Fürerini lənətləyən feldmarşal – Nürnberq prosesində onu məhkəmə zalından azadlığa buraxıblar

Adolf Hitlerin yüksək hərbi vəzifələrə təyin etdiyi hərbçilərin arasında nasist partiyasının siyasi kursunu qəbul etməyənlər də olub. Buna baxmayaraq, fürer həmin yüksəkçinliləri öz ətrafından uzaqlaşdırmayıb. Böyük müharibəyə hazırlaşan Hitler üçün onların siyasi düşüncəsi yox, peşəkarlığı daha vacib sayılıb.

Belə hərbçilərdən biri də yüksək peşəkarlığı ilə fərqlənən Vilhelm Leeb olub. Nasistlərin apardığı siyasəti qəbul etməsə də, fürer onu Almaniya ordusunda yüksək vəzifələrdə görmək istəyib.

HİTLER SON.png (261 KB)

Qeyd edək ki, 1876-cı ildə Bavariyada anadan olan Vilhelm Leeb hərbçi ailəsində böyüyüb və o, atasının yolunu davam etdirib. Gələcəyin feldmarşalı hərbi xidmətə 1895-ci ildə 4-cü Bavariya səhra artilleriya alayında başlayıb. Bavariyada hərbi akademiyada təhsil aldıqdan sonra xidmətini Münhendə və Berlində davam etdirib.

Birinci Dünya müharibəsi başlayanda 1-ci Bavariya ordu korpusunun qərargah rəisi vəzifəsinə təyin edilən Vilhelm Leeb müharibə dövründə bir çox uğurlu hərbi əməliyyatları ilə fərqlənib, yüksək dövlət mükafatları ilə təltif olunub. İkinci Dünya müharibəsinə qədərki dövrdə Leeb ayrı-ayrı ordu korpuslarına rəhbərlik edib, general rütbəsinə qədər yüksəlib. Hitler hakimiyyətə gəldikdən sonra o, Vilhelm Leebi 2-ci qoşun qrupuna komandan təyin edib.

1938-ci ilin sonlarında Almaniyada nasist partiyası ölkənin daxili və xarici siyasətinə bütövlükdə müdaxilə etmək səlahiyyəti əldə edəndə, “Friç-Blomberq işi” adı ilə tarixə düşən hadisələrdə Leeb Hitlerin göstərişi ilə ordudan tərxis olunub. Amma bir il keçməmiş fürer qərarını dəyişib. Leeb yenidən Vermaxta dəvət olunub.

26 avqust 1939-cu ildə general-feldmarşal cənub cəbhəsində dislokasiya olunan “S” ordu qrupuna komandan təyin edilib. 1941-ci ildə “S” ordu qrupunun adı dəyişdirilərək “Şimal” ordu qrupu adlandırılıb. Leebin komandan olduğu bu qrupun qarşısına Baltikyanı ərazilərin və Leninqradın işğal edilməsi vəzifəsi qoyulub. General iki ay ərzində Leninqradın sərhədlərini qapayaraq şəhəri mühasirəyə salıb. Vermaxtın digər hərbi qrup və qoşun komandanları Hitlerdən mütəmadi olaraq əlavə canlı qüvvə, texnika, silah-sursat tələb etdiyi halda Leeb fürerə tamam fərqli bir məzmunda teleqram ünvanlayıb:

“Leninqrad cəbhəsinə əlavə canlı qüvvələr və silah-sursat göndərməyə ehtiyac yoxdur. Şəhər aclıq nəticəsində özü təslim olacaq. Leninqradlılar üçün ikinci çıxış yolu yoxdur. Onlar ağ bayraq qaldırmağa məcbur olacaqlar. Biz Leninqradı darmadağın etmək gücündəyik. Amma texnika və silah-sursata qənaət etmək üçün bu yolu seçmirik. Bu şəhər acından öləcək, Leninqrad məhvə məhkumdur...”

HİTLER YENİ.png (310 KB)

General-feldmarşal “aclıq” planını həyata keçirmək üçün çox da baş sındırmayıb, Leninqradda yerləşən ərzaq, əşya, yanacaq anbarlarını partlatmaqla şəhər əhalisini iflic vəziyyətə salıb. Beləliklə, Leebin “peşəkarlığı” sayəsində Leninqradda 630 min insan həyatını itirib.

1942-ci ildə feldmarşalla Hitler arsında yenidən fikir ayrılığı yaranıb. Bu dəfə də Leeb nasist partiyasının fəaliyyətini tənqid etməklə fürerin qəzəbinə düçar olub. 65 yaşlı Leeb səhhətində yaranmış problemləri bəhanə gətirərək Hitlerə yazılı məruzə ilə müraciət edib. O, fürerdən ordudan tərxis olunmasını xahiş edib. Fürer onun mürəciətinə müsbət cavab verərək feldmarşalı istefaya göndərib.

Vilhelm Leeb Bavariyaya qayıdaraq müharibəyə və siyasi proseslərə müdaxilə etmədən ömrünü davam edib. Amma bu sakit həyat uzun sürməyib. 2 may 1945-ci ildə feldmarşal ABŞ qoşunları tərəfindən həbs olunaraq hərbi cinayətkar kimi istintaqa təhvil verilib.

FELD.jpeg (81 KB)

Feldmarşalın işinə Nürnberq məhkəməsində baxılıb. Maraqlı məqamlardan biri odur ki, 630 min insanın ölümünə səbəb olan Vilhelm Leebə mənkəmə üç il azadlıqdan məhrumetmə cəzası verib. Leebin vəkili məhkəmədə sübut edib ki, beynəlxalq humanitar hüquqda aclığın müharibə silahı kimi istifadəsini qadağan edən norma yoxdur. Feldmarşal məhkəmə zalından azadlığa buraxılıb. Belə ki, onun həbs olunduğu vaxtdan 3 il keçdiyinə görə cəzası bitmiş hesab olunub.
Məhkəmə prosesində Vilhelm Leebin çıxışı və verdiyi ifadələr maraqla qarşılanıb. O, çıxışının əsas hissəsini prosesə aid olmayan bir məsələyə, nasist partiyasının fəaliyyətinə həsr edib və Hitleri sərt tənqid atəşinə tutub.

Ömrünün son illərini memuarlarını yazmağa həsr edən feldmarşal müharibə ilə bağlı bütün xatirələrində Hitleri lənətləyərək onu Almaniyanın bir nömrəli düşməni adlandırıb.

Vilhelm Leeb 1956-cı ildə, 79 yaşında vəfat edib.

İlham Cəmiloğlu,
Musavat.com

31.05.2024 13:50
3333