G7 Rusiyanın neft və neft məhsullarına qarşı sanksiyaları sərtləşdirəcək

Yeddilik Qrupu (G7) Rusiya nefti və neft məhsullarına tətbiq olunan qiymət tavanı ilə əlaqədar sanksiyaları sərtləşdirəcək.

Musavat.com xəbər verir ki, bu, G7 ölkələrinin maliyyə nazirləri və mərkəzi banklarının rəhbərlərinin ABŞ Maliyyə Nazirliyinin dərc etdiyi birgə bəyanatında əksini tapıb:

"Biz koalisiyanın neft qiymətləri ilə bağlı məhdudiyyətlərin lazımi şəkildə həyata keçirilməsini təmin etmək səylərini alqışlayırıq. Biz neft qiymətləri ilə bağlı məhdudiyyətlərin pozulmasına cavab olaraq əlavə təşəbbüslər göstərməyə və sanksiyalardan yayınmaq üçün kölgə donanmalarından istifadə ilə bağlı Rusiyanın xərclərini artırmağa sadiqik. Bu günə qədər gördüyümüz tədbirlərə əsaslanaraq, Kremlin gəlir mənbələrini, o cümlədən enerji gəlirlərinə yönəlmiş gələcək fəaliyyətləri və gələcək mədən imkanlarını məhdudlaşdırmaq niyyətindəyik”.

G7 ölkələri Rusiya əleyhinə sanksiyalardan yayınma cəhdlərinə qarşı çıxacaqlarını təsdiqləyiblər: “Biz maliyyə institutlarının Rusiyanın, xüsusən üçüncü ölkələrdə bizim sanksiyalardan yayınma cəhdlərini dəstəkləməmək üçün səylərimizi gücləndirmək və G7 şirkətlərinin Rusiya sanksiyalarından yayınma sxemlərinin bir hissəsi olmaması üçün özəl sektorla əlaqəni davam etdirmək niyyətindəyik. KXDR və Rusiya arasında hərbi əməkdaşlığın gücləndirilməsi BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin birbaşa pozulmasıdır”.

Xatırladaq ki, G7, Avropa İttifaqı və Avstraliya əvvəllər öz tabeliyində olan gəmilər və ərazilər üçün dəniz yolu ilə tədarük edilən Rusiya neftinin barelinə 60 dollar qiymət tavanı tətbiq ediblər. 2023-cü il fevralın 5-dən analoji məhdudiyyətlər Rusiyadan neft məhsullarının tədarükünə də şamil olunmağa başlayıb. Maksimum maya dəyəri neft məhsullarının kateqoriyasından asılı olaraq bir barel üçün 100 və 45 dollar müəyyən edilib. Bu məhdudiyyətləri dəyişdirmək üçün bütün Aİ dövlətlərinin və G7 üzvlərinin razılığı tələb olunur.

Musavat.com

26.10.2024 22:46
240