Cənubi Qafqazda erməni terrorizminə qarşı savaş həlledici mərhələyə keçmək üzrədir. Böyük ehtimalla yaxın vaxtlarda bu regional xaos mənbəyi tamamilə zərərsizləşdirilmiş olacaq. Hazırda yaxınlaşan həlledici mərhələ ərəfəsində erməni terrorizminin mövcudluğunu təmin edən kənar qaynaqların bloklanması prosesinə start verilib. Və bu prosesin sonunda Cənubi Qafqazda sabitlik dövrünün başlayacağı qətiyyən şübhə doğurmur.
Ona görə də, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşünün hansı nəticələrlə sona çatacağı da böyük əhəmiyyət daşıyır. Çünki bu görüşün uğursuz olması üçün bəzi beynəlxalq güc mərkəzləri əlillərində olan son imkanları da işə salmağa çalışırlar. Rusiyanın sifarişi ilə Azərbaycanın Xankəndi və ətraf bölgəsində erməni separatçı-terrorçuların törətdiyi son silahlı təxribatlar da bunu təsdiqləyir.
Ancaq hələlik Kreml və erməni separatçı-terrorçular öz hədəflərindən çox-çox uzaqdırlar. Azərbaycan ordusunun sərt reaksiyası və sarsıdıcı cavab zərbəsi xaos ssenarisinə ümid bəsləyənləri ciddi şəkildə məyus edib. Və Ağ Ev rəsmilərinin Vaşinqton görüşü ilə bağlı Cənubi Qafqazda sülhə inamın artdığına yönəlik açıqlamaları Rusiya başda olmaqla, regional xaosda maraqlı olan kənar güclərin məğlubiyyət ərəfəsində olduğunu göstərir.
Ermənistan Cənubi Qafqazda erməni terrorizminin müdafiə olunmasını hələ də beynəlxalq müstəviyə çıxartmağa çalışır. Baş nazir Nikol Paşinyanın Xankəndi və ətraf bölgədə erməni təxribatına Azərbaycanın verdiyi sərt reaksiyadan şikayətlənməsi rəsmi İrəvanın Ermənistanın himayədarlarına olan ümidlərini hələ tam itirmədiyini sezdirir.
Erməni baş nazir beynəlxalq ermənipərəstləri dərhal hərəkətə keçməyə çağırır: “Beynəlxalq ictimaiyyəti "Qarabağ xalqı"nın hüquqlarını və təhlükəsizliyini təmin etmək üçün əməli addımlar atmağa çağırırıq. Laçın dəhlizi qeyri-qanuni olaraq bağlanıb, Azərbaycan ordusunun PUA-lardan istifadə etməklə, hücumu nəticəsində 4 nəfər itki var. Cənubi Qafqazda sabitliyin pozulması riski yüksəkdir”.
Rəsmi İrəvan hələ də anlaya bilməyib ki, Cənubi Qafqaz Ermənistanın "kaprizləri" ilə idarə oluna bilməz. Ermənilərin əvvəlcə hərbi təxribatlar törədib, cavabındasa, sarsıdıcı zərbə aldıqdan sonra bütün dünyaya dəstək üçün yalvarması çox absurd bir taktikadır. Və ermənilərin bu iyrənc taktikası artıq işə yaramır, çünki törədilmiş hər bir cinayətin bir qarşılığı mütləq vardır.
Ona görə də, Baş nazir Nikol Paşinyanın erməni separatçı-terrorçular tərəfindən törədilən silahlı təxribata verdiyi sərt hərbi reaksiyaya görə Azərbaycanı ittiham etməyə çalışması tamamilə mənasızdır. Rəsmi Bakı bundan sonra da erməni terrorizminə qarşı ən qətiyyətli addımlar atmaqda davam edəcək. Bu, Azərbaycan dövlətinin beynəlxalq hüquq normaları ilə təsbit olunmuş suveren hüququdur.
Erməni baş nazirin Cənubi Qafqazda sülhün və sabitliyin pozulma riski ilə beynəlxalq ictimaiyyəti şantaj etmək cəhdi reallıqdan uzaqdır. Çünki məhz Azərbaycan ordusu Cənubi Qafqazda sülhü və sabitliyi təmin edən yeganə regional güc mərkəzidir. Və regionda erməni terrorizmi hər dəfə baş qaldırdıqda, məhz Azərbaycan ordusunun "dəmir yumruğu" onu əzəcək.
Ancaq rəsmi İrəvan doğrudan da Cənubi Qafqazda sülhün və sabitliyin pozulma riskindən narahatdırsa, onda ilk növbədə Azərbaycanın Xankəndi və ətraf bölgəsində qalmış Ermənistan ordusunun tör-töküntülərini çıxartmalıdır. Əks halda, Vaşinqtonda, Brüsseldə və ya hər hansı başqa məkanda keçirilən sülh danışıqları Ermənistan üçün elə bir ciddi nəticə verməyəcək. Yəni, regionda sülhə və sabitliyə ən ciddi problem Ermənistanın provokativ davranışlarıdır. Halbuki, Cənubi Qafqazda sülh və sabitliyin mövcud olması indi hamıdan çox məhz Ermənistana lazımdır.
Bütün bunlara baxmayaraq, rəsmi İrəvan hərbi təxribat və sülh prosesindən uzaqlaşma mövqeyində israr edir. Əsas səbəb isə Fransanın Ermənistana tam dəstək verməsi ilə birbaşa bağlıdır. Əgər, Rusiya və Fransa Cənubi Qafqazda sülh prosesinə qarşı əngəlləyici mövqe tutmasalar, hər yerdən ümidi kəsilmiş Ermənistan sülh sazişini dərhal imzalamaq məcburiyyətində qalardı. Hələlik isə rəsmi Paris Ermənistana fəal şəkildə dəstək verir, Azərbaycana isə birbaşa düşmənçilik edir.
Fransa prezidenti Emmanuel Makronun son açıqlaması isə rəsmi Parisin ermənipərəst olmasının növbəti açıq etirafıdır. Belə ki, prezident Emmanuel Makron Marseldə erməni diasporunu məmnun etməyə çalışıb: "Mən Paşinyandan daha çox Əliyevə təzyiq göstərirəm. Mən "artsax" məsələsində dəqiq mövqeyi olan yeganə siyasətçiyəm. Mənim "artsax" və Ermənistan ilə bağlı qətiyyətli mövqeyimə şübhə etməyinizə heç bir ehtiyac yoxdur. Mən hətta tək qalsam belə, bu məsələnin beynəlxalq gündəmdə qalması üçün əlimdən gələn hər şeyi edəcəm".
Göründüyü kimi, prezident Emmanuel Makron ermənipərəst olduğunu, Cənubi Qafqazda sülh prosesini pozmaq üçün əlindən gələn hər şeyi etdiyini açıq şəkildə etiraf edir. Birincisi, prezident Emmanuel Makronun Azərbaycan lideri İlham Əliyevə təzyiq göstərməsi barədə iddiaları şişirdilib və reallıqdan uzaqdır. O, belə təzyiqlərə yalnız cəhd göstərib. Cavabındasa, prezident İlham Əliyevin sərt reaksiyası ilə üzləşib. Azərbaycan prezidenti İlham Əliyevin Fransanın Cənubi Qafqazdakı geopolitik proseslərdə iştirakını bloklaması da E.Makronun yalan danışdığını təsdiqləyir.
Fransa prezidenti belə yalanlara məcburdur. Çünki Fransa erməni diasporu Makronun seçki kampaniyasını maliyyələşdirib, onun prezident seçilməsində ermənilərin önəmli rolu olub. Ona görə də, prezident Emmanuel Makron erməni diasporunun siyasi girovuna çevrilib. Azərbaycan prezidenti onun təzyiq cəhdlərinə əhəmiyyət vermədiyindən E.Makron aciz duruma düşüb. İndi özünə haqq qazandırmaq üçün müxtəlif yalanlar uyduraraq, erməni diasporu qarşısında hesabat verməyə çalışır.
Əslində, hazırda prezident Emmanuel Makronun siyasi karyerası erməni diasporunun dəstəyinə ciddi şəkildə möhtacdır. Hətta hesab etmək olar ki, indi Fransada erməni diasporundan başqa prezident Emmanuel Makronun elə bir ciddi ictimai dəstəyi qalmayıb. Fransa artıq uzun müddətdir ki, kütləvi iğtişaş məkanına çevrilib. Fransa polisinin 17 yaşlı gənci öldürülməsindən sonra isə kütləvi iğtişaşlar daha güclənib. Ona görə də, prezident Emmanuel Makron öz hakimiyyətini qorumaq üçün hazırda polis qüvvələrinə arxalanaraq, Fransada əsl diktatura qurmağa başlayıb.
Bütün bunlarla yanaşı, Fransanın daxili problemlərini həll etməli olan prezident Emmanuel Makron erməni terrorizminin əsas beynəlxalq dəstəkçisi rolunda çıxış edir. Fransa diktatoru erməni terrorizminin "hüquq və azadlıqlar"nın "dərd"ini çəkir. Bu baxımdan, Fransa diktatorunun Azərbaycana savaş açmasına rəsmi Bakının sərt reaksiyası yəqin ki, özünü çox gözlətməyəcək.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu