2024-cü ilin üçüncü rübündə Fransanın “TotalEnergies” neft-qaz şirkətinin xalis mənfəəti illik müqayisədə 66 faiz azalıb.
Musavat.com şirkətin açıqladığı hesabata istinadən xəbər verir ki, iyul-sentyabr aylarında xalis mənfəət əvvəlki ilin eyni dövründəki 6,68 milyard dollarla müqayisədə 2,29 milyard dollar təşkil edib. Düzəliş edilmiş mənfəət 37 faiz azalaraq 4,07 milyard dollar olub.
Gəlir 59,02 milyard dollardan 52,02 milyard dollara qədər azalıb. Ötən rübdə TotalEnergies tərəfindən karbohidrogen hasilatı 3 faiz azalaraq sutkada 2,409 milyon barel neft ekvivalenti təşkil edib. O cümlədən neft hasilatı 5 faiz azalaraq sutkada 1,324 milyon barel olub, qaz hasilatı isə 1 faiz azalıb.
Dördüncü rübdə şirkət hasilatı 2,4-2,45 milyon barel səviyyəsində planlaşdırır. 2024-cü il üçün kapital proqnozu 17-18 milyard dollar səviyyəsində saxlanılıb.
Açıqlanan məlumatlar fonundan Parisdə bugünkü hərraclarda şirkətin səhmləri 2,2 faiz ucuzlaşıb.
Qeyd edək ki, TotalEnergies Azərbaycanın ikinci böyük qaz yatağı olan “Abşeron”da 30 faiz paya sahibdir.
Musavat.com