Fransa növbəti Qafqaz savaşına qatılmaq niyyətindədir: Makron Ermənistanı niyə silahlandırır

Rəsmi Paris Cənubi Qafqazda gələcək savaşın əsas ssenari müəllifinə çevrilmək istiqamətində real addımlar atmağa başlayıb, Fransanın davranışları Ermənistan üzərindən “proxy war” planlarının qurulduğunu göstərir... Fransa dolayısı ilə Azərbaycana qarşı qeyri-rəsmi müharibə elan edib və rəsmi Bakının buna hərbi-siyasi reaksiyası yəqin ki, özünü o qədər də çox gözlətməyəcək...

Cənubi Qafqazda sülh prosesi geopolitik maraqları ön plan keçirməyə başlayıb. Bu prosesdə vasitəçilik missiyasına iddalı olan nəhəng dövlətlər açıq-aşkar öz regional maraqlarını qabartmağa çalışırlar. Ona görə də, bir tərəfdən sülh prosesini müsbət nəticədən uzaq qalır, hətta pozulma təhlükəsi ilə üzləşir. Digər tərəfdən, nəhəng dövlətlərin vasitəçilik uğrunda amansız mübarizəsi onların arasında qarşıdurma mühitini də dərinləşdirir.

Bütün bunları nəzərə aldıqda, iki gün sonra keçiriləcəyi gözlənilən Brüssel görüşü ilə bağlı da müəyyən problemlərin olduğu qətiyyən diqqətdən yayınmır. Hazırda bəzi beynəlxalq oyunçular Brüssel görüşünü pozmaq üçün bütün vasitələrdən yararlanmağa cəhd göstərirlər. Onların sırasındasa, Rusiya və Fransanın pozuculuq fəaliyyəti daha qabarıq şəkildə nəzərə çarpır. Bu baxımdan, Rusiya və Fransanı pozuculuq ortağı da hesab etmək olar.

Təbii ki, Kreml Cənubi Qafqazdakı sülh prosesində Rusiyanın şəriksiz orbitr statusunu geri qaytarmağa can atır. Kremldə hesab edirlər ki, Brüssel prosesinin iflasa uğradılması Rusiya prezidenti Vladimir Putinin təkbaşına vasutəçiliyinə alternativsiz missiya effekti verə bilər. Və bu səbəbdən də, Brüssel prosesi hələ aktuallığını saxlasa da, Kreml Rusiyada üçtərəfli görüşün keçiriləcəyini anons edib.

5d30573c-99af-4ab5-8464-2eabbdb50f27.jpg (136 KB) 

Onu da qeyd etmək lazımdır ki, Ermənistanın son hərbi təxribatlarının arxasında Kremlin təlimatlarının ola biləcəyi də qətiyyən istisna deyil. Belə ki, Kreml üçün Azərbaycan və Ermənistan arasında silahlı toqquşmalar tamamilə sərfəlidir. Çünki baş nazir Nikol Paşinyanın Moskvadan dönüşünə təsadüf edən rəsmi İrəvanın son hərbi təxribatları ciddi silahlı toqquşmalara çevrilərsə, Brüssel görüşünün keçirilməsinin elə bir ciddi anlamı da qalmaz. Və bu halda, Kremlin Rusiyada üçtərəfli görüş keçirtmək niyyətləri qarşısında hər hansı əngəl qalmaz.

Ancaq Brüssel görüşünün pozulmasına yönəlik cəhdlər Rusiyanın Ermənistana verdiyi təxribat sifarişi ilə məhdudlaşmır. Belə ki, Fransa da Brüssel görüşünün ənənəvi formatda baş tutmasında qətiyyən maraqlı deyil. Rəsmi Paris Əliyev-Mişel-Paşinyan formatına Fransa prezidenti Emmanuel Makronun da əlavə edilməsinə cəhd göstərir. Yəni, Fransa prezidenti E.Makron nəyin bahasına olursa-olsun, Cənubi Qafqazdakı sülh prosesində vasitəçilik missiyasını ələ keçirtməyə can atır. Halbuki, rəsmi Bakı Fransanı Cənubi Qafqazdakı sülh prosesinə buraxmayacağını artıq bir neçə dəfə açıq şəkildə bəyan edib.

Son məlumatlara görə, rəsmi Bakı bu dəfə də Fransa prezidentinin Brüssel prosesinə qatılmaq cəhdlərini bloklayıb. Azərbaycan Prezidenti İlham Əliyev Brüssel görüşünə yalnız ənənəvi formatda keçiriləcəyi təqdirdə, qatılacağını bildirib. Yəni, rəsmi Bakı Azərbaycan Prezidenti İlham Əliyev, Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyanın iştirak edəcəyi görüşə qatılmağa razılaşıb.

Nə qədər qəribə də olsa, rəsmi Bakının prinsipial mövqeyi qarşısında aciz duruma düşən Fransa diplomatiyası çıxış yolu kimi, Brüssel görüşündən sonra bu formatın iştirakçılarına prezident E.Makronun və Almaniya kansleri Olaf Şoltsun da qatılacağı Kişinyov variantını təklif edib. Halbuki, Brüssel və Moskva görüşlərinə razılıq verən rəsmi Bakı Fransanın Kişinyov variantını cavabsız buraxıb. Yəni, rəsmi Bakı razılıq vermədiyindən Fransa prezidenti E.Makronun vasitəçilik missiyasını qəsb etmək niyyəti bu dəfə də boşa çıxa bilər.

323243546645b9a0ad652aba73e092f9.jpeg (111 KB) 

Əslində, rəsmi Bakı Fransaya münasibətdə belə sərt mövqe tutmaqda tamamilə haqlıdır. Çünki artıq ləğv olunmuş Minsk Qrupu örnəyi Fransanın tərəfsiz vasitəçi imicini ciddi şəkildə korlayıb. Üstəlik, prezident E.Makronun son vaxtlar açıq şəkildə Ermənistanın maraqlarını təmsil etməsi Fransanın vasitəçilik cəhdlərinin yolverilməz olduğunu göstərir. Yəni, rəsmi Bakı Ermənistanla eyni mövqeyi paylaşan Fransanın sülh danışıqları masasının arxasına oturmasına imkan verəcək qədər sadəlövh deyil.

Son dövrlərdə Fransanın Azərbaycana qarşı qərəzli mövqedən hətta düşmənçilik davranışlarına keçməsi rəsmi Bakını ciddi şəkildə düşündürməyə də başlayıb. Belə ki, rəsmi Bakı Fransanın Ermənistanı yenidən silahlandırmaq planından artıq xəbər tutub. Ona görə də, Fransaya münasibətdə adekvat addımların atıla biləcəyi qətiyyən istisna deyil.

Məsələ ondadır ki, bir neçə gün öncə Prezident İlham Əliyevin Fransanın Azərbaycanın enerji sektorunda fəaliyyət göstərən və külli miqdarda maliyyə vəsaiti qazanan “Total” energetika şirkətinin rəhbəri ilə görüş keçirtməsi qətiyyən təsadüfi deyil. Qeyri-rəsmi məlumatlara görə, bu görüşdə “Total” energetika şirkətinin rəhbərinə Fransanın Azərbaycan əleyhinə göstərdiyi fəaliyyət xatırladılıb. Fransanın ermənipərəst mövqeyinə paralel olaraq, “Total”ın Azərbaycanın enerji sektorunda fəaliyyətinin mümkün olmayacağı qabardılıb.

Yəni, Fransanın siyasi dairələrinə ciddi təsiri olan “Total” Azərbaycanın enerji sektorunda fəaliyyətini davam etdirmək istəyirsə, rəsmi Parisin ermənipərəst mövqeyinə müdaxilə etməli olacaq. Əks halda, fəaliyyətində onsuz da ciddi problemlərin olduğu bildirilən “Total”ın Azərbaycanın enerji sektorundan kənarlaşdırılması ciddi şəkildə gündəmə gətirilə bilər. Və bu məsələdə rəsmi Bakının prinsipial davranacağı isə qətiyyən şübhə doğurmur.

Makron-Eliyev--900x484.jpg (60 KB) 

Təbii ki, rəsmi Bakı Fransanın Azərbaycana düşmənçilik siyasətinə reaksiyasız qala bilməz. Məsələ ondadır ki, prezident E.Makronun şəxsi göstərişi ilə Fransanın İrəvandakı səfirliyində hərbi attaşe postunun yaradılması nəzərdə tutulur. Bu hərbi attaşe yaxın vaxtlarda Fransanın Ermənistana silah-sursat göndərməsi prosesinə kuratorluq etməlidir. Yəni, Makron Fransası Ermənistanı silahlandırmaq niyyətinə düşüb. Və bununla da Cənubi Qafqazda hərbi-siyasi balansı Ermənistanın xeyrinə dəyişəyi hədəfləyir.

Digər məlumatlara görə, hazırda Paşinyan hakimiyyətinin sülh prosesini uzatmağa çalışmasında Fransanın bu planı xüsusi rol oynayır. Rəsmi İrəvan Fransadan göndəriləcək silahları gözləyir və regional situasiyanın Ermənistanın xeyrinə dəyişə biləcəyinə ümid bəsləyir. Və belə anlaşılır ki, rəsmi Paris regionda sülhə əsas təhlükə rolunu oynamağa başlayıb.

Bu baxımdan hesab etmək olar ki, əslində, Fransa Cənubi Qafqazda gələcək savaşın əsas ssenari müəllifinə çevrilmək istiqamətində real addımlar atmağa hazırlaşır. Cənubi Qafqazda növbəti savaşda rəsmi Parisin göndərdiyi silahlardan istifadə olunarsa, bu, həm də Fransanın Ermənistanın tərəfində müharibəyə qatılması anlamı daşıyacaq. Yəni, bütün bunlar onu göstərir ki, Fransa dolayısı ilə Azərbaycana qarşı qeyri-rəsmi müharibə elan edib. Və Azərbaycanın buna hərbi-siyasi reaksiyası yəqin ki, özünü o qədər də çox gözlətməyəcək.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

12.05.2023 19:05
3058