“Ey türk gəncləri! İlk vəzifəniz Türkiyənin istiqlalını, Türkiyə Cümhuriyyətini əbədi olaraq mühafizə və müdafiə etməkdir. Bu, sizin varlığınızın və gələcəyinizin əsasıdır. Bu təməl sizin ən qiymətli xəzinənizdir. Gələcəkdə sizi bu xəzinədən məhrum etmək istəyən daxili və xarici bədxahlar olacaq. Bir gün istiqlaliyyətini və cümhuriyyətini müdafiə etməli olsan, vəzifəyə gəlmək üçün düşəcəyin vəziyyətin imkanları və şərtləri barədə düşünməyəcəksən. Bu ehtimal və vəziyyət çox əlverişsiz şəkildə özünü göstərə bilər.
Müstəqilliyə və respublikaya hücum etmək niyyətində olan düşmənlər bütün dünyada görünməmiş qələbəni təmsil edə bilərlər. Müqəddəs vətənin bütün qalaları zorla və hiylə ilə ələ keçirilə, bütün gəmiqayırma zavodlarına daxil oluna, bütün qoşunları dağıdıla, ölkənin hər guşəsi işğal oluna bilər. Bütün bu şərtlərdən daha betəri ölkədə hakimiyyət sahibi olanların qəflət, azğınlıq və hətta xainlik içində olmalarıdır. Bu iqtidar sahibləri hətta öz şəxsi maraqlarını istilaçıların maraqları ilə birləşdirə bilərlər. Millət məcburən taqətdən düşə, tükənə bilər.
Ey türk gələcəyinin oğlu! Bu şəraitdə belə sizin vəzifəniz Türkiyənin istiqlalını və cümhuriyyətini xilas etməkdir. Sizə lazım olan güc damarlarınızdakı nəcib qanda mövcuddur!"
Bunu Mustafa Kamal Atatürk türk gəncliyinə xitabən demişdi...
Prezident İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşündə də gənclərin torpaqlarımız uğrunda mübarizəsini xüsusi vurğuladı: “Güclü ordu qurmuşuq. Bu ordu düşməni 44 gün ərzində darmadağın edib, onları diz çökdürüb və torpaqlarımızdan qovub. Gözəl gənc nəsil yetişdirdik - vətənpərvər, tərbiyəli, milli ruhda tərbiyə almış gənc nəsil. Həmin bu gənclər bizim torpaqlarımızı azad ediblər. Laçını, Kəlbəcəri, o vaxt işğal altında olan digər torpaqları görməyən, bu bölgələrdən olan gənclər ölümə getməyə hazır idilər, ölümə də gedirdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların qəhrəmanlığını heç vaxt unutmayacağıq. Onların qəhrəmanlığı, şücaəti sayəsində biz bax bu gün burada oturmuşuq və bu gün bu torpaqlarda həyat canlanır”.
Mehdi Ağazadə
Göründüyü kimi, tarixin hər mərhələsində gəncliyə inam, güvən olub. Bu inam özünü həm döyüş meydanında, həm də siyasətdə göstərib. Müşahidələrə görə, son illər bu mənada gənclərin rolu bir qədər azalıb. İqtisadiyyat, biznes və digər sahələr daha cəlbedici görünür. Azərbaycanda gənclərin siyasətdəki fəaliyyəti ilə bağlı AĞ Partiyanın Gənclər Təşkilatının sədri Mehdi Ağazadə “Yeni Müsavat”a açıqlama verib. O bildirib ki, gənclər siyasətdən qaçırlar: “Gənclərin siyasətə marağı nisbətən azalıb. Siyasətlə aktiv məşğul olanlar arasında gənclərin sayı təəssüf ki, azlıq təşkil edir. Həmyaşıdlarımın siyasətə maraq göstərməməsini qınamıram. Gənclərin siyasətdən qaçmasının ilk səbəbi problemlərin çoxluğudur: təhsil, iş, ailə və s. Bu problemləri yox saymaq olmaz, lakin bu amillər siyasi düşüncənin olmamasına əsas deyil. Hesab edirəm ki, dövlətin inkişafı üçün gənclərin siyasətdə fəal iştirakı faydalı ola bilər. Belə bir ifadə var - gələcək gənclərin əlindədir. Siyasətdə gənclərə böyük yer ayrılmalıdır. Düşünürəm ki, məktəb illərindən siyasətə maraq yaratmaq olar. Siyasi polemikanın aparılması gənc yaşda siyasi düşüncənin formalaşması üçün vacibdir”.
M.Ağazadənin fikrincə, gənclərin sosial mediada çox zaman keçirməsi də faktorlardan biridir: “Fərqli fəaliyyətlərin yaranması siyasətə marağı azaldır. Əyləncə öz yerində, amma siyasətdən tamamilə uzaqlaşmaq da olmaz. Hər bir dövlətin aparıcı qüvvəsində gənclərin rolu danılmazdır. "Biz dövlətimizi qorumalıyıq" deyirik, amma bunu əməldə sübut etmək lazımdır. Siyasi fikirləri rahat şəkildə ifadə etmək inkişaf üçün vacibdir. Nəzərə alaq ki, nəsil yenilənir və vaxt gələcək biz orta, yaşlı nəsli əvəz edəcəyik. Bunu nəzərə alaraq, hesab edirəm ki, gələcəyimiz üçün hazır olmalıyıq".
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi" mövzusunda hazırlanıb.
Yazını hazırladı: Nigar HƏSƏNLİ