Fransalı hüquqşünas Alen Duflo “Yeni Müsavat” Media Qrupuna aid olan Minval.az-a eksklüziv müsahibə verib.
Məşhur vəkil Telegram-ın qurucusu Pavel Durovun Fransada həbsinin maraqlı təfərrüatlarından danışıb.
Fransalı hüquqşünas Alen Duflonun sözlərinə görə, prokurorluğa Pavel Durova qarşı heç bir şikayət daxil olmayıb, istintaq Fransa ədliyyə nazirinin göstərişi ilə başlayıb.
Musavat.com rus dilində olan müsahibənin tərcüməsini təqdim edir.
- Sizcə, Pavel Durovu nə gözləyir və baş verənlər nə dərəcədə ciddidir?
- Təbii ki, mənim üçün bu məsələ sırf siyasi xarakter daşıyır. Prokuror bir neçə aydır ki, ədliyyə nazirindən müvafiq göstəriş alaraq qondarma, “öz təşəbbüsü” ilə araşdırma aparır: Durova qarşı heç kimdən şikayət daxil olmayıb. Bu məsələdə ən azı 2 hüquqi problem görürəm, yəni prosessual qaydalar pozulub, bəlkə də daha artıq pozuntu var. Məsələ burasındadır ki, Durovu müxtəlif cinayətlərdə şərik olmaqda ittiham etmək o halda mümkün ola bilərdi ki, o, hansısa qanunsuz hərəkətlərə yol vermiş olardı. Ancaq belə bir hərəkət yoxdur.
- Ortada absurd ittihamlar olduğu açıq görünür. Bu həbsin arxasında nə dayanır?
- Mən sizinlə tamamilə razıyam. Bu, çox süni bir ittihamdır və Fransa məsələsi kimi görünmür, orada beynəlxalq şəbəkə var. Ola bilsin ki, Fransa internet platformaları üçün yeni qaydaların təsdiqlənməsinə çalışır və Avropa İttifaqına bu şəkildə təzyiq göstərmək istəyir. Və ola bilsin ki, bu iş ABŞ-ın təzyiqi ilə uydurulub.
- Belə ittihamların indi meydana çıxmasının, səsləndirilməsinin anlamı nədir?
- Kriminal strukturlar uzun müddətdir ki, sosial şəbəkələrin imkanlarından sərbəst istifadə edirlər. Xüsusilə, “Facebook”da hər şeyi qanunsuz satan və şübhəli xidmətlər təklif edən saytlar var idi, lakin o zaman heç kim Mark Zukerberqi həbs etməyi düşünmürdü. İkinci hüquqi problem odur ki, Telegram Pavel Durov deyil, öz məsuliyyətini daşıyan şirkətdir və biz fərdi məsuliyyət daşıya bilmərik. Hüquqi şəxs cavab verməlidir.
- Belə bir versiya da var ki, Durov təhlükəsizliyini təmin etmək üçün bilərəkdən Fransanı seçib. Deyirlər ki, Durov Bakıda Vladimir Putinlə görüşmək istəyib, amma bacarmayıb, Fransada axtarışda olduğunu bilməsinə baxmayaraq ora uçub.
- Bu məsələ ilə bağlı məlumatım yoxdur. Amma bu, mümkün məsələdir. Durov başqa ölkəyə və ABŞ-a ekstradisiyadan qorunmaq üçün Fransaya gələ bilər. O da mümkündür Durov hüquqi problemə düşə bilərdi. Bundan yayınmaq üçün bu məsələ ortaya atılıb.
- Pavel Durovun vəkilinin kim olduğunu bilirsinizmi?
- Bu məlumat gizli saxlanılır.
- Platformanın açarlarını almaq üçün Durovun girov götürüldüyünü söyləmək olar, yoxsa...?
- Kodları təhvil verməyə razı olub-olmamasından asılı olmayaraq, bu, ittihama təsir etməyəcək, yalnız gələcək sanksiyanın ölçüsünə təsir edəcək.
- Yəni profilaktik tədbirə təsir edəcəkmi?
- Hətta çox təsir edir.
- Ancaq Fransa ilə ABŞ arasında ekstradisiya müqaviləsi var. ABŞ təkid etsə, hadisələrin bu cür dönüşü, yəni ekstradisiya mümkündürmü?
- Xeyr, çünki Durovun Fransa pasportu var və Fransa öz vətəndaşlarını ekstradisiya edə bilməz. Sabah (28 avqust) hər şey həll olunacaq. Bilinəcək ki, Durov azadlığa buraxılır, yoxsa həbsxanaya göndərilir.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com