“Füzuli hava limanı ”Böyük qayıdış"ın qanadıdır"

İşğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində görülən işlər daha da sürətlənir

2026-cı ilə qədər Cəbrayılın Böyük Mərcanlı, Kaxulu, Sarıcallı və Maşanlı kəndlərinə ümumilikdə 3193 nəfərin köçürülməsi planlaşdırılır. Bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayeva deyib.

“2026-cı ilədək dövrü əhatə edən "Böyük Qayıdışa dair I Dövlət Proqramı"na müvafiq olaraq, Cəbrayılın Böyük Mərcanlı kəndində 149 fərdi ev tikiləcək, 542 nəfər köçürüləcək, Kaxulu kəndində 145 fərdi ev tikiləcək, 691 nəfər köçürüləcək, Sarıcallı kəndində 242 fərdi ev tikiləcək, 1016 nəfər köçürüləcək, Maşanlı kəndində isə 236 fərdi ev tikiləcək, 944 sakin köçürüləcək", - o jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, 2040-cı ilədək Böyük Mərcanlıda 6230 nəfər əhali üçün 1074 fərdi ev, Karxuluda 4428 sakin üçün 940 fərdi ev, Sarıcallıda 2360 sakin üçün 590 fərdi ev və bir neçə mərtəbəli yaşayış binalarının tikintisi layihələşdirilib. 

İ.Rzayevanın facebook profilində paylaşdığı bir məlumatı da sizinlə bölüşürük: “Mincivan qəsəbəsi bir cənnət guşəsidir. Düşmən işğalından azad edildikdən sonra yeni qəsəbənin təməli də qoyuldu. 2026-cı ilədək burda 628 fərdi yaşayış evi, 92 mənzildən ibarət 4 çoxmənzilli yaşayış binası və çox sayda qeyri yaşayış obyektləri inşa ediləcək”.

 

Siyasi təhlilçi Sona Əliyeva bildirdi ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları nəhəng tikinti meydançasını xatırladır: “Azad edilmiş bütün ərazilərimizdə işlər sürətlə aparılır. Bütün idarə və müəssisələr, tikinti briqadaları, insanlarımız qollarını çirmələyərək qoyulan hədəflərə doğru külüng vururlar. Cənab Prezidentin də bildirdiyi kimi, 2026-cı ilə qədər "Böyük Qayıdış" proqramının birinci mərhələsi tamamlanacaq. Bu mərhələdə 140 min məcburi köçkünün Qarabağ və Şərqi Zəngəzura qayıdacağı planlaşdırılır. Hazırda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun 3 şəhərində - Laçın, Füzuli, Şuşada, eləcə də kəndlərimizdə keçmiş məcburi köçkünlərin məskunlaşdırılması təmin edilir.

 Zəngilanın Ağalı kəndi azərbaycanlıların işğaldan sonra məskunlaşdığı ilk yaşayış yeridir. 10 may 2024-cü il tarixindən etibarən, keçmiş Laçın dəhlizinə daxil olan 3 yaşayış məntəqəsində - Laçında, Zabuxda və Susda da azərbaycanlıların məskunlaşdırılması təmin olunub. 

İşğaldan azad edilmiş ərazilərə böyük qayıdışın Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunması, ölkə prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdış”a dair I Dövlət Proqramı"nın təsdiq edilməsi təqdirəlayiqdir. 

Eyni zamanda qəbul olunmuş digər sənədlər və həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edərək dövlətimizin Qarabağın və  Şərqi Zəngəzurun dirçəlişində,  əhalinin dayanıqlı məskunlaşmasında və davamlı iqtisadi inkişafın təmin olunmasında məqsədyönlülüyünün göstəricisidir.

İşğaldan azad edilmiş ərazilərin  tam mənada inkişafına nail olmaq üçün birinci növbədə ən böyük təhlükə hesab edilən minaların və partlamamış hərbi sursatın zərərsizləşdirilməsidir. Bu, çətin bir iş olmaqla bərabər, təəssüf ki, həm də uzun müddət tələb edən bir işdir. Bununla həmin ərazilər bütövlükdə tam təhlükəsiz yaşayış və sosial-iqtisadi həyatın bərpası üçün uyğun olacaq. Strateji əhəmiyyət kəsb edən işlərin çevik həlli və ərazilərin inkişafı üçün Azərbaycanın artıq konkret yol xəritəsi vardır. Bununla biz həyat əlaməti qaytarılacaq ərazilərimizi ölkənin sosial, iqtisadi, mədəni həyatına bağlayacaq, əhalinin layiqli həyat şəraitini təmin edəcəyik.

Yeni yolların çəkilməsi, bölgədə müasir rabitə infrastrukturunun qurulması, ətraf mühitin qorunması, ekoloji cəhətdən təmiz enerji mənbələrinin yaradılması prosesi artıq başlayıb. Ermənilər tərəfindən 30 il ərzində  məqsədli şəkildə tamamilə dağıdılmış ərazilərdə hazırda ardıcıl və sürətli şəkildə tikinti işləri aparılır.

Hazırda məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurda qayıdışı dövlət siyasətinin mühüm prioritetidir. İşğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində görülən işlər getdikcə sürətlənir, “Böyük Qayıdış” proqramı icra olunur.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının turizm və yaşıl enerji potensialının reallaşdırılması ilə bağlı mühüm işlər görülüb, Şuşa, Ağdam və Kəlbəcərdə turizm obyektlərinin təməli qoyulub. 

Ötən il Nazirlər Kabineti tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə "yaşıl enerji" zonasının yaradılması üzrə Tədbirlər Planı" təsdiqlənib. Bu plan çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 2022-2026-cı illərdə yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi üzrə dövlət və özəl təşkilatlar tərəfindən müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur. Sonda onu deyə bilərəm ki, 2022-ci il "Böyük Qayıdış"ın reallaşması və işğaldan azad edilmiş ərazilərin Azərbaycan iqtisadiyyatına inteqrasiyası baxımından mühüm mərhələ olub.

Hazırda Qarabağın və Şərqi Zəngəzurun ayrı-ayrı rayonlarını əhatə edən genişmiqyaslı yollar şəbəkəsi “Böyük Qayıdış”ın və böyük quruculuq hərəkatının mükəmməl yol xəritəsidir. Yüksək dünya standartlarına cavab verən bu yollar şəbəkəsi Qarabağın yenidən qurulmasını və daha da inkişaf etdirilməsini təmin edən, lazım gəldikdə hərbi-strateji vəzifələrin də həyata keçirilməsi üçün əlverişli imkanlar yaradan magistrallardır.

Azərbaycan Prezidenti İlham Əliyevin Şərqi Zəngəzurda, Laçında və Kəlbəcərdə, Qubadlıda, Zəngilanda və Cəbrayılda təməllərini atdığı hava limanları, yaşayış məskənləri, tunellər, yollar da regionun hərtərəfli inkişafına xidmət göstərəcəkdir. Ağdamda yaradılacaq Sənaye Parkı, Cəbrayılda inşasına başlanmış Kamaz Regional Xidmət Mərkəzi, Araz Vadisi İqtisadi Zonası, Kəlbəcərdə məskunlaşmış heyvandarlıq və arıçılıq təsərrüfatları Qarabağın müasir həyatının reallıqlarıdır. Regionda icrasına başlanmış genişmiqyaslı dəmir yolları və hava yolları şəbəkələri Qarabağın və Şərqi Zəngəzurun inkişaf etdirilməsi ilə bərabər, həm də qonşu dövlətlərlə əlaqələrin yenidən qurulmasına və turizmin inkişafına meydan açan möhtəşəm layihələrdir. Artıq Füzuli şəhərində salınmış Füzuli Beynəlxalq Hava Limanı Qarabağda yeni həyatın daha sürətlə qurulmasına xidmət edən böyük imkandır. Füzuli Beynəlxalq Hava Limanı Böyük Qayıdış Hərəkatının Qoşa qanadıdır. Füzuli aeroportu həm Qarabağ regionunun inkişafına, həm də Azərbaycan Respublikasının digər ölkələrlə əlaqələrinin genişləndirilməsinə, regionda turizmin yenidən qurulmasına və inkişaf etdirilməsinə uğurla xidmət edir. Füzuli Beynəlxalq Hava Limanı həm də işğaldan sonra ən qısa müddətdə Qarabağ ərazisində salınmış ilk aeroport kimi də mühüm hadisədir".

Yazını hazırladı: Cavanşir ABBASLI

22.05.2024 08:13
1469