Dekabrın 22-də Vətən müharibəsi iştirakçısı Fərid Kərimli vəfat edib. Məlumat sosial şəbəkələrdə yayılıb. 1996-ci ildə Qazax rayonun Bala Çaylı kəndində anadan olan Fərid Vətən müharibəsindən sonra qan xərçənginə tutulub. O, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Bundan 4 gün öncə - dekabrın 18-də isə Qarabağ qazisi, 24 yaşlı Orxan Quliyev dünyasını dəyişmişdi. Sabirabad rayonunun Azadkənd kənd sakini olan Orxan Quliyev Vətən müharibəsində bir ayağını itirmişdi. O, Ağdamda gedən döyüşlər zamanı ayağından qəlpə yarası alaraq Bakıda hospitala yerləşdirilib və əməliyyat olunub, amma sağalaraq 14 gündən sonra təkrar döyüşlərə qatılıb. Müharibədən sonra isə ayağındakı şiş səbəbilə yatağa məhkum olub. Qazimiz sağ baldırında olan şiş toxumasının böyüməsi səbəbindən bu il aprelin 18-də Sabirabad Rayon Mərkəzi Xəstəxanasından Milli Onkologiya Mərkəzinə göndəriş əsasında əməliyyat olunub və ayağı amputasiya edilmişdi.
Müharibə, döyüş əməliyyatları əlbəttə ki, hərbçi, xüsusən də gənc əsgərlər üçün stress deməkdir. Bəs stress psixoloji travma bir neçə il ərzində şişə, xərçəngə gətirə bilərmi?
Yeri gəlmişkən, son dövrlər alimlər xərçəngin səbəblərindən biri kimi psixoloji faktordan daha çox rol oynadığını bildirirlər. Yada salaq ki, 1990-cı illərdə dünyada hər il 8 milyon insan xərçəngdən ölüb. Bədxassəli şişlərin ən çox yayılmış formaları ağciyər xərçəngi (1,3 milyon-16%), mədə (1,0 milyon-12,5%) və yuxarı həzm sistemi (0,9 milyon-11%, əsasən yemək borusu xərçəngi), qaraciyər xərçəngi ( 0,7 milyon-9%). Qeyd edilir ki, inkişaf etmiş ölkələrdə bədxassəli şişlərdən (həm profilaktika, ilk növbədə siqaretlə mübarizə, həm də erkən diaqnostika və müalicənin təkmilləşdirilməsi yolu ilə) xəstələnmənin artması və ölüm hallarının azalması tendensiyası müşahidə olunur. Proqnozlara görə, bu gün əsas artım keçmiş SSRİ ölkələrini əhatə edən, inkişaf etməkdə olan ölkələrdə olacaq. Alimlər hələ bir neçə il əvvəl qeyd edirdi ki, həm xərçəng xəstəliyinə yoluxma, həm də ölüm nisbətində böyük artım gözlənilir.
Şişlərin meydana gəlməsi, əldə edilmiş xüsusiyyətlərini sonsuz nəsillər silsiləsində ötürməyə qadir olan bir şiş hüceyrəsinin bədənində görünüşü və çoxalmasına əsaslanır. Buna görə də şiş hüceyrələri genetik olaraq dəyişdirilmiş hesab olunur. Şişin böyüməsi tək hüceyrədən başlayır; onun bölünməsi və yaranan yeni hüceyrələrin bölünməsi şişin böyüməsinin əsas yoludur. Şiş hüceyrələrinin digər orqan və toxumalara köçürülməsi və yayılması metastazların yaranmasına səbəb olur.
Emosional vəziyyətlər və xərçəng arasındakı əlaqəni araşdıran ən yaxşı tədqiqatçılardan biri Karl Yunqun davamçısı Elida Evansın "Xərçəngin Psixoloji Nöqtədən Tədqiqi" kitabında təsvir edilib. Yunq hesab edirdi ki, Evans xərçəngin bir çox sirlərini, o cümlədən xəstəliyin gözlənilməzliyini, niyə xəstəliyin bəzən illər sonra heç bir əlaməti olmadan geri döndüyünü və xəstəliyin niyə cəmiyyətin sənayeləşməsi ilə əlaqələndirilməsini həll edib.
Evans 100 xərçəng xəstəsi üzərində apardığı araşdırmaya əsaslanaraq belə nəticəyə gəlir ki, xəstəliyin başlanmasından qısa müddət əvvəl onların bir çoxu onlar üçün mənalı olan emosional əlaqələri itiriblər. O, onların hamısının öz fərdiliyini inkişaf etdirməkdənsə, bir obyekt və ya rolla (insan, iş, ev) əlaqələndirməyə meylli psixoloji tiplər olduğuna inanırdı. Bir insanın özünü bağladığı bu obyekt və ya rol təhlükə altına düşməyə başlayanda və ya sadəcə yox olduqda, belə xəstələr özlərini özləri ilə tək hiss edirlər, lakin eyni zamanda bu cür vəziyyətlərin öhdəsindən gəlmək üçün bacarıqlara sahib deyillər. Xərçəng xəstələri başqalarının maraqlarını birinci yerə qoyurlar. Bundan əlavə, Evans hesab edir ki, xərçəng xəstənin həyatında həll olunmamış problemlərin əlamətidir. Onun müşahidələri bir sıra sonrakı tədqiqatlarla təsdiqləndi və dəqiqləşdirildi.
Psixoloq Ülviyyə Murtuzova da mövzu ilə bağlı “Yeni Müsavat”a deyilənləri təsdiqlədi: “Dünya praktikasında artıq öz təsdiqini tapdı ki, bir neçə tibbi xəstəlik var ki, bunlardan ilk öndə onkoloji və şəkərli diabet xəstəlikləri dayanır ki, bunların səbəbini məhz psixoloji problemlər yaradır. Burada insanların keçirdiyi böyük bir qorxunun, təşvişin, həyəcanın formasında yaranan xəstəliklər əsas rol oynayır. Əgər biz müharibə dönəmi ilə bağlı danışırıqsa, bunun psixologiya elmində birbaşa adı postravmatik stress pozuntusu adlanır. Bundan əziyyət çəkən insanların stress qaynağının kəskin formada göstəricisi məhz müharibə dönəminə təsadüf edir. Təbii ki, burada 2-3 gündən artıq- bir ay davam edərsə, bu artıq stress pozuntusudur. Artıq bir aydan sonra bu müddət də uzanırsa, hərbi əməliyyatlar gedişatıdırsa, bu postravmatik stress pozuntusuna səbəb olur. Real ölüm və ya ölüm təhdidi ilə qarşılanmaq və hər an ölümlə üzləşəcək, bunun qorxusunu özündə yaratmaq, yaxud yaxınlığında kiminsə faciəvi şəkildə dünyasını dəyişməsi, bunu görərək çarəsiz qalması, bu durumun yaratdığı qorxu, çarəsizlik, təhlükə yaşama reaksiyalarıdır. Çarəsiz qaldıqları zaman nə isə edə bilməmək, çıxış yolu tapa bilməmək kimi düşüncələrində çaşqınlıq yaranır. Bu, affekt vəziyyətə düşərək bir nöqtəyə baxıb nə isə etmək istədiyin halda heç nə edə bilməməkdir. Burada gələcəyə inam azalmağa başlayır, duyğuların məhdudlaşması, insanlardan uzaqlaşma və yadlaşma hissi birbaşa yuxu pozuntularına səbəb olur. Hədsiz dərəcədə diksinmə reaksiyaları baş verir. Stressin növü birbaşa müharibə dönəmi və qaynaqlarda yaranır. Atəş altında qalma, bombalanma aktiv hərbi toqquşmalar dönəmində insanda postravmatik stress pozuntusu yaşanır. Təbii ki, bu vaxt qorxu, həyəcan hissinin, qan təzyiqinin yüksək səviyyədə olması, eləcə də ürəyin ritmi sürətlənir. Bu bioloji və psixoloji problemləri ortaya qoyur. Odur ki, insanlarda yaranan qorxu və təşviş həmin xəstəliklərin kökünü qoya bilir”.
Onkoloq Nəsimi Qasımov isə xərçəng xəstəliyinin psixoloji amillərlə bağlılığını inkar edir. O mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, xərçəng xəstəliyinin əmələ gəlməsi və fəsadlar törətməsi üçün uzun müddət vaxt lazımdır: “Birincisi bu qısa müddətdə ola bilməz. İkincisi, gərək insanın uzun müddət təsirdə saxlayar, onun neyrohumoral sistemində dəyişiklik əmələ gələr. O da uzun müddət təsir edər, bu qəti ola bilməz. Sadəcə olaraq Vətən müharibəsində aldığı zədələrə görə onda yanıq, yanıqdan sonra çapıq olubsa, orada yara əmələ gəlirsə, onun bədxassəli şişə keçmək ehtimalı yenə də 4-5 il çəkməlidir. Yəni 4-5 ildən sonra ola bilər. Bunu da qəbul etmək olar. Əgər qazimizin baldırında, həmin yerdən yaralanıb, dəridə xəstəlik olub-olmayıb, bunu bilmək vacibdir. Bunun qana dəxli yoxdur. Erkən yaşlardan genetik olan bir şey olur təqribən. Orada irsi xüsusiyyətlər də olur. Gənc yaşlarda da bu xəstəlik yarana bilər. Sadəcə olaraq yoxlamalar diqqətsiz olanda, pasiyent tərəfindən özünü vaxtaşırı yoxlatdırmayanda, yaxud da laboratoriyanın keyfiyyəti yüksək olmayanda onu aşkarlaya bilmir. Baldır nahiyəsində olan məsələni bilmək lazımdır ki, o dəridədirmi, sümükdədirmi, buna uyğun olaraq fikir söyləmək olar. Ancaq bunun da stressə qəti aidiyyəti yoxdur. Sadəcə olaraq müharibə vaxtında onun ayağı yana bilər, yanığın yerində dəri bitmiş olar, bitmiş yerdə çapıq əmələ gələ bilər. Çapıqda nekrotik hadisələr baş verə bilər, o yaralanar. Bu fonda nə isə olması mümkün ola bilər. Düzünə qalsa, bu da olmamalıdır. Qalan istənilən orqanda müharibə dövrünün stressinə görə bədxassəli şiş əmələ gələ bilməz. Çox dəyişiklik ola bilər, iştahası pozula bilər, neyrohumoral sistem dəyişdirilə bilər. Orqanların funksiyasında müəyyən dəyişikliklər ola bilər. Bu qəbul olunandır. Ancaq xərçəng xəstəliyi sırf hüceyrə patologiyasıdır. Hüceyrə patologiyası da orqanizmin xarakter xüsusiyyətlərindən və bəd xassəli şişi əmələ gətirən kanserogen maddələrin təsirindəndir. Bu da bir-ikigünlük olan məsələ deyil. Misal üçün, Çernobl hadisələrində üç aydan sonra mətbuat yazdı ki, insanlarda xərçəng yaranıb. Bu yalan idi, orada ən azı 10-15 il keçməli idi. Bu xəstəlik bir günə yaranan deyil. Hətta ilk hüceyrə əmələ gəlib xəstənin şikayəti əmələ gələnə qədər beş il vaxt keçir. Heç onu nə xəstə, nə də həkim bilir”.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”