“Fürerin vəhşisi” adını daşıyan qadın – Osvensimin baş cəlladı yarım milyon məhbusun həyatına son qoyub 

 

Hələ yeniyetməlik yaşlarından onu böyüdüyü ailənin maddi durumu qane etməyib. Çəkməçi atasının qazancı ilə ailə çətinliklə dolanıb.

Daha yaxşı yaşamağa, daha yaxşı geyinməyə, daha çox əyləncələrə can atan Mariya Mendel bu sıxıntılardan qurtarmaq üçün orta təhsilini başa vurduqdan sonra Avstriyanı tərk edib. O, işləmək və qazanc əldə etmək üçün həmin dövrdə daha münasib ölkə sayılan İsveçrəyə üz tutub. Amma Mendel İsveçrədə də arzuladığı həyata nail ola bilməyib.  Poçtalyonluq etmək onu yorub, evlərə qəzet, məktub, qəbz daşımağı Mendel özünə təhqir sayıb. Yenidən Avstriyaya qayıdan Mendel bir müddət işsiz qalıb, nəhayət bir neçə aydan sonra qəzetdə dərc edilən kiçik bir elan onun həyatını bütövlükdə dəyişib. Belə ki, həmin ərəfələrdə Almaniyada yeni əsir düşərgələri salınanda və bu müəssisələrə işçi qəbulu ilə bağlı elanlar veriləndə, Mariya fürsəti əldən verməyib. O, elana əsasən Almaniyanın Saksoniya əyalətindəki Lixtenburq həbs düşərgəsinə işə düzəlmək üçün müraciət edib. Seçim turunda Mendelə üstünlük verilib və o, sıravi mühafizəçi kimi işə qəbul olunub.

Mendel son dərəcə çevikliyi, tez ünsiyyət qurmaq bacarığı, iş məhsuldarlığı ilə fərqlənib. Onu fərqləndirən əsas cəhət isə Adolf Hitlerə son dərəcə ehtiram göstərməsi olub. Mendel iş otağında, yaşadığı evdə, hətta cibində fürerin bir yox, bir neçə şəklini saxlayıb.

Mendel bütün göstəricilərinə görə Almaniyanın əsir düşərgələri sistemində nümunəvi əməkdaş kimi tanınıb və bu göstəricilərinə görə  1939-cu ildə onun xidməti yerini Berlindən 90 kilometr aralıda yerləşən Ravensbryuk qadın həbs düşərgəsinə dəyişiblər. Mendel bu düşərgəyə mühafizəçi yox, baş nəzarətçi təyin olunub.

Mendel xidməti vəzifəsi ilə yanaşı Almaniyanın siyasi həyatında da fəallıq nümayiş etdirib. Nasist partiyasının üzvü olan Mendel partiyanın ən fəal üzvü kimi də tanınıb. Elə onun vəzifə karyerasında partiya tərəfindən təşəbbüskarlıq Mendel üçün həmişə yaşıl işıqlar yandırıb.

1942-ci ildə Mendelə etimad göstərilərək daha yüksək vəzifə verilib. O, Polşa ərazisində yerləşən Osvensim adı ilə məşhur olan Auşvits-Birkenau həbs düşərgəsinin qadın şöbəsinin rəisi vəzifəsinə təyinat alıb. Qeyd edək ki, bu düşərgə nasistlərin yaratdığı ən böyük ölüm düşərgələrindən biri olub. Fəaliyyət göstərdiyi altı il ərzində bu düşərgədə 1 milyon 300 min nəfərin həyatına son qoyulub. Bəzi versiyalara görə isə bu rəqəm 2 milyon 500 mini keçib. Düşərgənin 1940-1943-cü illərdə komendantı işləyən Rudolf Hess Nürnberq məhkəməsində düşərgədə ən azı 2 milyon insanın məhv edilməsi faktını etiraf edib.

Belə bir düşərgə Mariya Mendelə bütün “imkan və bacarığını” göstərmək üçün əsl meydana çevrilib. Qadın məhbusların üzərində mütləq səlahiyyət sahibi olan rəis Mendel yüz minlərlə qadın üçün ən təhlükəli insan, ən qəddar cəllad sayılıb. SS-in oberşturmbanfürer (podpolkovnik) rütbəsini daşıyan  Mendel “fürerin vəhşisi” ləqəbini qazanmaqla yanaşı, həm də “möcüzə qadın” adlandırılıb. Onun bir sərt baxışı ilə yüz minlərlə məhbusu xof işərisində saxlaması düşərgənin kişi nəzarətçilərini də təəccübləndirib.

Mərhəmət və insanlıq hisslərindən məhrum olan Mariya Mendel məhbusların kütləvi məhv edilməsi prosesini bir çox hallarda özü icra edib. Düşərgədə məhbusların öldürülməsi tək-tək həyata keçirilməyib. Bununla bağlı düşərgədə xüsusi korpus fəaliyyət göstərib, məhbusların kütləvi zəhərlənməsi, yaxud da qaz kameralarına doldurulması, sonra isə sobalarda yandırılması məhz bu korpusda həyata keçirilib. Ölüm korpusu növbəli şəkildə işləyib. Korpus qadın şöbəsinin ixtiyarına veriləndə düşərgə rəhbərliyi bilib ki, növbə pozulacaq. Çünki hamıya yaxşı bəlli olub ki, Mendelin ölüm korpusundakı işi uzun çəkir və cəllad qadın bu korpusda qadınları diri-diri yandırarkən həyatının ən böyük zövqünü alır.

Yaraşıqlı və həmişə baxımlı olan Mendelin əyləncə və şakərlərindən biri də düşərgənin kişi şöbəsi ilə məhbus mübadiləsi etməsi olub. Qadın rəisin intim tələbatını ödənmək üçün düşərgənin kişilər şöbəsindən xüsusi adamlar seçilib. O, bir neçə saatlıq əyləncəsindən sonra “müvəqqəti məşuq”larını qaz kamerasına göndərib. Bu “yardım”a görə Mariya Mendel kişi şöbəsinə borclu qalmayıb. Kişi nəzarətçilərinin tələbatına, zövqünə uyğun olaraq onları məhbus qadınlarla təmin edib.

Müasirləri Mendeli dünyanın ən qəddar cəlladı adlandırıblar. Amma hər şeyin sonu olduğu kimi Mendelin bu qəddarlığının da sonu olub. 1945-ci ildə düşərgənin ərazisi sovet hərbçilərinin nəzarətinə keçəndə Mendel yenə də çevik tərpənib, aradan çıxaraq bir müddət ayrı-ayrı məkanlarda gizlənib. Bir neçə ay ərzində saxta sənədlərlə bir neçə dəfə ad və soyadını dəyişsə də Mendel ABŞ xüsusi xidmət orqanları əməkdaşlarından yayına bilməyib. 1945-ci ilin avqust ayının 10-da Mendel Amerika kəşfiyyatçıları tərəfindən saxlanılaraq həbs edilib.

Cəllad qadının istintaqının və məhkəməsinin hansı ölkədə keçiriləcyi mübahisə doğurub. Mendeli bir çox ölkələr tələb edib. Nəhayət, ümumi razılıqdan sonra Mendelin məhkəməsi Polşada keçirilib. Prosesdə ona qarşı çoxsaylı ittihamlar irəli sürülüb. Bu ittihamların arasında Mendelin 500 mindən artıq məhbus qadının vəhşicəsinə məhv etməsi də yer alıb. Mendel bu ittihamlara sükutla cavab verib, özünə haqq qazandırmağa çalışmayıb. Məhkəmə onu ən ağır cəzaya, asılmaqla edam cəzasına məhkum edib. Hökm 1948-ci ilin yanvarın 24-də icra olunub. 36 yaşlı Mendel Krakov həbsxanasında edam edilib.

İlham Cəmiloğlu, Musavat.com

 

 

17.08.2023 12:32
3106