirdi. Lakin azarkeşlər onları buraxmadı, dedi, oyunu sona qədər oynamalısınız. Beləliklə, davam etdi və biz qalib gəldik.

- “Turan”dan ayrılmağınız necə oldu? Niyə davam edə bilmədiniz?

- Klubun texniki bazasının yaradılmasına böyük vəsaitlər sərf edirdik. Stadionu o vaxt özəlləşdirmişdik. Yeni tikililər tikdik, ot örtüyünü dəyişdik, drenaj sistemi yaratdıq. Gələcəklə bağlı yaxşı fikirlərimiz var idi. Lakin AFFA tərəfindən olan təzyiqlər bütün işlərə mane oldu. Sonradan isə maddi vəziyyətimin çətinləşməsi sponsorluğu davam etdirməyə imkan vermədi. 2003-cü ilə qədər klubun prezidenti oldum. Məndən sonra Tahir Yusifov klubun prezidenti oldu. O, klubun inkişafı üçün böyük vəsaitlər xərclədi. 2006-cı ildə o da yollarını ayırdı. Hazırda AFFA-nın yardımı və əsas sponsoru Ehtiram Quliyevin hesabına komanda ayaqdadır.

İndi də futbolla maraqlanıram. “Qarabağ”ın xarici klubla oyunlarını izləyirəm. Qurban Qurbanovla tədbirlərdə görüşürük.

Şahanə Rəhimli
Musavat.com

05.11.2024 13:59
2067