Fransa Durovu sındırsa... - şərh

Politoloq: “O, bəlkə də Rusiyanın qəzəbinə gəlməmək üçün Parisə sığınmağa üstünlük verib”

Fransada VK və Telegramın qurucusu, sahibkar Pavel Durovun həbsi ətrafında intriqa davam edir. Bunu siyasi motivlə izah edənlər getdikcə artmaqdadır. Bu xüsusda “Le Figaro” qəzeti yazıb ki, ölkə rəsmiləri Durovun Parisdə saxlanması işinin siyasi nəticələrindən qorxurlar. Ən son məlumata görə, Durov 5 milyon avro girov qarşılığında ölkəni tərk etməmək şərtilə və məhkəmə nəzarəti altında sərbəst buraxılıb. Pasportları əlindən alınıb. Durovu 10 ilədək həbs gözləyə bilər.

“Durovun həbsi kiminsə məsləhəti ilə həyata keçirilib”.  Bunu isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O, qərarın platformanın şifrləmə kodlarına çıxış əldə etmək üçün verildiyini vurğulayıb. “Durov açıq-aydın kiminsə məsləhəti ilə saxlanılıb. Onu dəhşətli cəza ilə hədələyiblər. Görünür, hansısa yolla şifrləmə kodlarına çıxış əldə etmək istəyirlər”, - XİN başçısı qeyd edib.

Onun sözlərinə görə, bu cür addımlar Telegram sosial şəbəkəsinin həqiqətən etibarlı qorunmasından xəbər verir.

Rusiyada məlumatlı şəxslərdən sayılan filosof Aleksandr Duqin isə bildirib ki, Durov Bakıda vətəninə qayıtmaq üçün Vladimir Putinlə danışıqlar aparmağa cəhd edib, lakin sonra Fransaya uçub və orada həbs olunub.

“Durovun həbsi "ümumi müharibədə" neytrallığı qorumağın mümkünsüzlüyünün ən son sübutudur", - deyə Duqin bildirib. Onun fikrincə, artıq manevr vaxtı keçib və yalnız “biz və onlar” qalıb. Duqinə görə, “qlobalistlər” totalitar siyasətə keçiblər və Durov kimi informasiya şəbəkə sahibləri hücuma məruz qalır. O, həmçinin İlon Maskın da həbs olunacağına inanır.

Lavrov və Duqinin iddiaları nə dərəcədə əsaslıdır? Durov “sındırıla” bilərmi? O halda bölgəmizə, Rusiya-Ukrayna müharibəsinin gedişinə hansı təsirlər ola bilər? Fransanın əsas hədəfi nə?

Tərtər hadisələrinin bənzər forması Naxçıvanda keçirilib" - Heydər Oğuz  inanılmaz DETALLAR açıqladı - VİDEO

Heydər Oğuz

Siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Pavel Durovun həbsində qaranlıq məqamlar çoxdur: “İddia olunur ki, Durov Rusiya prezidenti Vladimir Putinin Bakıya səfəri zamanı ölkəmizə gəlmiş və rus lideri ilə görüşmək istəmişdi. İddialara inansaq, Putin onun görüş tələbini geri çevirmiş və bundan sonra Durov öz şəxsi təyyarəsi ilə Parisə uçmuşdu. Parisdə təyyarədən düşən kimi fransız polisləri tərəfindən yaxalanıb. Ardınca da Fransa prokurorluğu Durovun niyə saxlanıldığı barədə məlumatlar paylaşmışdı. Həmin məlumatlarda iş adamı 12 cinayət maddəsində ittiham olunurdu. Durova qarşı irəli sürülən ittihamlar kifayət qədər ciddidir və onu uzunmüddətli həbs gözləyir. Həmin ittihamlardan yalnız biri məişət mənşəlidir. Digərləri isə əsasən kibercinayətkarlıq və siyasi ittihamlardır. Fransa prokurorluğu açıq şəkildə Durovu təhlükəsizlik və kəşfiyyat bölmələrinə ötürməməkdə günahlandırır”.

Heydər Oğuzun fikrincə, bu ittihamların açıq şəkildə bəyan edilməsi adi hadisə deyil: “Çünki adətən ölkə təhlükəsizliyi ilə bağlı ittihamlar bu qədər açıq şəkildə bəyan olunmaz. Təhlükəsizlik orqanları bu araşdırmaları məxfi aparar və şübhələndikləri adamı gizli şəkildə əməkdaşlığa cəlb edərlər. Durova qarşı irəli sürülən ittihamlar arasında diqqəti başqa istiqamətə yayındıran iddialar da var. Məsələn, mütəşəkkil dəstə yaradıb uşaqların cinsi istismarı və narkotik vasitələrin əldə edilməsi kimi. İstənilən şəxsi uzunmüddətli həbs etmək üçün bu ittihamlar yetərli qədər əsas yaradır. Bununla kifayətlənməyib istintaq orqanının bir də "Durov bizimlə məxfi məlumatların əldə edilməsi istiqamətində əməkdaşlıqdan yayınır" mənasına gələn fikirləri ictimailəşdirməsi yalnız bir məntiqlə izah oluna bilər: Fransa kəşfiyyat orqanları Durovu uzun müddət gözaltında saxlamağa çalışır".

H.Oğuzun fikrincə, istintaq orqanlarının məlumatından o da anlaşılır ki, Durovun özü də barəsində irəli sürülən bu ittihamlardan xəbərdar olub: “Əks halda, onun Parisə enən kimi saxlanılması və sonra bu cür rəsmi açıqlama yayılması başqa ehtimalı ağla gətirmir və istər-istəməz başqa sualları ağla gətirir: bu adam həbs oluna biləcəyini bildiyi halda niyə Bakıdan birbaşa Parisə gedirdi? Belə çıxır ki, özü də həbsində maraqlı imiş. Onun bu addımı Putinlə görüşü alınmayandan sonra atması da maraqlıdır. Şəxsən mənə belə gəlir ki, o, Putinlə bağışlanmasını rica etmək üçün görüşmək istəyirmiş. Putin isə onun xahişini geri çevirməklə faktiki onu bağışlamayacağı mesajını verib. Putinin bağışlamadığı şəxslərin taleyinin adətən sui-qəsdlərə uğramaq olduğunu nəzərə alsaq, Durovun bu görüş alınmayandan sonra dərhal Parisə uçması onu gözləyən müdhiş aqibətdən qaçmaq istəyi ilə bağlı ola bilər. Fransanın bu mənada onu uzunmüddətli gözaltında saxlamaq istəməsi də Durovun işinə yarayır. Ən azı bir müddət Fransa hüquq-mühafizə orqanlarının nəzarətində təhlükəsiz şəraitdə yaşaya bilər”.

Durovun Rusiya ilə yanaşı, Sent Kitts və Nevis, BƏƏ və Fransa vətəndaşlığı olduğunu xatırladan Heydər Oğuz onun niyə məhz Parisi seçməsini də can təhlükəsizliyi amili ilə əlaqələndrir: “Çünki onun vətəndaşı olduğu digər ölkələr zəifdirlər. İstəsələr belə, Durovun təhlükəsizliyinə tam zəmanət verə bilməzlər. Fransa isə Sent Kitts, Nevis və BƏƏ ilə müqayisədə daha qüdrətli dövlətdir və Rusiyanın tələbi ilə öz vətəndaşını kiməsə verməz. Bir sözlə, Durov bəlkə də Rusiyanın qəzəbinə gəlməmək üçün Fransaya sığınmağa üstünlük verib. Bu mülahizə öz təsdiqini taparsa, Durovun hələ uzun müddət istintaq altında qalması mümkündür. Bu baxımdan mən onun ABŞ qlobalistlərinin qəzəbinə gəldiyinə inanmıram.  Fikrimcə, rəsmi Parisin onu nəzarətdə saxlaması təhlükəsizliyini qorumaq məqsədi daşıyır”.

Elşən MƏMMƏDƏLİYEV
“Yeni Müsavat”

31.08.2024 10:29
327