Makron məlum biabırçılıqdan sonra Xarici Təhlükəsizlik Baş İdarəsinin rəisi Bernar Emyeni vəzifəsindən azad etdi; “QHT-lər vasitəsi ilə sivil yolla nəyisə həll etməyə çalışılıb...”
Qərb mətbuatında yayılmış məlumatlara əsasən, Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi Azərbaycanda ifşa olunub.
Musavat.com xəbər verir ki, hər şey Fransa səfirlik daxili rezidenturasının Azərbaycan ərazisində əslində Fransanın “tərəfdaşı” kimi bilinən ölkələrin nümayəndələrinə qarşı çox arxayın kəşfiyyat əməllərinə görə diqqətə düşməsi ilə başlayıb. Geniş əlaqələrindən istifadə edən rezidentura region ölkələrində fəal hərəkət etməklə yeni məqsədlər formalaşdırmaq və təsir dairəsini genişləndirməklə məşğul olub. Məlumata görə, mənbələrdən əldə edilmiş informasiyaya əsasən, araşdırma bir-biri ilə əlaqəli xüsusatlar şəbəkəsini aşkarlamağa imkan verən çox maraqlı aspektləri üzə çıxarıb, uzun illər Fransa casus şəbəkəsinin ştatdankənar əməkdaşı olmuş Fransa vətəndaşlarından biri könüllü olaraq Azərbaycan hüquq-mühafizə orqanları ilə əməkdaşlığa təşəbbüs göstərib. Müəyyən müddət ərzində bir qismi indi və ya əvvəllər Azərbaycanda xidmət etmiş, bəziləri müxtəlif ölkələrdə və nüfuzlu beynəlxalq təşkilatlarda örtülü işi davam etdirən onlarla Fransa xəfiyyəsi aşkarlanıb. Bununla yanaşı, Azərbaycan xüsusi xidmət orqanlarına Fransa rezidenturasının Cənubi Qafqaz, Yaxın Şərq, Ukrayna və Moldovadakı fəaliyyətinə dair dəlil və sənədlər təqdim edilib. Azərbaycan xüsusi xidmət orqanları tərəfindən istintaq olunan cinayət işi üzrə Ukrayna, Gürcüstan və Azərbaycanla əlaqədar kəşfiyyat fəaliyyətini həyata keçirən bir sıra şəxs həbs olunub, bəziləri isə istintaq altındadır. Mənbə hesab edir ki, uğursuzluğun miqyası Fransa kəşfiyyatının imicinə tarixi zərbə olacaq.
Azərbaycan tərəfi məsələ ilə bağlı hələ ki rəsmi açıqlama verməyib.
Fransa Prezidenti Emanuel Makron dünən Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emyeni vəzifəsindən azad edib. Bernar Emyenin mümkün istefası barədə kəşfiyyatın Afrika və Cənubi Qafqaz sahələrindəki uğursuzluğundan sonra danışılmağa başlanılıb. Maraqlıdır ki, Daxili Təhlükəsizlik Baş İdarəsinə (DGSİ) rəhbərlik etmiş Nikolas Lerner Xarici Kəşfiyyat strukturuna yeni rəhbər təyin edilib.
İlham İsmayıl
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib ki, hələlik yayılmış məlumatlar rəsmi deyil: “Nəzəri baxımdan Fransa kimi dövlətlərin maraqları olduğu ölkələrdə, bütün dünyada məxfi əməkdaşlıq şəbəkəsinin olması istisna deyil. O cümlədən də Azərbaycanda belə bir şəbəkə ola bilər. Verilən məlumatdan da aydın olur ki, şəbəkə təkcə Azərbaycanda deyil, Cənubi Qafqazda, Ukrayna, Moldava və Yaxın Şərqdə də olub. Belə bir şəbəkənin ifşası tamamilə mümkün olan bir məsələdir. Bilirik ki, Fransanın Cənubi Qafqazda xüsusi marağı var. Ermənistanın simasında istəyirlər ki, orada Rusiyanı əvəz etsinlər. Bundan sonra təbii ki, Azərbaycan və Gürcüstanda nüfuzları artsın. Bu istiqamətdə onların fəaliyyəti təkcə hərbi-siyasi, iqtisadi sahədə deyil, eyni zamanda kəşfiyyat xarakterli olması istisna deyil”.
İlham İsmayıl deyib ki, yayılmış informasiyalardan belə aydın olur ki, özlərinin nüfuzlarını artırmaq üçün agentura şəbəkəsindən istifadə etməyə çalışıblar: “Çox təəssüf ki, konkret kimlərin həbs olunduğu bilinmir. İran xüsusi xidmət orqanlarına bağlı şəxslər ifşa olunanda konkret adlar çəkilir. Bu imkan verir ki, hansı kateqoriya insanlarla işlədikləri ayırd edə bilər. Fransa xüsusi xidmət orqanları hansı kateqoriyaya aid insanları əməkdaşlığa cəlb etdiyi bilinmir. Sıravi kateqoriyaya aid insanları cəlb etmələri çox çətin məsələdir. İrandan fərqli olaraq, Avropa ölkələri maksimum informasiya daşıyıcılarını və ictimai rəyə təsir imkanları olan şəxsləri cəlb edirlər ki, həm özlərinin maraqlarını həyata keçirsinlər, həm də öz ölkələrinin simpatiyasını qazandırmaq üçün xətlər aparsınlar. Təəssüf ki, yayılan informasiyalardan bu məlum olmur. Bu baxımdan konkret olaraq hansı kateqoriya insanlara əsaslandıqları barədə fikir yürütmək bir qədər çətindir”.
İ.İsmayıl bildirib ki, Fransa maraqlarını Qafqazda Ermənistan üzərindən həyata keçirməyə çalışır: “Ermənistanda Fransa xüsusi xidmət orqanlarına qarşı əks kəşfiyyatın aparılması inandırıcı deyil. Yayılan məlumatda rezidenturadan istifadə edildiyi deyilir. Rezident adətən kadr işçisi olur. Fransanın baş kəşfiyyat sistemində rezidentlər ştatdan kənar olmurlar. Agentura ştatdan kənardır və məxfi əməkdaşlar ştata daxil deyillər. Hiss olunur ki, bir qədər geniş şəbəkə nəzərdə tutulur. Həmin şəbəkə təkcə Azərbaycan deyil, postsovet məkanındakı ölkələrə, Yaxın Şərqə qədər uzanıb. Ola bilməz ki, bütün ölkələrin rezidenti və ya rezidenturası Azərbaycanda fəaliyyət göstərsin”.
İlham İsmayıl bildirib ki, yayılmış məlumatdan belə nəticəyə gəlmək olur ki, sanki, QHT-lər vasitəsi ilə sivil yolla nəyisə həll etməyə çalışılıb: “Müəyyən sızmalar olmasına görə prezident Makron Fransanın kəşfiyyat rəisi dəyişib. Hiss olunur ki, uğursuzluqlar var və belə bir addım atılıb. Hansı uğursuzluqların olmasını isə yayılacağı təqdirdə rəsmi məlumatlardan bilmək olar”.
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”