Fərziyyələr...Politoloq Asif Adildən SENSASİON YAZI

 

Etiraf etməliyik ki, siyasət bütün dövrlərdə ictimaiyyətin diqqətini çəkən ən populyar sahələrdən biridir. Bu mənada siyasi münasibətlər müstəvisində daim müxtəlif qalmaqalların yaşanması da təsadüf deyil. Bəli, bu qalmaqalların böyük əksəriyyətinin səbəbləri süni xarakterlidir, ancaq onların süni olması bəzən heç də gərginliyi azaltmır. Əlbəttə ki, əlahəzrət “siyasət”, eyni zamanda sosial şəbəkələrin də “şah” mövzusudur. Sosial şəbəkələr kontekstində öz populyarlığına görə “siyasətlə” müqayisə oluna və “rəqabətə” çıxa biləcək sahə yalnız “şou-biznesdir”.

Bu cür müqayisə heç də təsadüfi aparılmayıb: necə ki, bəzi “sənətkarlar” şou-biznesdə öz adlarını yalnız qalmaqal sayəsində yaşada bilirlər, eyniliklə bəzi demaqoq vətənşivənlər də öz adlarını siyasətdə yalnız qalmaqal və təxribatlar sayəsində yaşadırlar. Əslində qeyd olunan təsbit bir çox məsələlərə aydınlıq gətirir və qəliz təhlillərin aparılmasına ehtiyac belə yaranmır.

  Sosial şəbəkələr artıq real həyatın əksinə çevrilib"

Bu məqamda siyasi radikalların sosial şəbəkələr üzrə fəaliyyətinin əsas düsturunu xatırlamaq yerinə düşər. Belə ki, radikalların sosial şəbəkələrdəki “bir təhqir – bir layk” düsturlu siyasi davranışı artıq hər kəs üçün çox aydın şəkildə bəllidir. Sosial şəbəkələrin ucuz “layk cəngavərləri” olan radikallar internet istifadəçilərinin diqqətini cəlb etmək və hətta sadəcə bir “layk” xətrinə belə milli maraqları satmağa hazırdırlar. Zatən bu cür halların dəfələrlə şahidi olmuşuq və biz bilirik ki, demaqogiyanın peşəkar siyasi münasibətlərə heç bir aidiyyəti yoxdur.   

Odur ki, siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs üçün aydın olmalıdır ki, pozucu mahiyyətli radikal təfəkkür sosial şəbəkələri yalnız manipulyasiya və təxribatların reallaşdırılması üçün istifadə edir. Yəqin ki, hər kəs üçün son dərəcədə aydındır ki, manipulyasiya və təxribatın əsl demokratik münasibətlərə heç bir aidiyyəti yoxdur və qeyd olunan məfhumlar siyasətdə sağlam münasibətlərin meyarları ola bilməzlər. Bir daha vurğulayaq, hər kəs üçün əlçatan və istifadədə kütləvi hesab olunan internet məkanı bu cür siyasətçilər üçün sadəcə manipulyasiya alətidir. Qalmaqal isə manipulyasiyaların ən ucuz metodudur. “Narahat” edən qərəzli siyasi qalmaqalların yaranması səbəbləri bu qədər asan şəkildə izah oluna bilər.       

Bəzilərinin siyasi davranış və fəaliyyətinə diqqət yetirəndə adama elə gəlir ki, qəssablıqla cərrahlıq arasındakı fərqi duymayanlar nədənsə daha asan olduğunu zənn etdikləri siyasətə pənah gətirirlər. Heç şübhəsiz ki, bu cür davranışın bircə səbəbi var – məsuliyyətsizlik. İnternetin əlçatanlığı isə həmin bu məsuliyyətsizliyi xroniki xəstəliyə çevirib. Bu cür siyasətciklərin “kirli” davranışı səbəbindən siyasi münasibətlər peşəkarlıqdan uzaqlaşaraq sürətlə dibi olmayan quyuya yuvarlanıb gedir. Bəzən elə təəssürat yaranır ki, bu demaqogiya “aşiqlərinin” inkişafdan və dünyada baş verən dəyişikliklərdən xəbərləri belə yoxdur.

Məhkəmədən Əli Kərimli barəsindəQƏRAR

Yuxarıda qeyd olunanlar müstəvisində radikal təfəkkürün mahiyyətini aşkar etmək üçün ölkənin siyasi həyatında yaşanan bir maraqlı epizodu qeyd etməklə, məsələ ilə bağlı fərqli fərziyyələri müəyyənləşdirməyə çalışacağıq. Belə ki, AXCP-nin sabiq üzvünün şikayətinə əsasən Əli Kərimli ilə bağlı məhkəmə prosesi başlanıb. Şikayət AXCP Nəzarət Təftiş Komissiyasının keçmiş sədri tərəfindən verilib. Xüsusi olaraq və bir daha vurğulayaq ki, şikayətçi partiyanın sıravi üzvü deyil, məhz Nəzarət Təftiş Komissiyasının keçmiş sədri, yəni faktiki olaraq partiyanın rəhbərliyində təmsil olunmuş şəxsdir. Bu fakt özü-özlüyündə ondan xəbər verir ki, partiyanın daxilində gizli şəkildə cərəyan edən, ancaq mahiyyət etibarı ilə çox ciddi olan ixtilaf prosesləri yaşanmaqdadır. Əslində, ötən dövr ərzində biz dəfələrlə AXCP-dən qalmaqallı istefalara şahidlik etmişik. Onu da bilirik ki, bu partiyadan qopanlar daha sonra keçmiş silahdaşları tərəfindən hətta şantaj da olunublar. Razılaşın ki, partiya daxilində bu cür münasibətlərin mövcudluğu gizlədilməyə çalışılan hansısa rəzil məqamlardan, qeyri-sağlam mühitin varlığından xəbər verir.

Əli Kərimli satqınlığın və xəyanətin simvoluna çevrilib

İndi isə məhkəmə prosesinin təfərrüatlarından kənarda dayanaraq, yaşanan bu siyasi olayın kimə daha çox sərf etdiyini göstərən bir neçə fərziyyəni qısa şəkildə tezislərlə müəyyən etməyə çalışaq.  

Fərziyyə 1. Əli Kərimlinin “məzlum” obrazında son dövrlərdə yırtıqlar əmələ gəlib. Onun bu obrazı kifayət qədər sürtülüb yeyilmişdir. Odur ki, bu obrazın təzələnməsi ilk növbədə Kərimlinin özünə lazımdır. Məhkəmə qalmaqalı isə məhz sözügedən məqsədə xidmət edir.

Fərziyyə 2. Kərimlinin son bir neçə ay ərzindəki ritorikasına diqqət yetirsək görə bilərik ki, o, çəkinmədən “prinsipial” müxalifət düşərgəsinin bayraqtutanı statusuna şəxsi iddialarını açıq şəkildə bildirir. Əlbəttə ki, sözügedən hal müxalifətdə olan digər siyasi partiya rəhbərlərini, xüsusilə də seçkilərə fəal şəkildə qoşulmuş partiya sədrlərini,   düşündürməyə bilməz. Odur ki, Kərimli ilə bağlı olan olayların məhz seçkilərin təbliğat-təşviqat mərhələsində yaşanması müxalifət düşərgəsində özünü siyasi vahid kimi təsvir edən bəzi digər siyasi partiya rəhbərlərinin marağında olmaya bilməz.

Fərziyyə 3. Tamamilə anlaşılandır ki, bəzi şəxslərinin AXCP-nin rəhbərliyində uzun illər ərzində təmsil olunmalarına rəğmən ötən müddət ərzində heç bir ciddi siyasi divident əldə edə bilmədikləri üçün səbirlər tükənə bilər. Odur ki, sözügedən qalmaqalın yaranması və Kərimlinin ən azından müəyyən müddət ərzində aktiv siyasətdən uzaqlaşdırılması kimi məsələlər eyni zamanda sözügedən partiyanın rəhbərliyində təmsil olunan və gizli qruplaşmaların yaranmasına müvəffəq olmuş şəxslərin də marağındadır. 

Fərziyyə 4. Sözügedən məhkəmə olayının Avropa İttifaqının Bakıdakı ofisində radikal müxalifət nümayəndələri ilə təşkil olunmuş görüşlə təqribən eyni zamanda baş verməsinin də təsadüfi olduğuna inanmaq çətindir. Zatən hər kəs çox gözəl bilir ki, bizim zavallı radikallarımız onlar üçün yazılan ssenariyə uyğun olaraq hərəkət edirlər. Odur ki, məhkəmə qalmaqalının eyni zamanda Qərbin ssenarisinin bir hissəsi olmasını da istisna etmək olmaz.

Əlbəttə ki, biz digər fərziyyələri də müəyyən edə bilərik. Ancaq son dərəcədə aydındır ki, xüsusi çətinliklər yaşanmadan və rəvan cərəyan edən seçki prosesində hər hansı bir qalmaqalın yaşanmasında maraqlı olmayan bir tərəf varsa da, o da hakimiyyətdir. Ölkənin sıravi vətəndaşı bu bəsit həqiqəti bilməlidir.

politoloq Asif Adil

19.08.2024 13:02
1423