Fransa Livan üçün 1 milyard dollar toplayıb

Parisdə keçirilən beynəlxalq konfransın iştirakçıları Livana dəstək üçün 1 milyard dollardan çox vəsaitin ayrılması barədə razılığa gəliblər.

Musavat.com xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro forumdan sonra keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Livanda zərərçəkənlər üçün 800 milyon dollardan çox vəsait toplanıb ki, bu da BMT-nin müəyyən etdiyi məbləğdən çoxdur.

BMT daha əvvəl beynəlxalq ictimaiyyəti Livana yardım üçün 460 milyon dollar ayırmağa çağırmışdı.

Nazir əlavə edib ki, Livan Silahlı Qüvvələrinə dəstək üçün daha 200 milyon dollar ayrılması qərara alınıb.

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron bildirib ki, Fransa Livana dəstək üçün 100 milyon avro (108 milyon dollar) ayıracaq.

 

Musavat.com

24.10.2024 23:39
434