Gəncədə ana qeysəriyyə əməliyyatından sonra ölüb

Gəncədə qeysəriyyə əməliyyatı keçirən qadın vəfat edib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, 1993-cü il təvəllüdlü, 30 həftəlik hamilə olan şəxs 27 mart 2024-cü il saat 16:58 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzin Ginekologiya şöbəsinə huşsuz vəziyyətdə, ağır preeklampsiya, qanazlığı və sifilis diaqnozları ilə yerləşdirilib.

“Pasiyent qeysərriyyə əməliyyatı olunub və cinsi qız, boyu 41 sm, çəkisi 1 kq 300 qram olan uşaq dünyaya gətirib.

Daha sonra zahı qadın Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, 1 aprel saat 08:30 radələrində kəskin ürək-ağciyər çatışmazlığı diaqnozu ilə ölüm qeydə alınıb.

Ölüm halı ilə bağlı TƏBİB-in müvafiq komissiyası tərəfindən araşdırma aparılır. Cəsəd təşrih olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Ölümün dəqiq səbəbi aparılacaq patoloji anatomik müayinə nəticəsində aydınlaşacaq”.

Qeyd edilib ki, azyaşlının müalicəsi isə Perinatal Mərkəzin Yenidoğulmuşların reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Vəziyyəti stabildir.

01.04.2024 16:58
653