Avstriya parlamenti yekdilliklə “Azərbaycanın Qarabağ ermənilərinə qarşı etnik təmizləmə” apardığını pisləyən qətnamə qəbul edib.
Bu barədə ilk məlumatı Ermənistanın Avstriyadakı səfirliyi yayıb. Məlum olur ki, doğrudan da belə bir qətnamə qəbul olunub.
Ancaq bu, gözlənilən idi. 23 saat 51 dəqiqəlik lokal antiterror əməliyyatının başa çatdığından bəri, son 30 gündə Qərbi Avropanın özünəgüvənən dövlətləri ard-arda qımıldanmaqda, Ermənistana və Azərbaycana münasibətdə səflərini göstərməkdədirlər.
Bu günlərdə Şərqi Avropadan Latviya da onlara qoşulub, ölkəmizə qarşı ittihamla səsləndirib.
Çox az bir hissəsi kənarda qalacaq, Avropa dövlətlərinin əksəriyyəti bu kampaniyaya qoşulacaq, “deportasiya”, “etnik təmizləmə” deyə-deyə su və ürək bulandıracaqlar, parlamentlərində eyni ilə Avstriyanın qəbul etdiyi “qınama-pisləmə” qətnamələri qəbul edəcəklər, yetməyəcək, məsələni Avropa Şurasının Parlament Assambleyasının, Avropa İttifaqının parlamentinin müzakirəsinə çıxaracaqlar.
Hətta ola bilər ki, bütün bu müzakirələrdən, qətnamə, bəyannamələrdən sonra ayrı-ayrı ölkələrin parlamentləri “Etnik təmizləməni inkar etməyin cəzalandırılması haqqında” adlı yeni qanun qəbul etsinlər. Xatırladaq ki, “erməni genosidi”ni inkar etməyə görə bir neçə Avropa ölkəsində belə qanunlar qəbul edilib. Daha heç kəs, heç bir alim “arxivlərdən yeni sənədlər tapmışam, məsələ qələmə verildiyi kimi deyil, mühüm təfərrüatlar var” deyə bilməz. Onlar bu söhbətə möhür vurublar, mübahisə etmək istəyəni də cərimələyir, həbs edirlər.
Budur tərifli söz və ifadə azadlığına önəm verən Avropanın hazırkı vəziyyəti.
Azərbaycana qarşı ümum-Avropa de-marşının başında Fransa durur. Bu, birmənalıdır. Nə Ermənistanda, nə də Fransada heç kəs danmır ki, rəsmi Paris İrəvanın Avropadakı vəkili, hüquqlarının müdafiəçisi roluna girib.
Bu dövlətin haqq-ədalət anlayışı hələ əsrlər öncədən məşhur, əslində isə bədnam “fransız ədaləti” ifadəsi ilə bilinir. O dövlət heç vaxt heç bir münaqişədə ədalətli olmayıb. Sanki bütün pisliklərin müdafiəçisi, müttəfiqi olmaq Fransa dövlətinin alın yazısıdır.
İndi bu dövlət ərki çatan, sözü ötən Avropa ölkələrinin parlamentlərində bu cür qətnamələr qəbul etdirir və davam edəcək. Yəqin ki, bir azdan Fransa öz inhisarında olan Frankofoniya ölkələrini də məsələyə qatacaq, ermənilərin “etnik təmizləmə”yə məruz qaldıqları barədə beynəlxalq sənədlər qəbul etdirəcək.
Təbii ki, azərbaycanlı diplomatlar səbrlə onların bu iddialarını təkzib və heç-puç etməli olacaqlar. Həqiqətin harada və necə olduğu o qədər bariz şəkildə ortadadır ki, bunu sübut etmək çətin deyil. Ən ümdəsi Azərbaycan hökuməti Qarabağdakı mülki erməniləri zorla köçməyə vadar etməyib, təhlükəsizliklərinə təminat verib, Qarabağı tərk etməmələri barədə çağırışlar edib. Əksinə, Qarabağdan köçü Ermənistan hökumətinin təşkil etdiyi dəqiqdir.
Düzdür, Azərbaycan dövlətinin strukturları erməni köçünün qarşısını güc tətbiq edərək, sərhəd-keçid məntəqəsini bağlayaraq ala bilərdi, amma bunu etsəydi, bütün dünyada “erməniləri kütləvi şəkidlə girov götürərək, hindu rezervuarları, yəhudi gettoları şəklində təcrid edirlər” hay-həşiri qoparılacaqdı.
Yüzlərlə videomateriallar var ki, Qarabağdan köçən ermənilərin könüllü getdiklərini əks etdirir. Bir çoxu hətta sevinir ki, nəhayət, qada-bəlalı regiondan canlarını qurtaracaq, sığındıqları yerdə daha rahat yaşayacaq.
Deportasiya odur ki, bir gecə yüzlərlə yük avtomobili bir kəndə, qəsəbəyə daxil olur, ailələrin qapısına dayanırlar, özləri ilə lazım bildikləri əşyaları götürmək üçün 1 saat vaxt verirlər, sonra hamısını yük maşınlarının banına doldurub yaxınlıqdakı dəmiryol vağzalına aparır, orada da yük vaqonlarına mindirib harasa yola salırlar.
1944-cü ildə Krımda yerli türkləri belə ediblər. Eyni aqibət çeçenlərin, inquşların, Mehseti türklərinin də başına gəlib.
1948-ci ildə Ermənistanda yaşayan həmvətənlərimiz bənzər şəkildə, dövlətin təşkil etdiyi zorakı köçürülmə hadisəsini yaşayıblar.
Bolqarıstandakı yerli türklərin zorla deportasiya edilməsi hadisəsi isə uzaq zamanların işi deyil.
Deportasiya, etnik təmizləmə elə olur – vaxt verirlər, köçürülməni təşkil edirlər, qalmaq istəyənləri cəzalandırırlar.
Hazırda Azərbaycan dövləti Xankəndidə qalmış erməniləri tamamilə öz himayəsinə götürüb, onlara hər cür şərait yaradıb.
Bundan başqa, N qədər təfərrüatlar var ki, heç biri Azərbaycanın dilini gödək etmir, əksinə, onu ötkəm edir və iddialı opponentlər bu detallara görə əslində susmalıdırlar.
Avropalılar, nəhayət, anlamalıdırlar ki, Qarabağ ermənilərinin çoxu Azərbaycanın vətəndaşı olmaq istəmirlər. Bu, onların seçimidir.
Amma düşmənimizin müttəfiqləri susmayacaqlar, hələ bir müddət də danışacaq, qətnamələr qəbul edəcək, sanksiyalar tətbiq etməyi düşünəcəklər.
Elə olacaq ki, Azərbaycan axırda siyasi institut olaraq Avropadan tamamilə iyrənəcək və üz döndərəcək.
Araz Altaylı, Musavat.com