Fransada hökumət kabinetinin qurulması ləngiyir – Makron mane olur

Fransanın yeni təyin olunmuş baş naziri Mişel Barnye hökumət kabinetini formalaşdıra bilmir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bir gün əvvəl prezident Emmanuel Makron baş nazirin təklif etdiyi yeni kabinetin tərkibini rədd edib.

Bu arada, Barnyenin 2025-ci il üçün büdcə layihəsini qanunvericilərə, o cümlədən qənaət tədbirləri və Avropa komissarlarına dövlət büdcəsinin kəsirini azaltmaq üçün fəaliyyət planını təqdim etməli olduğu vaxtlar yaxınlaşır.

Paris mətbuatının yazdığına görə, Yelisey sarayı Barnyenin prezidentə təqdim etdiyi ilkin nazirlər siyahısını “çox yekrəng” hesab edib. Baş nazir əsas vəzifələrin əksəriyyətini özünün də üzvü olduğu sağ mərkəzçi Respublikaçılar partiyasının üzvlərinə vermək istəyib.

Partiyanın sədri Loran Vokye iqtisadiyyat naziri vəzifəsinə, Senat fraksiyasının rəhbəri Bruno Retayo Daxili İşlər Nazirliyinin rəhbəri postuna, onun bu departamentdəki sələfi Cerald Darman isə xarici işlər naziri mövqeyinə namizəd kimi qeyd edilib. Makron 73 yaşlı Barnyeni hökumətin qurulmasına daha balanslı yanaşmağa çağırıb.

Prezidentə yaxın mənbələr iddia edir ki, Makron gələcək hökumətdə bir partiyadan olan nazirlərin üstünlük təşkil etməsində maraqlı deyil. O, siyasi qüvvələr arasında balansı saxlamağa kömək edəcək “milli birlik” kabinetinə ümid edir. Respublikaçı Barnyeninn hökumət başçısı təyin edilməsi növbədənkənar seçkilərdə ən çox səs toplayan solçu Yeni Xalq Cəbhəsi tərəfdarlarının bütün ölkə ərazisində kütləvi etirazlarına səbəb olub. Bu siyasi birlik öz nümayəndəsi Lüsi Kastenin baş nazir təyin olunmasını tələb edib. Bu səbəbdən, Jan-Luc Mélenşonun “Fəth olunmamış Fransa”sından uzaq olan solçular hətta Makronun prezidentlikdən uzaqlaşdırılması prosedurunu da başladıblar.

Cümə axşamı günortadan sonra Barnye hökuməti "tez bir zamanda formalaşdırmaq" üçün aparıcı siyasi qüvvələrin nümayəndələri ilə ümumi yığıncaq çağırıb. Keçən həftə o, sentyabrın 22-dən gec olmayaraq yekun tərkibini elan edəcəyinə söz vermişdi.

Musavat.com

20.09.2024 13:36
282