Fransa ilə Nigerin münasibətləri tam pozulma həddinə çatıb

Qərbi Afrika ölkəsi Nigerdə hərbçilər hakimiyyətə gəldikdən sonra Paris və Niamey arasında diplomatik münasibətlərdə tam pozulma müşahidə olunur.

Musavat.com xəbər verir ki, bu barədə “Jeune Afrique” jurnalı avropalı diplomatik mənbəyə istinadən məlumat yayıb.

“Hərbçilərin hakimiyyəti ələ keçirdiyi Niger ən radikal qərarlar qəbul edir. Diplomatik müstəvidə Niamey və Paris arasında münasibətlər tamamilə pozulur”, - mənbə jurnala bildirib. Onun sözlərinə görə, Fransanın Nigerdəki səfirliyinin bağlanması ilə yanaşı, Niameydə fransız məktəbi də fəaliyyətini dayandırıb. Bundan əlavə, nəşrin həmsöhbətinin qeyd etdiyi kimi, Fransa ölkədə “Parisin mədəni yumşaq gücünün simvolu” olan Nigerdəki fransız institutunu birgə idarə etməkdən imtina edib.

Jurnal 2023-cü ilin iyulunda hərbi çevriliş zamanı Nigerdə 600-ə yaxın fransızın yaşadığını, onların əksəriyyətinin ölkəni tərk etdiyini təxmin edir. Nəşr yazır ki, bütün konsulluq xidmətlərinin göstərilməsi dayandırılıb. Qeyd olunur ki, Niger sakinləri Şengen vizası üçün İspaniya konsulluğuna müraciət etməlidirlər, turist və işgüzar vizalar üçün isə kvotalar nəzərdə tutulub.

Eyni zamanda, Nigerdə qalan fransızlar inzibati məsələləri onlayn həll etməyə və ya Fransanın qonşu ölkələrdəki səfirliklərinə getməyə məcbur olurlar. Nəşr vurğulayır ki, Niamey hərbi qiyamın əleyhinə çıxış edən Nigerin Fransadakı səfiri Aişata Bulama Keyni vəzifəsindən azad etsə də, onun yerinə yeni diplomat təyin etməyib.

Musavat.com

03.09.2024 14:36
252