Fransanın Azərbaycandakı səfirliyində nə baş verir? - VİDEOREPORTAJ

Azərbaycanın Fransadakı səfirliyinə ermənilər tərəfindən edilən basqınla əlaqəli narazılıqlar artmaqdadır.

Ekspertlər hesab edir ki, Fransa hüquq-mühafizə orqanlarının aksiyaya müdaxilə etməməsi beynəlxalq diplomatiya hüququnun pozulmasıdır. Bu hadisə ictimaiyyətin də ciddi etirazına səbəb olub.

Musavat.com-un əməkdaşı Rəsul Rza 11 ünvanında yerləşən Fransanın Azərbaycandakı səfirliyinin binasına gedib. Ərazidə müşahidə apardığımız müddətdə gördük ki, diplomatik korpus ciddi qorunur. Binanın önündə bir neçə hüquq-mühafizə əməkdaşı təftiş aparır. Hətta ərazidə bizimlə bərabər çəkiliş aparan jurnalistlərin ad-soyadları belə qeyd olunurdu. Göründüyü kimi, Azərbaycan ərazisində fəaliyyət göstərən diplomatların təhlükəsizliyi yüksək səviyyədə qorunur.

Sözügedən hücuma rəsmi Bakının cavabı gecikməyib. Belə ki, Azərbaycan Fransaya nota verib. Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırılıb və görüş zamanı bir gün öncə Fransadakı Azərbaycan səfirliyinə qarşı bu ölkədəki radikal erməni qrupları tərəfindən törədilən hücumla bağlı XİN-in etiraz notası Fransa səfirinə təqdim edilib.

Görüşdə AR xarici işlər nazirinin müavini Xələf Xələfov, Fransadakı erməni diasporunun radikal ekstremist qüvvələrindən ibarət qrupun Azərbaycan Respublikasının Paris şəhərindəki səfirliyinə hücumunun nümayişkaranə surətdə Fransa qanunlarının və ümumtanınmış beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması ilə müşayiət edildiyi qarşı tərəfin diqqətinə çatdırılıb. Hücum zamanı səfirliyin binasına maddi ziyan vurulduğu, diplomatik nümayəndəliyin fəaliyyətinə və əməkdaşların həyatlarına təhlükə yaradıldığı qeyd edilib.

Nigar HƏSƏNLİ,
Rafət ŞAHBAZOV
Musavat.com

19.09.2022 18:32
14064