Fransanın Azərbaycana boylanmaq vasitəsi: həmsədr, binokl, kəşfiyyat - ŞƏRH

Fransa Azərbaycana qarşı fəaliyyətdə Ermənistandan Yeni Kaledoniya kimi istifadə edir. Bu ada onun müstəmləkə ərazisidir. Yeni Kaledoniyada rəsmi Parisin yürütdüyü diskriminasiya siyasətinə etiraz edilir. Yelisey sarayı adadakı parlamentdən Azərbaycana qarşı alət olaraq yararlanır. Ermənistan da indiki vəziyyəti ilə Fransanın əl buyruğuna çevrilib.

Oktyabr ayının əvvəlindən Avropa İttifaqının “müşahidəçi”lərinin Azərbaycanla sərhəddə baş çəkməsi halları artıb. Oktyabrın 29-da daha bir qrup Zəngilanla sərhəddə yerləşən Ermənistanın Nerkin Hand kəndi yaxınlığına gətirilib. İndiyədək “müşahidəçilər” Avropa İttifaqına məxsus avtomobillərdə hərəkət etdiyi halda, ötən gün Azərbaycanla Ermənistan arasında şərti sərhədə gələn 3 avtomobildən birinin üzərində Fransa bayrağı dalğalanıb.

Sərhəd kəndə gələn avtomobillərdə 6 nəfər mülki geyimli şəxs olub. Onların Fransanın kəşfiyyat orqanlarının əməkdaşları olduğu da istisna edilmir.

İrəvanla Paris arasında hərbi əməkdaşlığa dair anlaşma mövcuddur. Həmin razılaşmada Ermənistanın müəyyən olunmayan dövlət sərhədinə Fransa elementlərinin gətirilməsi, müşahidə aparması nəzərdə tutulmayıb.

Bu isə onların əraziyə soxulması kimi dəyərləndirilə bilər.

Çünki Azərbaycanla Ermənistan arasında sərhəddə delimitasiya və demarkasiya işləri başa çatmayıb. Başqa sözlə, Fransa “müşahidəçilərinin” göründüyü ərazi iki ölkə arasında sərhədlərin razılaşması nəticəsində Azərbaycanın da ola bilər. Bu, o deməkdir ki, Fransa hərbçiləri Azərbaycanın mümkün ərazisinə qanunsuz daxil olub.

Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası üzrə işçi qrupun reqlamenti bu günlərdə təsdiqlənib. Odur ki, Fransanın şərti sərhəddə peyda olması beynəlxalq hüququn norma və prinsiplərini pozmaqla yanaşı, həm də rəsmi Bakı ilə İrəvan arasında başlayacaq normallaşma prosesinə zərbə sayıla bilər.

Rəsmi Parisin bölgədə bu sayaq oyunbazlığı Ermənistan hakimiyyətinin sülh və normallaşma ilə bağlı açıqlamalarına ciddi şübhələr yaradır.

Onsuz da şərti sərhəd ərazisində Avropa İttifaqının Mülki Müşahidə Missiyası iki ilə yaxındır fəaliyyət göstərir. Razılaşmaya əsasan, bu missiya azsaylı kiçik qrupdan ibarət olmamalı, iki ay müddətinə regionda yerləşdirilməli imiş.

Habelə, missiya üzvlərinin sayının 138-dən 209-a çatdırılması regionda vəziyyətin gərginləşməsinə təsir göstərib.

Yeri gəlmişkən, bu missiya 2023-cü ilin fevralında fəaliyyətə başlayıb. Müşahidəçilərin maraqlarını müdafiə edəcəyinə arxayın olduqlarından Ermənistanın sərhədyanı bölgədə təxribatları da artıb. Ermənistan həmin missiyaya arxayın olaraq bu ilin fevralında sərhədyanı bölgədə təxribat törədib. 2023-cü il aprelin 11-də Ermənistan silahlı qüvvələrinin Gorusdan Azərbaycanın Laçın rayonu istiqamətində açdığı atəş nəticəsində üç azərbaycanlı hərbçi ölüb, dördü yaralanmışdı.

Bu ilin fevralında isə Fransa Milli Jandarma İdarəsinin briqada generalı Uilyam De Meyer Avropa İttifaqının (Aİ) şərti sərhəddəki mülki missiyaya baş çəkmişdi.

Onun Azərbaycan mövqelərini durbinlə müşahidə edəndən on gün sonra bu sərhəddə Azərbaycan hərbçiləri atəşə tutulur, təxribat törədilir. Bu, təsadüfi sayılmır.

Kəşfiyyatın bölgədə yerləşdirilməsi Ermənistanın və Fransanın üzərinə daha böyük məsuliyyət qoyur.

Rəsmi Parisin bu ölkədəki özbaşınalığı Kazanda liderlərin keçirdiyi ikitərəfli birbaşa görüşün ruhuna da xələl gətirir.

Qeyd edək ki, oktyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyan BRICS sammiti çərçivəsində görüş keçirib. Görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran başqa məsələləri müzakirə ediblər. Liderlər XİN başçılarına sülh sazişi işlərinin tez zamanda yekunlaşdırılmasına dair təlimat veriblər.

Fransa Ermənistanda kəşfiyyatçılarının sifətində görünməklə Azərbaycanın nəbzini yoxlayır. Bölgədə gözlənilmədən ortaya çıxan bu hərbi dəstə ölkələr arasındakı şərti sərhəddə təxribat da törədə bilər.

Azərbaycanla Ermənistan arasında birbaşa, ikitərəfli görüşlərin keçirilməsi bir çoxları kimi Fransanı da oyundankənar vəziyyətə salıb. Ona görə Paris bu prosesə qoşulmaq üçün vurnuxur. İrəvanın hələ də ATƏT-in Minsk qrupunun yararsız həmsədrlərindən (ABŞ, Fransa və Rusiya) imtina etməməsinin də Yelisey sarayının istəklərinə bağlı olduğunu ehtimalı etmək olar.

Rusiya Prezidenti Vladimir Putin və Nikol Paşinyan oktyabrın 8-də Rusiya sərhədçilərinin 2025-ci il yanvar 1-dən Ermənistan-İran sərhədinin buraxılış-yoxlama məntəqəsindən çıxarılmasına dair razılığa gəliblər.

Belə güman etmək olar ki, Fransa Ermənistan sərhədçilərinə bu istiqamətdə yardım edəcək.

Yelisey sarayı kəşfiyyat dəstəsi ilə Rusiyaya da meydan oxuyur. O bəhs etdiyimiz hadisəni törətməklə sanki “Ermənistan Fransanın olacaq” ismarışını verir. Ancaq o da bir reallıqdır ki, hazırda Ermənistanın iqtisadiyyatı Rusiyadan asılıdır. Fransa isə ermənilərlə gördüyü bütün işlərdən qazanmağa çalışıb. O bu ölkəyə bərabərhüquqlu səviyyədə yanaşmır. Yeni Kaledoniya ilə davrandığı kimi gələcəkdə Ermənistan və erməni cəmiyyəti ilə də davranacaq. Elə Ermənistanın Frankofoniyaya üzvlüyü Parisin bu niyyətindən xəbər verir. Qurumun üzvləri demək olar ki, Fransanın keçmiş müstəmləkələridir. Frankofoniya isə neokolonializmin bir formasıdır.

Dədə Qorqud belə vəsiyyət edib: “Torpağı əkib-becərməyəcəksə qorumağa, qorumursansa, əkib-becərməyə dəyməz”. Ermənistanı bir-birinə indiki beynəlxalq vəziyyətdə zidd olan Rusiya və Fransa qoruyursa erməni cəmiyyətinin o torpaqlara nə qədər haqqı çatır? Çünki torpaq və dövlətin öz vətəndaşları tərəfindən qorunması vacib şərtdir. Yoxsa, belə təsəvvür yaranır ki, ermənilər Ermənistanda Fransanın mühafizəsi altında başqalarının torpaqlarında çalışan, pul qazanan muzdlulardır.

Bütün hallarda Paris hesab edir ki, kəşfiyyatının şərti sərhəddə peyda olması Ermənistanın və özünün xeyrinədir. Ancaq hadisələr bunun əksini isbatlayır. ATƏT-in Minsk qrupunda Fransanın həmsədr kimi tutduğu anti-Azərbaycan, ermənipərəst, riyakar, qərəzli mövqe ovaxtkı problemin həllini 30 ilə yaxın gecikdirib. İndi başqa maskada onun Ermənistandan Azərbaycana sarı boylanması razılaşmalara, normallaşmaya, sülh sazişinə ziyan vurur. Belə çıxır ki, Fransa regionu qarışdırmaqla özünə rol hazırlamaq niyyətindədir. Bunun üçün əvvəl həmsədr, sonra binokl, indi isə kəşfiyyatla Azərbaycanı görməyə səy edir...

Sədrəddin İsmayılov,
Report

30.10.2024 16:34
284