2012-2017-ci illərdə Fransa prezidenti olmuş Fransua Olland Fransa mətbuatına danışaraq, Azərbaycanla Ermənistan arasındakı baş verən son gərginlikdən danışıb.
Musavat.com xəbər verir ki, Fransanın ən çox baxılan televiziya kanalı BFMTV-yə danışan sabiq preziden Fransua Olland Azərbaycanla Ermənistan arasındakı gərginliyi dəyərləndirib.
“Ermənistanı tək buraxmaq Fransa üçün biabırçılıq, Avropa üçün isə utancvericidir. Ermənistanın sərhədlərinin toxunulmaz olduğunu bəyan etməyin vaxtıdır. Prezident olduğum müddətdə Azərbaycan və Ermənistan arasında həll yolu tapmaq üçün vasitəçilik səylərində iştirak etmişəm. Bu gün ədalət və ləyaqət onu göstərir ki, Fransanın ermənilərə hər cür yardım göstərməsi zəruridir",-deyə Fransua Olland bildirib.
Olland daha sonra Putinin Qafqazda qisas almağı hədəflədiyini bildirib: “Ukraynada uğursuzluğa düçar olan Rusiya prezidenti Vladimir Putin Qafqazda qisas almağı hədəfləyir. O, Rusiyanın nəzarəti olmadan Ermənistanın yox olmaq təhlükəsi ilə üz-üzə olduğunu göstərməkdə qərarlıdır. Ərdoğan da bacardığı qədər Azərbaycanı gedə biləcəyi ən son nöqtəyə kimi dəstəkləyir. Bakının hərbi büdcəsi Ermənistanın bütün büdcəsinə bərabərdir. BMT Ermənistanın sərhədlərini qorumalıdır".
Qeyd edək ki, digər tərəfdən Fransa mediası Fransanın xarici işlər naziri Ketrin Kolonnanın çərşənbə axşamı İrəvana gedəcəyini açıqlayıb.
Musavat.com