Fransa Nigerin təbii sərvətlərini belə talan edir

27 iyulda Nigerin paytaxtı Niamey şəhərində yüzlərlə insan parlament binası qarşısına toplaşaraq, Fransanın destruktiv fəaliyyətinin əleyhinə qarşı çıxış edib.

Aksiya iştirakçıları “Rədd ol, Fransa! Fransa, bizi rahat burax!”, “Fransa bizim problemləri həll edə bilmədi, taleyimiz öz əlimizə götürməliyik” və bu kimi digər anti-fransız sloqanlar səsləndirib. Onlar həmçinin, Fransa qoşunlarının Nigerdən çıxarılmasını tələb ediblər.

Qeyd olunmalıdır ki, icra etdiyi uğursuz “Barxan” əməliyyatından sonra Malidən qovulan fransız hərbi qüvvələrinin böyük hissəsi məhz Nigerdə yerləşdirilib. Hazırda Niameydəki hərbi bazada ən azı 1 500 fransız hərbçisi var ki, buraya xüsusi qüvvələr – “Reaper” dronları və qırıcı təyyarələrin heyəti daxil deyil.

Nigerdəki fransız mövcudluğuna qarşı aksiyalar yeni deyil. Hələ bir il öncə - 2022-ci ilin sentyabr ayında yüzlərlə insan ölkənin parlamenti qarşısında Fransanın hərbi mövcudluğuna qarşı etiraz aksiyası keçirmişdi. Özündə ölkənin bir çox vətəndaş cəmiyyətinin nümayəndələrini birləşdirən “Hərəkat M 62” assosiasiyasının milli əlaqələndiricisi Fransanın hərbi mövcudluğunun ölkənin suverenliyinə zərbə vurduğunu və regiondakı vəziyyəti destabilizə etdiyini bildirib. O, keçmiş müstəmləkəçi ölkə olan Fransanın terrorçuluğu yayan cihadçılara aktiv dəstək verdiyini vurğulayıb.

Yerli sakinlər, müasir avadanlığa və NATO standartlarına uyğun Fransa ordusunun 2014-cü ildən regionda cihadçılara qarşı əməliyyat aparmaq adı altında mövcudluğuna baxmayaraq, terrorizmin hələ də davam etməsini, terror aktlarının azalmamasını anlaya bilmirlər və haqlı olaraq düşünürlər ki, Fransa regionda öz mövcudluğunu uzunmüddətli şəkildə təmin etmək üçün cihadçılara dəstək göstərir.

Fransa hərbi qüvvələrinin davranışı da bu düşüncələrin möhkəmlənməsinə əsas verir. 2021-ci ilin noyabr ayının sonunda Fransanın 100-ə yaxın hərbçisi tərəfindən müşayiət edilən 80 hərbi konvoyu regionda həyata keçirdiyi manevrlər zamanı Nigerin Tera şəhərində yerli sakinlərin etiraz aksiyası ilə üzləşib. Daşınan avadanlığın terrorçular üçün nəzərdə tutulduğunu güman edən aksiya iştirakçıları mallara baxış keçirtmək istəyib, lakin fransız hərbçilərinin heç də sülhsevər reaksiyası ilə üzləşməyiblər. Daha sonra etiraz nümayişinin üzvlərinin hələ Fransanın öz mediasına verdiyi məlumata əsasən, fransız hərbçilər başlanğıcda gözyaşardıcı qazdan istifadə edib, daha sonra isə aksiya iştirakçılarına qarşı atəş açıblar. Nigerin Daxili İşlər Nazirliyinə görə, atəş nəticəsində üç nigerli mülki şəxs həlak olub. Göründüyü kimi, Fransa hərbçiləri terrorçu cihadçılar əvəzinə, mülki şəxslərə qarşı hərbi əməliyyatlar həyata keçiriblər.

Fransanın bu ölkədəki maraqlarını təhlil edərkən əsas hədəfin Nigerdə terrorçularla mübarizə aparmaq olmadığı aydın görünür. Əslində, səbəb bəsitdir. Fransa öz müstəmləkəçi keçmişindən əl çəkə bilməyərək, milli və iqtisadi maraqları naminə yeni neokolonializm metodlarını tətbiq edir və yoxsulluq içində yaşamağa davam edən Niger xalqının sərvətlərini talan edir.

Fransa eyni zamanda, son illər Nigeri kredit yükünə boğub, ölkəyə yüksək faizli kreditlər ayırıb. Təkcə 2022-ci ildə Fransanın İnkişaf Agentliyi Nigerə 60 milyon avro kredit verib. Niger Seneqaldan sonra Fransanın İnkişaf Agentliyindən ən çox kredit alan ölkədir.

Fransanın iqtisadi maraqları yalnız maliyyə məsələləri ilə məhdudlaşmır. Burada ölkənin milli maraqları üçün həyati əhəmiyyət kəsb edən digər bir məsələ var. Niger dünyada öz uran yataqlarına görə məşhurdur. Nigerdəki yataqlarda fəaliyyət göstərən əsas şirkət məhz Fransanın “Orano” şirkətidir. “Orano” 50 ildən çoxdur ki, bu ölkədə fəaliyyət göstərir. 2021-ci ildə şirkət fəaliyyət göstərdiyi 2 yataqdan 2186 ton uran çıxardıb. Fransanın bu tamahkarlığı və qeyri-rasionallığı yatağın tamamilə tükənməsi ilə nəticələnib, ölkə ekologiyasına ciddi ziyan dəyib və yüzlərlə yerli sakin işsiz qalıb. Lakin iştahasının hüdudları olmayan Fransa, artıq yeni 3-cü mənbə, “İmouraren” yatağı haqqında düşünür. “İmouraren” dünyada ən böyük uran mənbələrindən biri kimi qiymətləndirilir. 500km2 sahədə 174 min tondan çox uranın olduğu ehtimal edilir.

Müstəmləkəçi və müasir fransız tarixinin təcrübəsindən bildiyimiz kimi cinayətlər törətmək Fransaya yad deyil. Bu səbəbdən həmin yataqların istifadəsi zamanı və ondan sonrakı dövrdə Fransa tərəfindən ərazinin çirkləndirilməsi xüsusi diqqət çəkir. Aydın məsələ idi ki, yalnız öz maraqlarını güdən Fransa burada da cinayət əməlləri ilə seçilib. Belə ki, fransız tərəfi 40 ildən çox istifadə etdiyi “Cominak” yatağından bütün uranı çıxarandan sonra (yataq tükənmə səbəbindən 2021-ci ildə bağlanıb) lazımı sanitar tədbirlərini görməyib və nəticədə radioaktiv qalıqlar açıq hava şəraitində qalaraq, təhlükəli vəziyyət yaradıb. 2023-cü ilin yanvar ayında “Radioaktivlik üzrə Müstəqil Məlumat və Tədqiqat Komissiyası”nın (fr. Commission de Recherche et d’Informations Indépendantes sur la Radioactivité – “CRIIRAD”) laboratoriyasında nüvə fizikası mühəndisi Bruno Chareyron bu xüsusda qeyd edib ki, 20 milyon ton radioaktiv toz 100 000 yerli əhalinin sağlamlığı üçün ciddi risk təşkil edərək qalır. CRIIRAD-ın tədqiqatlarına görə, sözügedən radioaktiv qalıqlar “uzunömürlüdür” və toksikdir, eləcə də hava və qida yolu ilə təsir edə bilir. CRIIRAD-a görə, bu tip qalıqlar xüsusi konteynerlərdə və xüsusi məkanlarda saxlanılmalıdır ki, təəssüf ki, burada da lazımı addımlar atılmayıb.

28.07.2023 19:25
1086