“Füzuliyə qayıdış Qarabağda məskunlaşmanın başlanğıcı idi” - Deputatdan önəmli açıqlama

Vüqar Bayramov: “Füzuli iqtisadi baxımdan böyük potensialı olan rayonlarımızdan biridir”

Məcburi köçkünlərin 30 ildən artıq müddətdir həsrətində olduqları doğma yurdlarına qayıdışı davam edir. Bu prosesdə sakinlərin Füzuli şəhərinə köç karvanının gedişi daha da intensivləşib. Ötən həftə Füzuli şəhərinə növbəti köç karvanı yola çıxdı.

AzərTac xəbər verir ki, ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə - 112 nəfər köçürülüb.

Dekabrın 18-də Bakı şəhərinin Qaradağ rayonundan növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 22 ailə - 94 nəfər köçürülüb.

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 380 ailənin, yəni 1 392 nəfərin daimi məskunlaşması təmin edilib.

Füzuliyə yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.

“Bu hisslər hamıya qismət olsun. Allah Prezidentimizə ömür versin, bu hissi bütün qarabağlılara yaşatdı”.

Bunu Füzuli sakini Nuriyə Cənnətəliyeva deyib.

19 yaşında Füzulini tərk etdiyini açıqlayan keçmiş məcburi köçkün işğaldan azad olunmuş məmləkətinə qayıtdığına görə çox sevincli olduğunu vurğulayıb.

N.Cənnətəliyeva Qarabağı işğaldan azad etmiş şəhidlərə rəhmət, qazilərə cansağlığı diləyib.

Füzulidən olan deputat Vüqar Bayramov şəhərdə bərpa-quruculuq işlərinin çox sürətlə getdiyini söylədi: “30 il Ermənistanın işğalında qalan və tamamilə dağıdılan Füzuli şəhəri bərpa edilir, yenidən qurulur. Çox intensiv şəkildə bərpa, yenidənqurma işləri aparılır. Nəzərə alsaq ki, Füzulidə məskunlaşma həm də Qarabağda məskunlaşmanın başlanğıcı idi. Füzulidən öncə Zəngilan və Laçın rayonlarında məskunlaşma olmuşdu. Həmin rayonlar Şərqi Zəngəzur iqtisadi rayonlarına daxildir. Artıq 1500-ə yaxın Füzuli sakini şəhərdə məskunlaşıb. İlin sonuna qədər bu rəqəmin iki minə qədər çatacağı gözlənilir. Bütövlükdə isə 2040-cı ilə qədər Füzuli şəhərində 50-yə qədər vətəndaşımızın məskunlaşacağı proqnozlaşdırılır. Proses çox intensiv şəkildə həyata keçirilir. Bizim mütəmadi şəkildə Füzulidə məskunlaşan sakinlərlə görüşlərimiz göstərir ki, füzulililər həm bərpa, yenidənqurma işlərindən, həm dövlət tərəfindən mənzillərlə təmin olunmaqdan, həm də məşğulluqlarla əlaqədar dövlət tərəfindən aparılan intensiv işlərdən razıdırlar. Nəzərə alsaq ki, məskunlaşma işləri ilə paralel olaraq həm də əmək yarmarkaları təşkil olunur. Bu yarmarkalar vasitəsilə məskunlaşmış vətəndaşlarımızın işlə təmin olunmalarına dəstək nümayiş etdirilir. Füzulililər tərəfindən məskunlaşma kifayət qədər yüksək qiymətləndirilir. Cənab Prezidentin bu sahədə həyata keçirdiyi siyasət, eyni zamanda Ali Baş Komandanımız tərəfindən ərazi bütövlüyümüzün, eləcə də suverenliyimizin tam bərpa olunması füzulililər tərəfindən rəğbətlə qarşılanır”.

Deputat fikirlərinə bu cür davam etdi: “Ölkə rəhbərinə etimad kifayət qədər yüksəkdir. Yenidənqurma işləri Füzuli şəhəri ilə yanaşı, həm də rayonun digər beş kəndində həyata keçiriləcək. Dövlətyarlı kəndi işğaldan azad edilmiş ərazilərdə qurulacaq ikinci “Ağıllıkənd” olacaq. Artıq bu kənddə də işlər başlanılıb. Bu kənd xüsusilə kənd təsərrüfatında, balıqçılıqda fərqlənir. Füzuli şəhəri iqtisadi baxımdan kifayət qədər böyük potensialı olan rayonlarımızdan biridir. Aqrar rayon olsa da, sənayedə, xidmət sektorunda, turizmdə kifayət qədər üstünlükləri var. Tarixi, mədəni, qış, yay, eyni zamanda sağlamlıq turizm imkanları var. Bütün bunlar imkan verir ki, Füzuli şəhərinin iqtisadiyyatının qısa zamanda formalaşması və inteqrasiya prosesi sürətlə həyata keçirilsin. Həm rəqəmlər, həm də proseslərin intensiv şəkildə aparılması ondan xəbər verir ki, Füzuli şəhəri, eləcə də işğaldan azad edilmiş rayon bütövlükdə bərpa edilsin, iqtisadiyyatı formalaşsın və ölkə iqtisadiyyatına yenidən inteqrasiya olunsun”. 

YAZINI HAZIRLADI: Cavanşir ABBASLI

20.12.2023 08:11
957