Futbolda ilginc yenilik: “göy kart” - 10 dəqiqəlik cərimə gəlir

Futbolda sarı və qırmızı kartdan əlavə yeni bir kart olacaq - mavi rəngdə. Bu, meydandan 10 dəqiqəliyə qovulma demək olacaq. “The Telegraph” xəbər verir ki, əgər oyunçu aşkar şəkildə taktiki oyun pozuntuları edirsə və ya hakimlə çox danışarsa, hakim bu sanksiyanı tətbiq edə bilər.

Məlumata görə, yeni qaydanın sınağı yaxın gələcəkdə qadın və gənclər futbolunda, eləcə də aşağı turnir səviyyələrində başlayacaq.

Bu yenilik necə qiymətləndirilir? Yeni cəza növü yarışı daha maraqlı və ədalətli edə biləcəkmi?

Fazil Mustafa - Bioqrafiya.com

Fazil Mustafa: “Bunun tətbiq edilməsi, məncə, faydalı olacaq”

Futbolla yaxından maraqlanan, Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa bu yeniliyi müsbət qiymətləndirir: “Əslində bu, yenilik də deyil. Çünki idmanın başqa növlərində var. Məsələn, hokkeydə bunu başqa formada tətbiq edirlər. Düzdür, orada müddət bir qədər az olur. Hər halda, belə nəzərdə tutulursa, maraqlı bir yenilikdir. Çünki həqiqətən də emosional vəziyyətdə hakimlə mübahisə edən, hansısa bir şəkildə oyunun intizamına tabe olmayan oyunçuya bu kartı tətbiq etmək çox doğru olardı. Təbii ki, bunun oyunçuyu zədələmiş, qəsdən ona zərər yetirmiş futbolçulara aidiyyəti olmayacaq. Onlar sərt formada cəzalandırılmalıdır. Zatən bu cəza üçün qırmızı kart nəzərdə tutulur. Hesab edirəm ki, göy kart futbolda daha çox məsuliyyətə imkan yarada bilər. Doğru fikirləşilib. Bunun tətbiq edilməsi, məncə, faydalı olacaq”.  

Azərbaycan yığması onlar üçün də qapazaltı olub” – Natiq Muxtarlı Yeni Sabah

Natiq Muxtarlı: “Bu vərəqə meydanda hakimin verəcəyi qərarlar arasında balans yarada bilər”

İdman yazarı Natiq Muxtarlı da bu qərarın futbolda müsbət rol oynayacağını düşünür: “Futbol o qədər sürətlə inkişaf edir ki, bu oyunun qaydalarının da təkmilləşməyə ehtiyacı var. Etiraf edək ki, futbolda hakimlərin verdiyi qərarlar həmişə birmənalı qəbul edilmir. Məsələn, futbolçu oyun ərzində cəmi bir dəfə kobud oynayır və ya hakimin qərarına sərt etiraz edir, bununla da meydandan qovulur. Futbol emosiya oyunudur, burada əsəbləri cilovlamaq asan deyil. Belə məqamda hakim futbolçunu meydandan qovsa, bu, çox ağır qərar sayılar. Amma meydanda saxlayanda da, digər futbolçular da etiraz səslərini qaldırırlar. Necə deyərlər, hakim sərt olursa qınanır, yumşaq davranırsa, oyuna nəzarət  əldə gedir. Bu baxımdan düşünürəm ki, "mavi vərəqə" ideyasını sınaqdan keçirmək olar. Futbolçunun meydandan 10 dəqiqə uzaqlaşdırılması, tam qovulmadan yaxşıdır komandası üçün. Üstəlik, o, həmin 10 dəqiqə ərzində artıq soyuq başla düşünə, əsəblərini sakitləşdirib meydana qayıda bilər. Bu vərəqə meydanda hakimin verəcəyi qərarlar arasında balans yarada bilər. Qırmızı vərəqə sərt, sarı vərəqə yumşaq cəzadırsa, buyurun, mavi vərəqəni göstərin, futbolçu 10 dəqiqə dincəlsin və "ağıllansın"". 

Kənan Məstəliyev: "Yeni Klublar Liqasına start veriləcək" - Ən son idman  xəbərləri

Kənan Məstəliyev: “İki mavi vərəqə bir sarı vərəqəyə bərabər hesab edilsin”

İdman mütəxəssisi Kənan Məstəliyev isə fərqli fikrə sahibdir. O, maraqlı bir təkliflə çıxış etdi: “Maraqlı ideyaya oxşayır, amma perspektivinə inanmıram. Bu qərara müxalif olanlardanam. Mavi vərəqənin tətbiq olunma səbəbi açıqlansa da, qaneedici deyil. Futbola hokkey qaydası gətirirlər. Suallar çoxdur: futbolçunun taktiki qayda pozuntusu etməsi necə müəyyən ediləcək, bunun aşkar müəyyən edilmə qaydası nədi, hakimlə çox danışmağın ölçüsü nədi, nə qədər danışmalıdır ki sarı yox, mavi vərəqə alsın? Yaxud iki oyunçusu mavi vərəqə alan komanda avtomatik oyunun tempini aşağı salıb tamaşaçıların narazılığına səbəb olmayacaqmı? Siyahını uzatmaq olar. Bu cür ideyalar ara-sıra ortaya çıxır, sınaqdan keçirilir və adətən uğursuz olur. Məncə, bu dəfə də uğursuz olacaq, çünki möhkəm əsasları yoxdur. Sarı və qırmızı vərəqə arasına başqa rəngdə vərəqə əlavə etməkdənsə, sarı və qırmızı vərəqə verilmə qaydalarını sərtləşdirmək olar. Yaxud mavi vərəqə verilsin, amma onun təsir qüvvəsi fərqli müəyyənləşdirilsin. Məsələn, iki mavi vərəqə bir sarı vərəqəyə bərabər hesab edilsin”.

Cavanşir ABBASLI,

“Yeni Müsavat”

 

13.02.2024 08:37
1345