Mingəçevir şəhərində 1984-cü il təvəllüdlü Xalidə baldızı Səbinəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Hadisə şəhərin Şəfa bağ massivində baş verib.
Xalidə həmin ünvanda yerləşən fərdi yaşayış evində Səbinə ilə mübahisə edib və onu qazan qapağı ilə döyüb.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Xalidə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, əri Sadiflə faktiki olaraq ayrılıb: “Birgə nikahdan doğulmuş 3 uşaq mənim yanımda qalıb. Buna görə də aliment tələbi ilə müraciət etdim. Qayınanam Validə, baldızım Səbinə və ərim Sadiflə bir evdə yaşayırıq. Münasibətlərimiz normal deyil. Aramızda tez-tez mübahisə olur. Aliment tələb etdiyimə görə baldızım mənə təhqiramiz sözlər deyir, mənimlə mübahisə edir”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, hadisə baş verən günü evdə axşam mürəbbə bişiririb: “Baldızım mənə yenə söz atdı. Dedi ki, əxlaqsıza bax, mürəbbə bişirir. Ona öz işinlə məşğul ol dedim. Anası da qızına irad tutdu, amma Səbinə məni yenə təhqir elədi. Sonra əlimə qazan qapağı alaraq “gəl görüm mənə neyniyəcəksən” dedim.
Pilləkəndan düşərkən yenə barəmdə xoşagəlməz ifadələr işlətdiyi üçün qazan qapağını stolun üzərindən götürərək ona atdım”.
Xalidə ifadəsinin sonunda törətdiyi əməlindən peşman olduğunu deyib.
Cinayət işi üzrə zərərçəkmiş qismində tanınan Səbinənin sözlərinə görə, Xalidə ilə qardaşından aliment alması ilə bağlı mübahisələri olub: “Xalidəyə düzgün etmədiyini bildirdim. O da özündən çıxdı, qışqıraraq danışmağa başladı. Anam və qardaşım bizi sakitləşdirmək istədi. Sonra Xalidə məni qazan qapağı ilə vurdu, xəsarət aldım".
Hadisə ilə bağlı Səbinə Mingəçevir şəhər polis şöbəsinə ərizə ilə müraciət edib. O, təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edib.
Mingəşevir şəhər Məhkəməsi Xalidəni 8 ay müddətinə islah işləri cəzasına məhkum edib./Teleqraf.com